Avstraliya-2018: Yarış

Bu il reqlamentdə dəyişikliklər olmasa da, maşınlar keçənilki illə müqayisədə xeyli gücləniblər. Bunu Barselonadakı qış testlərində artıq görmüşdük. Dünən Melburnda mövsümün ilk yarışının sıralanma turunda Lyuis Həmilton trasın mütləq rekordunu yeniləyərək poul əldə edib.

Cümə günü hava quru olmuş, birinci və ikinci məşqlərdə protokollara Lyuis Həmilton başçılıq etmişdi, dünən səhər isə yağışdan sonra qurumaqda olan trasda baş tutan məşqlərdə Sebastyan Fettel hər kəsi üstələmişdi.

Daniel Rikkardo ikinci məşqlərdə qırmızı bayraqlar altında sürətini kifayət qədər azaltmadığı üçün 3 yer, sıralanma turunda qəza edən Valtteri Bottas isə ötürmələr qutusu dəyişdirildiyinə görə 5 yer itirmək cəzası almışdı.

F-1.az bildirir ki, yarışa ilk cərgədən poulun sahibi Həmiltonla komanda yoldaşını üstələmiş Rəykkönen başlamağa haqq qazanıb. Fettel və Ferstappen ikinci, Haas sürücüləri Maqnussen və Qrojan isə üçüncü cərgəni zəbt ediblər. Yer itirən Rikkardonun start mövqeyi 8, Bottasın isə 15 olub.

Avstraliya Qran Prisi Halo sisteminin istifadə edildiyi ilk yarış olub. Sürücülər ona testlərdə bir qədər öyrəşmişdilər, lakin tamaşaçılar xüsusilə də, sürücülərin dəbilqələrini seçməyə mane olduğu üçün hələ də təndiq edirlər.

Pirelli Melburna Soft, SuperSoft və UltraSoft üçlüyünü gətirib. İlk onluqda Red Bull sürücüləri SuperSoft, yerdə qalanlar isə UltraSoft təkərlərlə start alıblar. Arxalarda isə Stroll, Eriksson, Lekler, Sirotkin və Hartli SuperSoft təkərlə başlayaraq fərqli taktika seçiblər.

Həmilton startda yerini qoruyub, Maqnussen isə Ferstappeni üstələyib. 2-ci dövrədə ilk onluq: Həmilton – Rəykkönen – Fettel – Maqnussen – Ferstappen – Qrojan – Hülkenberq –  Rikkardo – Sayns – Alonso.

İlk döngədə sərt şəkildə əyləcə basaraq təkərləri pis vəziyyətə salan Hartli 2-ci dövrədə pit-stop etməli olub. Liderlər eyni tempdə gediblər, lakin üçüncü dövrədən sonra Həmilton fərqi 1.2 saniyəyə çatdıra bilib. Dördüncü dövrədə Bottas Strollu, 5-ci dövrədə isə Rikkardo Hülkenberqi ötüb. Eriksson maşında yaranmış nasazlığa görə mübarizəni dayandırmalı olub. Növbəti dövrədə isə Sirotkin yarışı yarımçıq saxlayıb. Buna səbəb əyləclərdəki problem olub. Problemi isə soyutma sisteminin hava kanalına paketin düşməsi yaradıb. Bottas bir qədər sonra Okonu qabaqlayıb. Ferstappen ikinci dövrənin çıxışında yerində fırlanıb və 3 yer itirib. 10-cu dövrədə ilk onluq: Həmilton – Rəykkönen – Fettel – Maqnussen – Qrojan – Rikkardo – Hülkenberq – Ferstappen – Sayns – Alonso.

İlk üçlük eyni templə yarışa davam edib, Maqnussen isə onlardan xeyli geri qalıb. 15-ci dövrədə Qasli yarışı tərk etməli olub. Sürücü Honda motorundakı problemə görə tempini itirib və dərhal boksa çağrılıb. Rəykkönen 19-cu dövrədə pit-stopa yollanıb. Bir dövrə sonra təkərlərini dəyişən Həmilton trasa onun önündə qayıdıb. 21-ci dövrədə Lekler, 22-ci dövrədə Ferstappen, 23-cü dövrədə isə Maqnussen pit yoluna üz tutublar. Səhvə yol verən Sayns da pit-stopa çağrılıb.

