20 Avqust 2019, Çərşənbə axşamı - 17:29

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 27-ci yazı – Ferrari 312 T2

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 27-ci yazı – Ferrari 312 T2

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:12 - 10 Fevral, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 41 gün qalır – 41 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 27-ci yazımızda Skuderiyaya titullar qazandıran 312 T2 modelindən danışacağıq…

1975-ci ildə Ferrari 312 T modelinin uğurundan sonra komandanın mühəndisləri qüvvəyə minən yeni texniki reqlament çərçivəsində tam yeni maşın hazırlamalı oldular.

Reqlamentdə yer alan əsas dəyişiklik maşının hündürlüyünün məhdudlaşdırılması idi – komandalar sürücünün başı üzərindəki periskop tipli hava kanalından imtina etməli oldular. Mauro Forqyeri motoru soyutmaq üçün kokpitin kənarlarına iki NACA tipli hava kanalı qoymağa məcbur oldu. Kifayət qədər hava kütləsini motora yönəltmək üçün maşının təkər bazası 42 mm artırıldı. İlk yarışlara yeni maşın de Dion arxa asılqanları ilə çıxsa da, sonra mühəndislər ənənəvi varianta üstünlük verdilər.

Yeni maşın çempionatın təqvimində olmayan Brənds Hətçdə keçirilən Çempionlar Yarışında debüt etdi və iki aydan sonra çempionatın startına çıxdı. Həmin vaxta qədər Ferrari-nin sürücüləri keçənilki maşınla keçirilən 3 yarışda 3 qələbə qazanmışdılar – keçənilki maşın reqlamentə uyğun gəlmədiyi üçün çempionatın təşkilatçılarından xüsusi icazə alınmışdı. Yeni maşın sələfindən geri qalmırdı.

Düzdür, İspaniya Qran Prisində yeni maşının debütü Niki Laudanın üzündən gözlənilən kimi alınmamışdı – avstriyalı çempion evinin yanındakı bağda traktorun idarəetməsini itirərək aşmışdı və iki qabırğasını sındırmışdı. Həkimlər 5 həftəlik müalicə kursu nəzərdə tutsalar da, Niki sükan arxasına keçmiş və yeni maşınla finişdə ikinci olmuşdu.

Bundan sonra baş verənlər isə hamıya yaxşı məlumdur, xüsusən də Yarış (Rush) filmi sayəsində. Lauda inamla çempionata başçılıq edirdi, amma Nürburqrinqdə keçirdiyi qorxunc qəzadan sonra iki yarış buraxmalı oldu. Güclü yanıqların olmasına baxmayaraq 6 həftədən sonra sükan arxasına qayıdan Niki son yarışa qədər çempionatda liderlik etsə də, yağışlı Fudzidə mübarizədən imtina etməklə titulu əldən verdi. McLaren-in sürücüsü Ceyms Hant titulu qazansa da, Mühəndislər Kuboku Ferrari-də qaldı.

 

FERRARİ 312 T2

Ferrari, Scuderia Ferrari, Ferrari 312 T2, 1976-1978

 

Ferrari-nin qızıl dövrü davam edirdi, yeni hazırlanmış 312 T2 modeli 1976-1977-ci illərdə komandaya iki Mühəndislər Kuboku qazandrdı. 1976-cı ildə Niki Lauda son yarışda titulu əldən versə də, 1977-ci ildə avstriyalı sürücü ikinci titulunu bayram etdi.

Qeyd etmək lazımdır ki, sələfindən fərqli olaraq yeni maşının rəqibləri üzərində üstünlüyü böyük deyildi və qraund-effekt tətbiq olunmuş inqilabi Lotus 78 modelindən çox geri qalırdı. Amma buna baxmayaraq, qırmızı maşınlar etibarlılığı ilə seçilirdilər. 1977-ci ildə Lauda-Röyteman cütlüyü, demək olar ki, bütün yarışlarda xal aldıqları halda rəqibləri tez-tez mübarizəni yarımçıq dayandırmalı olurdular. Ona görə də Cənubi Afrikada, Almaniyada və Hollandiyada qazanılan qələbələr avstriyalı sürücüyə ikinci titulunu qazanmağa kifayət etdi.

312 T2-nin uğurları isə 1978-ci ildə də davam etdi. Komanda mövsümün ilk iki yarışına bu maşınla qatıldı və Karlos Röyteman Braziliyada hamını təəccübləndirdi – komanda keçənilki Goodyear təkərlərindən radial Michelin təkərlərinə keçsə də, maşın sürətini itirməmişdi.

 

FERRARİ 312 T2-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 312 T2, 1976-1978

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1976-cı il12233391
1977-ci il173324161
1978-ci il 240111

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 5. 691
Teqlər ,
Paylaş

logo