Ferrari-nin təkamülü (1950-2016-cı illər): 26-cı yazı – Ferrari 312 T

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 42 gün qalır – 42 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 26-cı yazımızda komandanın 11 illik titul həsrərinə son qoyan 312 T modelindən danışacağıq…

Ferrari komandası 1974-cü ildə titulu son yarışda əldən verdi, amma nəticələr göstərirdi ki, konstruktor Mauro Forqyeri düzgün yoldadır. Amma 312 B3 modelinin potensialı qurtarmışdı və 1974-cü ilin sonunda Maranelloda mətbuata yeni Ferrari 312 T modeli göstərildi – Forqyeri bu modeli 1973-cü ildə işdən kənarlaşdırılarkən hazırlamağa başlamışdı.

Yeni modelin ürəyi əvvəlki kimi 3 litrlik 12 silindrli oppozit motor idi, modelin adındakı T hərfi isə yeni ötürmələr qutusunun şərəfinə idi: qutu motora köndələn birləşmişdi (italyanca trasversale), bunun sayəsində Forqyeri maşının uzunluğunu xeyli qısaltmışdı.

Maraqlıdır ki, komanda rəhbərliyi tərəfindən yenidən etimad qazanan Forqyeri proqressiv monokok tipli şassidən yoxlanılmış kuzov tipinə qayıtmışdı – maşın polad borulu rama üzərində yığılmış və alüminium lövhələrlə bərkidilmişdi. Bundan başqa, maşının önündə və arxasındakı antiqanadlar daha enli forma almışdılar, maşının forması maksimum asfaltayatma qüvvəsi hasil etməyə yönəlmişdi. Məhz bu konsepsiyanı Forqyeri ilk dəfə eksperimental Ferrari 312 B3 S modelində yoxlamışdı…

“1972-ci ildə 312-ci modelin prototipi üzərində işləyərkən mən gördüm ki, enli kuzov daha çox asfaltayatma qüvvəsi hasil etməyə imkan verir, – sonralar Forqyeri xatırlayırdı. – O zaman mən məhz kvadrat formalı Formula1 maşını barədə düşünürdüm. Hamı uzun və ensiz korpus üzərində çalışarkən, mən tərsini etdim: qısa və enli kuzov hazırladım. Nəticədə mən daha çox asfaltayatma qüvvəsi aldım”.

Qış fasiləsi zamanı maşın çoxlu testlərdə tam sınanmışdı, amma mövsümün ilk iki yarışına sürücülər keçənilki maşınla çıxdılar. Yeni model Cənubi Afrika Respublikasında debüt etdi və… nəticələr hamını məyus etdi. Yeni maşının sürəti sələfindən çox aşağı idi. Hərçənd, tezliklə məlum oldu ki, Reqatsoninin maşını düzgün sazlanmayıbmış, Lauda isə mühərrik problemi ilə üzləşibmiş. İspaniyada keçirilən növbəti Qran Pridə hər şey öz yerinə qayıtdı – Skuderiyanın pilotları ilk start cərgəsini zəbt etdilər…

FERRARİ 312 T

Ferrari, Scuderia Ferrari, Ferrari 312 T, 1975-1976

1964-cü ildə Con Sörtizin qırmızılar üçün titul qazanmasından 11 il sonra Ferrari yenidən Formula1-in zirvəsinə qayıtdı. Titul Maranelloya 1975-ci ildə qayıtdı – əsas səbəbkarlardan biri Niki Lauda idi, müasir sürücülərin prototipi, hesablama və strategiyaya əsaslanan pilotaj avstriyalı sürücünün əsas prinsipi idi. Digər səbəbkar isə yeni Ferrari 312 T modeli idi – Mauro Forqyerinin sənət əsəri Skuderiyanın Formula1 tarixində ən gözəl maşın sayılır. Üçüncü səbəbkar isə, Luka di Montedzemolo idi – Luka keçən il komandaya başçı təyin olunmuşdu və komanda titulu son yarışda əldən vermişdi, amma bu dəfə Luka müəllimi Entsonu sevindirə bildi.

Yeni maşının adındakı T hərfi sıfırdan hazırlanmış ötürmələr qutusunun motora ənənəvi ardıcıl deyil, köndələn qoşulmasına görə alınmışdı. Forqyeri qutunu yerləşdirdikdən sonra maşının uzunluğunu qısaltmış, çəki paylaşmasını optimallaşdırmışdı.

Amma uğur yalnız ötürmələr qutusuna görə gəlməmişdi. Yenilənmiş 12 silindrli 3 litrlik motor peletonda ən güclü idi – 495 at qüvvəsi, optimal çəki paylanması, effektiv soyutma radiatorları.

1975-ci ildə Niki Lauda dünya çempionu titulunu qazanmaqla 5 dəfə (Monako, Belçika, İsveç, Fransa və Amerikada) qələbəyə sevindi, Kley Reqatsoni isə Montsada tiffoziləri sevindirdi. 1976-cı ilin ilk 3 yarışını da bu maşınla keçirən Skuderiya həm Braziliyada, həm Cənubi Afrikada, həm də Lonq Biçdə podiumun zirvəsinə yüksəldi…

FERRARİ 312 T-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 312 T, 1975-1976

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1975-ci il 14 28 9 6 11 1
1976-cı il 3 6 1 3 4 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*