Ayzek Həcər: “Əlbəttə, belə xəbərlər fonunda işə qayıtmağım çox yaxşıdır. Mən artıq bunu səbirsizliklə gözləyirəm, çünki RB22-nin sükanı arxasında sonuncu dəfə Budapeştdə olmuşdum – elə bil bu, çoxdan idi. Sözsüz ki, Bakı trası mürəkkəbdir və məhz burada yenidən sükan arxasına qayıtmaq o qədər də asan deyil, amma əhvalım əladır, üstəlik müqaviləmin təsdiqlənməsinə də şadam – ümumilikdə hər şey əladır!
Əlim kifayət qədər yaxşı vəziyyətdədir və maşını idarə etməyə imkan verir, mənə də bundan artıq heç nə lazım deyil. Ən çox narahat olduğum məqam yarışları buraxmağım idi, trasdakı mübarizənin yaratdığı təzyiq mənə çatmırdı. Bütün bunları yalnız kənardan izləməli olanda anlayırsan ki, həyat o qədər də maraqlı deyil və geridə qalan bir neçə həftə kifayət qədər darıxdırıcı keçdi, əhvalım yaxşı deyildi və mən sadəcə sükan arxasına mümkün qədər tez qayıtmaq istəyirdim.
Müqaviləmin uzadılması sevindiricidir, amma bu, təbii idi. Mən burada nəyə qadir olduğumu göstərmək üçünəm. Bizim rəqabətədavamlı maşınımız var və mən sadəcə mübarizəyə qayıtmaq, məni qabaqlayan oğlanlarla mübarizə aparmaq istəyirəm – vəssalam.
Zədədən danışsaq, biləyimdəki sümüklərdən birində kiçik çat var idi və bərpa prosesi kifayət qədər uzun çəkdi. Cərrahi müdaxilə tələb olunmadı və hər şey təbii yolla getdiyi üçün bunun üçün vaxt lazım idi. Bəzi ağrılar hələ də qalır, amma artıq demək olar ki, altı həftə keçib və mənə deyirlər ki, əlim kifayət qədər yaxşı vəziyyətdədir və yüklənməyə tab gətirəcək.
Buna əmin olmaq üçün simulyatorda çalışdım və bu testlər kifayət qədər yaxşı keçdi, ona görə də düşünürəm ki, maşının kokpitində də təxminən eyni hisslər olacaq, xüsusən də adrenalinin səviyyəsini və sair məqamları nəzərə alsaq. Məncə, hər şey normal olmalıdır…”





