17 Dekabr 2018, Bazar ertəsi - 09:05

Formula1 tarixi Niko Rosberqin tərəfindədir?

Formula1 tarixi Niko Rosberqin tərəfindədir?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:35 - 20 Aprel, 2016

Tarixin 67-ci dünya çempionatında artıq 3 mərhələ arxada qalıb – tarixə baxdıqda mövsümün ilk üç yarışında qalib gələn sürücülərin mütləq payızda titul qazandıqlarını görərik. Amma Niko Rosberq bu statistikaya ehtiyatla yanaşır…

Çin Qran Prisində qələbə qazanan almaniyalı sürücü tarixdə mövsümün əvvəlində het-trik edən, yəni ardıcıl üç qələbə qazanan onuncu sürücüdür. Ondan əvvəlki 9 sürücü mövsümün sonunda çempion titulunu qazanıb. Amma Niko əmin edir ki, əvvəlki çempionların heç birinin Lyuis Həmilton kimi komanda yoldaşı olmayıb, həm də cari mövsümdə 21 yarış planlaşdırılıb.

Niko Rosberq: “Digər 9 sürücünün heç birinin Lyuis kimi komanda yoldaşı olmayıb, ona görə də müqayisə etməyin yeri yoxdur. Arxada cəmi 3 yarış qalıb, düzdür, üçündə də mən qalib gəlmişəm, amma bizi qarşıda tarixin ən uzun mövsümü gözləyir…”

Bəs Niko haqlıdırmı? F-1.az Britaniyanın nüfuzlu AutoSport.Com resursuna istinadən hər hansı bir sürücünün mövsümə 3 ardıcıl qələbə ilə başladığı digər 9 halı təhlil etdikdən sonra bu nəticəyə gəlib ki, almaniyalı sürücünü sələflərindən fərqli olaraq həqiqətən gərgin mübarizə gözləyir…

Juan Manuel Fangio
Xuan Manuel Fanxio

 

Digər doqquz mövsüm

MövsümSürücüKomandaYarışların sayıStartda ardıcıl qələbə
1953Alberto AskariFerrari93
1954Xuan Manuel FanxioMaserati və Ferrari93
1957Xuan Manuel FanxioMaserati83
1991Ayrton SennaMcLaren164
1992Naycel MənsellWilliams165
1994Mixael ŞumaxerBenetton164
1996Deymon HillWilliams163
2000Mixael ŞumaxerFerrari173
2004Mixael ŞumaxerFerrari185

 

Michael Schumacher
Mixael Şumaxer

 

Kənar rəqabət

Yuxarıdakı cədvəldə yer alan çempionların bəzisi mövsümdə dominantlıq etmişlər, xüsusən də, 1992-ci ildə Mənsell Williams-ın və 2004-cü ildə Şumaxer Ferrari-nin əlçatmaz olduğundan lazımınca yararlanıblar. Cari mövsümdə Mercedes AMG komandası hər bir yarışda favorit qəbul olunsa da, komandanın üstünlük səviyyəsi yuxarıdakı iki halla müqayisə oluna bilməz.

Cədvəldəki digər sürücülər mövsümə inamlı start versələr də, mövsümün ortalarında rəqiblər ya onlara çatıblar, ya da keçiblər.

1992-ci ildə özünü tam göstərən Williams-ın potensialı bir il əvvəl də məlum idi, amma mövsümün əvvəlində xırda texniki problemlər McLaren və Ayrton Sennanın xeyrinə olmuşdu.

Fanxionun hegemonluq etdiyi Maserati komandası Formula2 reqlamenti ilə sıxıldıqları bir vaxtda – 1953-cü ildə Askari Ferrari ilə qələbəyə sevinmişdi. Dörd il sonra Fanxio və Maserati mövsümə inamlı start versələr də, tədricən Stirlinq Moss və Vanwall-a uduzmuşdular.

2000-ci ildə Ferrari və McLaren arasında gərgin mübarizə etibarlılıq problemləri üzündən Miki Həkkineni ardıcıl 3-cü titulundan məhrum etmişdi. Məncə, bu siyahıda 2000-ci ildə ilk 3 yarışda qələbə qazanmış sürücü üçün ən çətin mövsüm olmuşdu.

McLaren Honda
McLaren Honda-nın sürücüləri ilk döngədə mübarizə aparırlar

 

Komanda yoldaşı tərəfindən rəqabət

Yuxarıdakı halların çoxunda ilk 3 yarışda qələbə qazanan sürücülərin komanda yoldaşları ya karyeraları başa çatmaqda olan sürücülər, ya da təcrübəsiz sürücülər olublar.

Senna və Mənsell uyğun olaraq Gerhard Berger və Rikkardo Patrezeni darmadağın etmişdilər, Mixael Şumaxer isə bizim əsrin hər iki mövsümündə Rubens Barrikellodan daşı-daş üstündə qoymamışdı.

Debütant Yos Ferstappen 1994-cü ildə və Jak Vilnöv 1996-cı ildə gələcək çempionlara rəqib ola bilmədilər, hərçənd, Vilnöv uzun müddət titula namizəd idi.

1953-cü ildə Askarinin komanda yoldaşları keçmiş çempion Nino Farina və gələcək çempion Mayk Hotorn idilər, amma heç biri Albertoya müqavimət göstərə bilmədilər

1954-cü ildə Fanxio Mercedes-in yeni maşınını gözlədiyi üçün ilk iki yarışı Maserati-də keçirmişdi, amma hər iki komandada çıxış edən digər sürücülərdən bir baş üstün olmuşdu.

Mercedes AMG
Mercedes AMG sürücüləri – sonda kim qalib olacaq?

 

Nikonu nə gözləyir?

Niko Rosberqi yalnız üçqat dünya çempionu ilə deyil, həm də son iki ildə onu məğlub edən bir sürücü ilə mübarizə gözləyir.

Almaniyalı sürücünün ardıcıl 6 yarışda qələbə qazanmasına baxmayaraq, Niko birgə çıxış etdikləri müddətdə Lyuisə qazandığı qələbələrin sayında uduzur –  Rosberqin 16 qələbəsinə qarşı Həmiltonun 22 qələbəsi var. Həm də unutmayaq ki, ilk iki sıralanma turunda Həmilton poul qazanıb…

Niko Rosberq: “Lyuis həmişə olduğu kimi, əla formadadır – motivasiyası da əvvəlki illərdən yüksəkdir. Mən isə bütün diqqətimi özümdə cəm etmişəm və imkanım daxilində işləyirəm. Hələlik hər şey yaxşı gedir.

Bizi maraqlı mübarizə gözləyir və mən səbirsizliklə bunu gözləyirəm.

Əlbəttə, hazırda mənim cüzi üstünlüyüm var və bu, yaxşıdır. Yəni əksi olmaqdansa, bu, yaxşıdır…”

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Köşə yazıları
Mənbə AutoSport.com
Baxış Sayı 577
Teqlər , , ,
Paylaş

logo