İvasadan ilk qələbə

Pol Rikar trasında Formula2 çempionatında mövsümün 9-cu mərhələsi bazar günü əsas yarışla başa çatıb.

Pouldan start alan Loqan Sarcent təkərlərin izafi fırlanmasına yol verib və nəticədə onu Cək Duhən və Ayumu İvasa qabaqlayıblar, 4-cü yerdən start alan İvasa uzun düzlükdə DRS-siz Duhənə hücum edərək liderliyə yüksəlib.

İlk onluq elə 10-cu dövrədən sonra məcburi pit stopa yollanmağa başlayıb və ilk olaraq bərk təkərlərə Teo keçib. Loqanın boksa səfəri isə uğursuz alınıb – ilişmə muftası imtina etdiyi üçün sürücü trasa qayıda bilməyib. Duhən boksdan Purşerin önündə çıxsa da, təkərlərini qızdırmış fransalı sürücü irəli çıxa bilib.

Yarışın ortasında İvasa da boksa yollanıb və demək olar ki, heç nə itirməyib. Qarşısındakı sürücülər də boksa yollandıqdan sonra yaponiyalı sürücü liderliyi özünə qaytarıb və 2-ci yerə yüksəlmiş Teo Purşerdən sürətlə uzaqlaşmağa başlayıb.

Duhənin Purşerə hücumu isə avstraliyalı sürücünün təhlükəsizlik zonasına səyahəti ilə yekunlaşıb və fürsətdən Vesti yararlanaraq 3-cü yerə yüksəlib.

Yumşaq təkərlərə keçən Druqoviç yarışın son fazasında trasda ən sürətli sürücü olub. Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü boksdan 8-ci yerdə trasa qayıtsa da, bir-birinin ardınca sürətli dövrələr vuraraq rəqiblərini arxada qoyub. Finişə 2 dövrə qalmış Duhəni də arxada qoyan Druqoviç 3 saniyə öndə olan Vestiyə çatmağa cəhd edib – təəssüf ki, podiumun son pilləsi uğrunda mübarizə 0.366 saniyə geridə başa çatıb.

Amma bu nəticə ilə Druqoviç gələn həftə baş tutacaq Macarıstan yarışına mövsümün lideri kimi yollanıb – braziliyalı sürücü Puşeri 39 xal qabaqlayır.

Qələbəyə isə Formula2-də ilk dəfə Red Bull Akademiyasının gənc sürücüsü Ayumu İvasa sevinib. ART GP komandasının sürücüləri Purşer və Vesti isə podiumu tamamlayıblar…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*