İtaliya mətbuatı: Mercedes Ferrari-yə müharibə elan edib

Formula1-in yeddi iştirakçısının Ferrari komandasına qarşı vahid cəbhədə birləşməsi İtaliyada birmənalı qarşılanmayıb.

F-1.az xatırladır ki, Ferrari-nin keçənilki güc qurğusu ilə əlaqədar araşdırmanın gizli nəticələri ilə bağlı FİA-nın razılaşmasından sonra çempionatın 7 iştirakçısı federasiyadan araşdırmanın nəticələri barədə izahat tələb etmişdi. Yalnız bundan sonra FİA araşdırmanın nəticələrini gizli saxlamaq hüququna malik olduğunu komandalara xatırlatmışdı.

Ferrari-ni, xüsusən də son illərdə uğursuz çıxışlarına görə tez-tez tənqid edən İtaliya mətbuatı bu qarşıdurmada Skuderiyanın tərəfini tutub. Bu gün bəzi nəşrlər Mercedes-in Ferrari və FİA prezidenti Jan Todta qarşı müharibə elan etməsini manşet başlıqlara çıxarıblar.

“Ferrari və FİA mühasirədədir, – deyə Corriere della Sera car çəkib. – Dünən Formula1-də səhər saat 11-də müharibə elan olundu – Melburnda mövsümün ilk mərhələsinə cəmi on gün qalmış. Toto Volffun federasiya və Ferrari-yə qarşı apardığı kampaniya 100%-lik dəstək aldı.

FİA-nın federasiya və Ferrari ilə razılaşmanın iki tərəf arasında qalacağına dair açıqlamasında, əlverişsiz vəziyyətdən çıxış yolu verən bir kompromis oxundu. Bununla birlikdə, Mercedes yalnız Williams və Racing Point müştəri komandalarını deyil, həm də Red Bull, AlphaTauri, McLaren və Renault-nu öz tərəfinə cəlb edərək açıq və qeyri-adi bir etiraz formalaşdıra bildi. On komandadan yeddisi Ferrari-yə qarşı mübarizə aparır. Məhkəmə araşdırmaları ilə təhdid edirlər. Siyasi təsir və pul ortaya qoyulub.

Mühasirə əməliyyatının məqsədi yalnız Maranello deyil, keçmiş komandasına qarşı çox yumşaq davranmaqda günahlandırılan FİA prezidenti Jan Todt da hədəfdədir”.

Gazzetta dello Sport da eyni fikirdədir: “Artıq müharibə elan olundu! Siyasi təsir və pul uğrunda müharibə! Ferrari qaydaları pozmaqda günahkar bilinərsə, komandanın 2019-cu ildə ikinci yeri tutması və mükafat ödəmələri sual altına alınacaq.

Ancaq bunun arxasında daha bir şey gizlənə bilərmi? Ola bilərmi ki, Maranelloda mühəndislər qaydalarda boşluq tapıblar və bundan faydalanıblar?”

La Republica qəzeti Ferrari ilə razılaşmada federasiyanın öz zəif tərəflərini gizlətməyə çalışdığı qənaətindədir: “Baş verənlər FİA-nın acizliyini göstərdi. Tənzimləmə orqanının hər komandada onlarla mühəndisin hazırladaığı mürəkkəb texniki yenilikləri təftiş üçün nə texniki, nə də kadr imkanları yoxdur…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*