Sprint yarışlarının sayının artırılması mənfi nəticələr doğuracaq

Artıq gələn ildən sprintin proqramda yer aldığı mərhələlərin sayı altıdan doqquza yüksələcək, hətta bu rəqəmin ona çatması da istisna deyil. Bununla belə, artıq indi bunun da yetərli olmadığına dair fikirlər səslənir. Məsələn, Flavio Briatore bu yaxınlarda The Race-ə verdiyi müsahibədə şəxsən qısa şənbə yarışlarını mövsümün hər yarış həftəsonunda keçirməyin tərəfdarı olduğunu bildirib.

“İxtiyar məndə olsaydı, sprintləri bütün mərhələlərdə keçirərdim, çünki tamaşaçılara daha çox şey verməliyik, – deyə Alpine komandasının faktiki rəhbəri hesab edir. – Cümə günü onlara heç nə vermir, çünki məşqlərdə komandalar yalnız texniki məsələləri həll edirlər. Şənbə günü sıralanma turu keçirilir – vəssalam, sonra yalnız bazar günkü yarış qalır.

Sprint olan halda isə uik-end proqramında iki yarış olur, deməli, iki start verilir, üstəlik şənbə günü sürücülər sadəcə hansısa mühəndislik tapşırıqlarını həll etmirlər, həm də xal qazanmağa çalışırlar. Buna görə də hesab edirəm ki, 24 yarış və 24 sprint olmalıdır”.

Qısa şənbə yarışlarına maraq doğrudan da böyükdür, həm də təkcə azarkeşlər arasında deyil – bunu avtodrom sahibləri də istəyirlər, teleşirkətlər də, sponsorlar da. Belə uik-endlərdə ictimaiyyətin Formula1-ə diqqəti açıq-aşkar daha yüksək olur, üstəlik bu, cümə günündən başlayır, çünki yeganə məşqdən dərhal sonra sprintə sıralanma turu keçirilir.

Komandaların maşınların incə sazlamalarını tapmaq üçün daha az vaxtı qaldığından, bu, səhvlərin və müxtəlif sürprizlərin başvermə ehtimalını artırır, buna görə də hər iki sıralanma turunun nəticələri çox vaxt müəyyən qədər gözlənilməz alınır.

Lakin İtaliyanın Gazzetta dello Sport nəşri haqlı olaraq qeyd edir ki, sprintlərin sayını artırarkən müəyyən nəticələri də nəzərə almaq lazım gələcək. Belə yarışlar altı mərhələdə keçiriləndə, bütün sprintləri qazanmaq şərti ilə əlavə 48 xal toplamaq mümkündür. Amma onların sayı on olsa, bu artıq 80 xal edir ki, bu da çempionatın əsas mükafatları uğrunda mübarizənin gedişinə kifayət qədər ciddi təsir göstərə bilər.

Burada 2023-cü ildən sprintlərin mövsümün hər mərhələsinin proqramına daxil edildiyi MotoGP təcrübəsinə diqqət yetirmək məntiqlidir. Tamaşa baxımından hər şey əladır və motoidman üzrə dünya çempionatının reytinqləri yüksəlib, amma bununla yanaşı şənbə yarışlarının nəticələri titulun taleyini müəyyənləşdirən amilə çevrilir.

2024-cü il mövsümünün nümunəsi bu baxımdan ən aydın olanıdır: Ducati zavod komandasının sürücüsü Françesko Banyaya 11 Qran Pri qazansa da, mövsümün yekununda çempionatda qələbəni əldən verdi və titul eyni motosikletlə, lakin Pramac Racing üçün yarışan Xorxe Martinə qismət oldu. İspaniyalı, o cümlədən sprintlərdəki uğurları hesabına 10 xal çox topladı, Banyaya isə şənbə günləri bəzən səhvlərə yol verir və xal itirirdi.

İstisna deyil ki, buna bənzər nəsə Formula1-də də baş verə bilər – hərçənd burada bunun ehtimalı yenə də azdır, çünki sprintlərin sayı daha azdır. Ən azı, hələlik Liberty Media Briatorenin məsləhətinə əməl etməyib.

Əlbəttə, məsələnin başqa tərəfi də var: şənbə yarışları nə qədər çox olsa, bu və ya digər səbəbdən əvvəlki mərhələlərdə bəxti gətirməyən sürücülərin itiriləni qaytarmaq imkanları da bir o qədər çox olar. Digər tərəfdən, səhv ehtimalı da artır, deməli, texnikaya zərər vurmaq riski yüksəlir, üstəlik zədə almaq da mümkündür. Motoidmanda bu risk xüsusilə böyükdür, amma Formula1-də də az deyil.

Əgər maşın zədələnsə, komanda sıralanma turuna hazırlaşmağa çatdırmaq üçün qəzanın nəticələrini tələsik aradan qaldırmalı olacaq. Hər halda bu, həm bazar günkü Qran Pri hazırlığa təsir edəcək, həm də xərclərin nəzərəçarpacaq dərəcədə artmasına gətirib çıxaracaq.

Görünür, vacib məqamlardan biri ağlabatan yetərlilik prinsipinə əməl olunması olacaq: bütün mərhələlərdə sprint keçirmək yenə də artıq olardı. Buna görə Formula1-də həm MotoGP təcrübəsini, həm də öz təcrübələrini diqqətlə öyrənirlər və ümid edək ki, hansısa məntiqli hədd tapa biləcəklər, çünki nəyinsə həddən artıq çox olması da yaxşı deyil.

, , ,