24 Avqust 2019, Şənbə - 06:59

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 30-cu yazı – Ferrari 312 T5

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 30-cu yazı – Ferrari 312 T5

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:12 - 13 Fevral, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 38 gün qalır – 38 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 30-cu yazımızda Skuderiyanın 312 seriyasının son modelindən danışacağıq…

1979-cu ilin uğuru komandanın gücünü sübut etdi, amma eyni zamanda bir daha göstərdi ki, komanda fəlsəfəsini dəyişməlidir. Artıq komanda 15 il idi ki, 3 litrlik motorla çalışırdı, bu illərdən son 10 ildə tətbiq olunan oppozit 12 silindr mühərrik öz dövrünü yaşamışdı. Çempionatın digər komandaları balaca, yığcam və etibarlı Ford Cosworth DFV motorlarından istifadə edirdilər. Ferrari motorunun quruluşu və ölçüləri aerodinamikanın inkişafına məhdudiyyətlər qoyurdu, yeni peyda olan turbo motorlar isə italyanların motorundan da güclü alınmışdı.

Skuderiya adəti üzrə işlənmiş sxemlərdən asanlıqla  imtina edə bilmirdi, məhz buna görə də 1980-ci ildə komanda sarsıdıcı məğlubiyyətə uğradı. Britaniya komandalarının maşınları asfaltayatma qüvvəsinə görə italyanları arxada qoydular – fərq çox böyük idi. Mühəndislər o dövrdə ilk dəfə maşını Pininfarina şirkətinin aerodinamik borusunda da test etdilər, amma bunun da xeyri olmadı.

Britaniyalılardan başqa turbo motor quraşdırılmış Renault maşınları da Ferrari üçün başağrısına çevrilmişdilər. Bu isə Ferrari-yə daha baha başa gəldi – fransız maşınları da qırmızı maşınlar kimi Michelin təkərlərindən istifadə edirdilər. Milli mənsubiyyətinə üstünlük verən təkər ustaları öz məhsullarını turbo mühərriklərin xarakteristikasına adaptasiya etməyə başladılar. Yeni təkərlər Ferrari maşınlarına uyğun gəlmirdi. Bütün bunları görən italyanlar artıq mövsümün gedişində turbo motorla təchiz olunmuş 126С modelini hazırlamağa başladılar, hətta İtaliya Qran Prisinin sıralanma turunda test də etdilər, amma starta çıxarmadılar.

Ferrari 312 T5 modeli həm 312-ci seriyanın, həm də köndələn ötürmələr qutusu olan T seriyasının son modeli oldu. Düzdür, komanda 1977-ci ildə 312 T6 adlı bir modeli test etmişdi, amma burada 6 rəqəmi maşının təkərlərinin sayını ifadə edirdi. O zaman çempionatda müəyyən uğur qazanan Tyrrell P34 bəzi komandaları altıtəkərli maşın hazırlamağa ruhlandırmışdı, amma italyanların modeli o qədər problemli alınmışdı ki, eksperiment heç davam etdirilməmişdi.

 

FERRARİ 312 T5

Ferrari, Scuderia Ferrari, Ferrari 312 T5, 1980

 

1979-cu ilin uğurundan ruhlanan komanda mövsümün sonunda qarşıdakı mövsüm üçün hazırladığı modeli təqdim etmişdi – Ferrari 312 T5. Komanda əmin idi ki, maşının burnundakı 1 rəqəmini hələ uzun müddət özündə saxlaya biləcək. Amma mühəndislərin proqnozları hələ bu qədər səhv olmamışdı – yeni maşının ən yaxşı nəticəsi 5-ci yer oldu.

Yeni maşına sürət çatmırdı, onun aerodinamikası rəqiblərlə müqayisədə çox köhnəlmişdi, yarım-monokok tipli kuzov mühəndislərin əl-ayağını bağlamışdı. Komanda bir neçə xal toplayaraq əsas rəqiblərinə uduzdu. Bu uğursuzluğu görən Entso Ferrari dərhal atmosfer mühərriyindən turbo motora keçməyə qərar verdi – Maranello bir il idi belə motor üzərində çalışırdı.

Əslində, Ferrari 312 T5 keçənilki maşının modernizə olunmuş variantı idi. Əgər bir il əvvəl komandanın sürücüləri Codi Şekter və Jil Vilnöv öz aralarında titul uğrunda mübarizə aparırdılarsa, 1980-ci ildə cəmi 5 dəfə ilk altılığa düşə bildilər, ən yaxşı nəticə isə 5-ci yer oldu. Çempionatın gedişində vəziyyət yarışdan yarışa daha da pisləşirdi. Sondan əvvəlki Kanada Qran Prisində isə Şekter heç sıralanma turundan keçə bilmədi – afrikalı sürücü mövsümün son yarışından sonra karyerasını başa vurdu.

Mühəndislər Kubokunda cəmi 8 xal toplayan Ferrari yalnız uzun fasilədən sonra çempionata qayıtmış Alfa Romeo-nu qabaqlaya bildi. Hər iki çempionatda isə Williams komandası sevinən tərəf oldu – sürücülərin yarışında Alan Cons Brabham komandasının sürücüsü Nelson Pikeni qabaqladı…

 

FERRARİ 312 T5-iN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 312 T5, 1980

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1980-ci il 14270005

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 8. 596
Teqlər ,
Paylaş

logo