İvasa mövsümdə ilk qələbəsini qazanıb

Səudiyyə Ərəbistanında gənc sürücülərin Formula2 çempionatında mövsümün 2-ci mərhələsi davam edir. Bu gün çempionat iştirakçıları qısa (sprint) yarışda qalibi müəyyən ediblər.

F-1.az xəbər verir ki, pouldan start alan Ceyk Krouford ilk döngəyə qədər liderliyini qoruya bilib. ikinci yerə isə 4-cü yerdən start almış Ayumu İvasa yüksəlib – yaponiyalı sürücü Ralf Boşunq və Kuş Mainini qabaqlayıb. Yaponiyalı sürücünün dərhal liderliyi ələ almaq cəhdi əvvəlcə alınmasa da, 2-ci dövrənin əvvəlində Ayumu liderliyi ələ alıb.

Artıq 5-ci dövrədə Boşunq da Kroufordu arxada qalaraq İvasaya hücumlar hazırlamağa başlayıb. Bu arada Maini Cehan Daruvala və Oliver Birmanı da irəli buraxıb. Növbəti dövrədə isə Kuş dünən poul qazanmış və bu gün 10-cu yerdən start almış Viktor Marteni də irəli buraxmalı olub.

Daha bir dövrə sonra komanda yoldaşının ardınca Teo Purşer də Kuşu arxada qoyub. Amma Teonun növbəti dövrədə Viktora hücumu fransalı sürücünün Oliver Birmana çırpılması ilə nəticələnib – hər iki sürücü üçün mübarizə başa çatıb…

20 dövrəlik yarışın düz ortasında verilən restartda Viktor əla manevrlə Kroufordu üstələyib, Daha sonra isə Ceyk Kuşu da buraxmalı olub.

13-cü dövrədə Cehan da uzun düzlüyün sonunda Ralfa maksimum yaxınlaşıb və ilk döngələrdən sonra irəli çıxa bilib. Hindistanlı sürücü fürsətdən istifadə edib bir qədər uzaqlaşmış Ayumuya çatmaq üçün sürətini artırıb.

Növbəti dövrədə isə 1-ci döngədə Marten slip strimlə Boşunqu arxada qoyub və podiumu özünə təmin edib. Amma fransalı sürücü qələbə qazanmaq əzimində olub.

Artıq 15-ci dövrədə ilk üçlük gərgin mübarizəyə başlayıb. Cehanın ilk cəhdi trasdan çıxmaqla liderliyə yüksəlməsi ilə nəticələnib – bu ildən Niderlandın istehsal etdiyi Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının şərəfini qoruyan Cehan məcburən mövqeyini geri qaytarmalı olub.

17-ci dövrədə isə Cehanın xarici radiusla Ayumuya hücumundan Viktor məharətlə yararlanıb və 2-ci yerə yüksəlib.

Son dövrələrdə Viktorun bütün hücumlarını məharətlə ədf edən Red Bull Akademiyasının dinləyicisi Ayumu İvasa mövsümdə ilk qələbəsini qazanıb. Podiumu isə sürətli dövrə ilə Viktor Marten və Cehan Daruvala tamamlayıblar.

Bazar günü Bakı vaxtı ilə saat 17:15-də başlayacaq əsas yarışla həftəsonuna yekun vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*