Briatore Trampın Nyu Cersi yarış layihəsindəki rolu haqqında danışıb

Alpine F1 komandasının faktiki rəhbəri Flavio Briatore The Race-ə verdiyi müsahibədə bildirib ki, vaxtilə ABŞ-nin indiki prezidenti, həmin vaxt sadəcə tanınmış və uğurlu iş adamı olan Donald Trampla birlikdə onlar Nyu Cersidə Formula1 yarışı layihəsinin təşəbbüskarları olublar, lakin bu layihə həyata keçirilməyib.

Briatorenin sözlərinə görə, 2007-ci ildə, 2000-ci ildən ABŞ Qran Prisinə ev sahibliyi etmiş İndianapolis avtodromu ilə Formula1-in əməkdaşlığı başa çatdıqdan sonra o, Berni Ekklstouna yarış üçün yeni layihəni təqdim etmək məqsədilə Donald Trampla əlbir olub.

“Təbii ki, Donald Formula1 haqqında heç nə bilmirdi, amma o, əla promouterdir, – deyə Briatore həmin hadisələri xatırlayırıb. – O vaxt o, boks yarışlarının, eləcə də Las Veqasda baş verən hər şeyin promouteri idi. Mən Donaldla Berninin görüşməsini tələb etdim. Görüş Trampın ofisində baş tutdu.

Biz ona Berninin Nyu Yorkda yarış üçün uyğun yer axtarmasını göstərən videonu nümayiş etdirdik, lakin Donald dedi ki, Nyu Yorkda bunu təşkil etmək saysız-hesabsız səbəblərə görə çox çətindir və hər şeyi Nyu Cersidə etmək lazımdır. Beləliklə, Berni Nyu Cersi tərəfləri ilə danışıqlara başladı.

Amma uğur qazana bilmədik, çünki o vaxt Formula1 xüsusi bir şey hesab olunmurdu; NASCAR və IndyCar-dan fərqli olaraq, o tamamilə başqa növ biznes kimi qəbul olunurdu. ABŞ-də Formula1, ümumiyyətlə, yüksək qiymətləndirilmirdi”.

Layihə Nyu Cersidə ilkin mərhələdə olarkən Texasda yeni avtodromun tikintisi artıq tam sürətilə davam edirdi; həmin avtodrom 2012-ci ildə ABŞ Qran Prisinin keçirildiyi məkan oldu. Ostindəki etap sürətlə böyük populyarlıq qazandı, lakin buna baxmayaraq Nyu Cersidə Port Imperial küçə trasında yarış layihəsinə qayıtmaq cəhdləri görülməyə davam etdi.

Red Bull Racing-in nümayəndələri – o vaxtkı dünya çempionu Sebastyan Fettel və Devid Kulthard – 2012-ci ildə Infiniti avtomobil brendi ilə birgə reklam aksiyası çərçivəsində inşa edilən trası, hətta sınamışdılar, lakin yarışa qədər məsələ çatmadı. “Amerika Qran Prisi” adı altında Nyu Cersidə mərhələ keçirmək nəzərdə tutulan layihə tarixə qaldı və tədricən unuduldu.

ABŞ-də Formula1-in qəbulu 2017-ci ildə Liberty Media şirkəti Berni Ekklstoundan çempionatın kommersiya hüquqlarını satın aldıqdan sonra dəyişdi.

“İndi Amerikaya gedəndə, bir həftəsonunda 500 min azarkeşi toplayan Mayami Qran Prisini, həmçinin Ostini və ya Veqası ziyarət etmək olar, – deyə Briatore davam edib. – Gördüyünüz kimi, Formula1 böyük dəyişikliklər yaşayır. Hər yarış, yağış yağmasından asılı olmayaraq, dolu tribunalarla keçirilir.

Və əslində dəyişən kommersiya tərəfidir. Liberty daha açıq fəaliyyət göstərir. Berni çox sərt bir iş adamı idi, amma biznesin inkişafını ciddi şəkildə məhdudlaşdırırdı. Liberty isə marketinqə tamamilə açıq yanaşma tətbiq edir. Liberty komandalarla əla tərəfdaşlıq qurub”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*