Sol arxa təkəri yaxşı bağlanmayan Maqnussen dördüncü döngədə dayanmalı olub. Okon, Qrojan, Hülkenberq və Peres də təkərləri dəyişən növbəti sürücülər olublar. Qrojan da pit-stopdan dərhal sonra təkər yaxşı bağlanmadığı üçün dayanmalı olub. Yaxşı xallar əldə edə biləcəyi yarışda Haas komandasının bir anda hər iki sürücüsü yarışı başa vurub. Virtual Təhlükəsizlik Maşını (VTM) rejimi elan edilib, Bottas, Stroll və Vandorn pit-stopa yollanıblar. Fettel 26-cı dövrədə təkərlərini dəyişib və trasa VTM rejiminə görə sürətini aşağı salan Həmiltondan irəlidə qayıdıb. Alonso və Rikkardo da pit-stop edərək bu fürsətdən yararlana biliblər. Daha bir dövrə sonra isə Təhlükəsizlik Maşını trasa daxil olub. TM arxasında ilk onluq: Fettel – Həmilton – Rəykkönen – Rikkardo – Ferstappen – Alonso – Hülkenberq – Vandorn – Bottas – Sayns.

Ferstappen Alonsonu sarı bayraqlar altında keçib və komandanın xahişi ilə yerini geri qaytarıb. Restart 31-ci dövrədə verilib – Fettel Həmiltona ötmə imkanı yaratmayıb. Bottas Vandornu keçərək səkkizinci yerə yüksəlib. Həmilton tempi artırıb, Fettellə ardıcıl sürətli dövrələr vurublar, lakin aradakı fərq dəyişməz olaraq qalıb. Rikkardo Rəykkönenlə aradakı fərqi minimuma endirib, lakin hücum edə bilməyib. İlk dördlükdə gərgin mübarizə finişə qədər davam edib. Lakin Albert Parkda hətta DRS-lə də ötmə çətin olduğundan, hər hansı bir yerdəyişmə baş verməyib. Son dövrələrdə yenidən hücuma keçən Həmilton səhvə yol verərək bir qədər vaxt itirib. 50-ci dövrədə ilk onluq: Fettel – Həmilton – Rəykkönen – Rikkardo – Alonso – Ferstappen – Hülkenberq – Bottas – Vandorn – Sayns.

Sayns son 10 dövrədə mədə ağrısından şikayət edib, lakin finişə qədər yarışa bilib. Fettel karyerasında 48-ci, Albert Parkda üçüncü, ardıcıl isə ikinci qələbəsini qazanıb. Bu, həm də alman sürücünün 100-cü podiumu olub. Həmilton qələbəyə yaxın olduğu yarışda ikinci yerlə kifayətlənib, Rəykkönen isə podiumun son pilləsinə yüksəlib. İlk onluqda 5 komandanın – Ferrari, Mercedes, Red Bull, McLaren və Renault-nun sürücüləri qərarlaşıblar.

Növbəti yarış iki həftə sonra Bəhreyndə baş tutacaq…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 5 Sebastyan Fettel Ferrari 1:29:33.283 1
2 44 Lyuis Həmilton Mercedes AMG + 0:05.036 1
3 7 Kimi Rəykkönen Ferrari + 0:06.309 1
4 3 Daniel Rikkardo Red Bull + 0:07.069 1
5 14 Fernando Alonso McLaren + 0:27.886 1
6 33 Maks Ferstappen Red Bull + 0:28.945 1
7 27 Niko Hülkenberq Renault + 0:32.671 1
8 77 Valtteri Bottas Mercedes AMG + 0:34.339 1
9 2 Stoffel Vandorn McLaren + 0:34.921 1
10 55 Karlos Sayns Renault + 0:45.722 1
11 11 Serxio Peres Force İndia + 0:46.817 1
12 31 Esteban Okon Force İndia + 1:00.278 1
13 16 Şarl Lekler Sauber + 1:15.759 2
14 18 Ləns Stroll Williams + 1:18.288 2
15 28 Brendon Hartli Toro Rosso +1 dövrə 2

 

Sürətli dövrə: Daniel Rikkardo (Red Bull) – 1:11.044 (54-cü dövrə, 222.128 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Roman Qrojan Haas 24 təkərin bağlanmaması
Kevin Maqnussen Haas 22 təkərin bağlanmaması
Pyer Qasli Toro Rosso 13 MGU-H
Markus Eriksson Sauber 5 sükan gücləndiricisi
Sergey Sirotkin Williams 4 əyləc

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 5 Sebastyan Fettel Scuderia Ferrari 25
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 18
3 7 Kimi Rəykkönen Scuderia Ferrari 15
4 3 Daniel Rikkardo Aston Martin Red Bull Racing 12
5 14 Fernando Alonso McLaren F1 Team 10
6 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 8
7 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 6
8 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 4
9 2 Stoffel Vandorn McLaren F1 Team 2
10 55 Karlos Sayns Renault Sport Formula 1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Scuderia Ferrari Ferrari 40
2 Mercedes AMG Petronas Motorsport Mercedes 22
3 Aston Martin Red Bull Racing Renault 20
4 McLaren F1 Team Renault 12
5 Renault Sport Formula 1 Team Renault 7
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*