Haas gələn ilin bolidinə fokuslanıb

Haas komandası 2017-ci ilin bolidinin inkişafına fokuslanıb.

F-1.az xatırladır ki, gələn il texniki reqlamentdə çoxlu yeniliklər olacaq və buna görə də bəzi komandalar 2017-ci ilin bolidi üzərində daha tez işləməyə başlayıblar. Haas da bu addımı ilk atan komandalardandır. Komandalar həftə ərzində aerodinamik borudan 65 saat istifadə edə bilərlər və Autosport-un verdiyi xəbərə əsasən, Haas bu haqlarının hamısını gələn ilin bolidi üçün istifadə edir.

Amerikalılar son iki ay ərzində bir neçə dəfə VF-16-nı aerodinamik boruda test edərək daha çox 2017-ci il bolidinə vaxt sərf ediblər. Haas mövsümün ilk 4 yarışından 3-də xal alsa da, get-gedə zəifləməyə başlamışdı və sonrakı 16 yarışdan cəmi ikisində xal ala bilib.

Roman Qrojan: “Bu il tempimiz düşdü, çünki 2016-cı il bolidini aerodinamik boruda çox test etmədik. Orada başqa boliddən istifadə etdik və gələn il üçün hazırlaşdıq. Komandaya qoşulanda ikinci mövsüm daha yaxşı, üçüncü mövsüm isə ondan da yaxşı olmağı planlaşdırırdıq və bu plan hələ də etibarlıdır. Görməli çox işimiz var və biz ciddi formada işimizlə məşğuluq. Bundan başqa, tras üzərində də pis performans göstərmirik.

Komandaya yeni işçilər gəldi. Komanda böyüyür və deyəsən, gələn il daha güclü olacayıq”.

Fransalı sürücü inanır ki, Haas komandası problemləri həll etmək üçün məlumatları tez toplayacaq: “Keyfiyyətli məlumatları tapmaq vaxt apardı. İlk mövsümdə bəzi zəif yerlərimizi tapdıq və bunun üçün detallar təkmilləşdirilməlidir. Toplanan məlumatlar və reaksiyalar daha yaxşı vəziyyətə gətirilməlidir. Bu mövsüm bunları öyrəndik. 21 yarış var və hər həftəsonu yarışan bizik. Buna görə də məlumat toplamaq asan deyil. Boliddə çoxlu Ferrari detalı var və biz bunları Haas paketində işlətməliyik. Bütün bunlar vaxt alacaq, amma bu yöndə inkişaf etməliyik.

Birinci və ikinci sərbəst yürüşlər arasında boliddə nəsə olsa, bunu şənbə günü həll edə bilmərik. Ya ikinci sessiyada, ya da sessiyadan sonra bunu həll etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*