Sonun başlanğıcı

Dünya çempionatının lideri Censon Batton bir az zəif çıxış edən kimi onun psixoloji durumu barədə söz-söhbətlər aləmi bürüyür. İtaliya Qran […]

Dünya çempionatının lideri Censon Batton bir az zəif çıxış edən kimi onun psixoloji durumu barədə söz-söhbətlər aləmi bürüyür. İtaliya Qran Prisində qazandığı ikinci yer bu söhbətləri bir az unutdurmuşdu ki, Sinqapurda sıralanma turundakı 12-ci yer yenidən köhnə yaranı qanadıb. Xoşbəxtlikdən, bu uzun sürməyib: yarışda Censon səhvə yol verməyib, onun rəqibləri isə həm psixoloji, həm də texniki problemlərlə üzləşiblər…

Sirr deyil ki, yaxşı nəticə qazanmaq üçün Battona bolidin ideal vəziyyətdə olması vacibdir. Bu vəziyyətdən fərqli şərtlərdə, məsələn, ətraf mühitin aşağı temperaturu təkərlərin qızıdırlmasını çətinləşdirəndə, Censon anoloji maşında Rubens Barrikelloya uduzmağa başlayır. Daha aqresiv sürmə stili olan braziliyalı sürücünü temperatur problemləri narahat etmir və peyda olmuş problemlərin həllini o daha tez tapır, Censon Rubensin sazlanmalarını öz maşınına tətbiq etməyə çalışsa da, hələlik bu bir nəticə vermir.

Ross Braun dünən sıralanma turunda baş verənləri şərh edərkən Macarıstanda komandanın keçirdiyi çətinlikləri xatırlayıb. Orda cümə günü Brawn GP maşınları sürətli olsalar da, bazar günü temperaturun azca aşağı düşməsi nəticəsində hər şey alt-üst olmuşdu. Şənbə günü sıralanma turundan sonra sürücülər əsas problemi qeyd etdilər – asfaltla ilişmə yoxdur və deyəsən, rütubətli Sinqapur üçün nə qədər paradoksal olsa da, buna səbəb temperaturun aşağı olması idi.

Marina Beydə yarışın əsas xüusisyyəti ondadır ki, yarış axşam vaxtı keçirilir, bu isə o deməkdir ki, bütün gündüz yarışlarından fərqli olaraq burda asfalt yarışın gedişində qızmaq əvəzinə, əksinə, soyuyur. Axşam saat altıda başlayan birinci sərbəst yürüşlərdə hər şey qaydasında olub, şənbə günü sıralanma turundan yarım saat əvvəl başlayan ikinci sərbəst yürüşlərdə isə hər şey pis olub. Səhəri gün sıralanma turunda doğrudan da vəziyyət yaxşı olmayıb. Yarış isə sıralanma turundan iki saat əvvəl başlayıb və sıralanma turu başlayan vaxta kimi qurtarıb. Yarışın əvvəlində Censon ağır maşında stabil idi, yarışın sonunda isə ən yaxşı nəticəsinə imza atdı…

Battonun rəqiblərinə gəlincə, Barrikello, Fettel və Uebber artıq neçənci dəfədir ki, titula əsas namizədin uğursuzluğundan yararlana bilmirlər. Yay tətillərinə Censon ən yaxın rəqibi olan Mark üzərində 18.5 xal üstünlüklə yollanmışdı, üstündən dörd mərhələ keçdikdən sonra onun Rubens üzərində üstünlüyü demək olar ki, heç dəyişməyib – 15 xal. Avstraliyalı sürücü bu gün titul uğrunda mübarizədən çıxdı – əyləcləri dağıldıqdan sonra RB5 divara dəyərək dayanıb. Amma heç bu olmasa da, səkkizinci yerdə finiş Marka titula namizədlər sırasında qalmağa imkan verməyəcəkdi, çünki siyahıda qalması üçün o Battona yalnız bir xal uduza bilərdi. Amma hələ həftənin əvvəlində hamının Red Bull maşınları üçün ideal adlandırdığı yarış uğursuzluqla başa çatıb. Əvvəlcə, hamının gözlədiyi kimi startda cüt tərəf həm Sebastyana, həm də Marka mövqelərini qorumağa imkan verməyib. Sonra Mark yeddinci döngədəki insidentə görə zərər çəkib – trasdan kənar zonada Fernando Alonsonu keçən avstraliyalı sürücü bir neçə dövrədən sonra ikiqat dünya çempionunu və onu ötməyə macal tapmış Timo Qloku irəli buraxmalı olub. Nəhayət, birinci pit-stopu zamanı məlum olmayan səbəblər üzündən (bu zaman bütün kameralar Niko Rosberqin pitdən trasa qayıdarkən ağ xətti basmasını göstərirdilər) beş saniyə ləngiməklə daha üç mövqeyi itirib…

Birinci dövrədə baş vermiş insident üzərində dayanmaq istərdim. Deyəsən, Mark stüardlardan mübahisəli cərimələr almaq üzrə çempiondur. Almaniyada startdakı mübahisəli insidentə görə avstraliyalı sürücü pit-leyndən keçməklə cərimə olunmuşdu – amma buna baxmayaraq o bu trasda karyerasında ilk qələbəsini (hələlik yeganə) qazanmışdı. Bu gün sürücüyə heç bir cərimə tətbiq olunmayıb, amma ya Çarli Uaytinq, ya da Red Bull komandası yalnız yeddi dövrədən sonra sürücüyə Alonsonu irəli buraxmağı dedilər. Yarışdan sonra Mark gileylənirdi ki, “Fernando da həmin döngədə trasdan çıxmışdı və mən elə fikirləşdim ki, manevr düzgün hesab oluna bilər, amma stüardlar başqa qərar qəbul etdilər.” Belə bir manevr nəticəsində Markın üstünlük əldə etməsi şübhə doğurmur. Amma iki həftə əvvəl Monsada şikananı kəsməyə görə sürücüləri xəbərdar edərkən qeyd olunmuşdu ki, birinci dövrə nəzərə alınmayacaq – axı ən gərgin mübarizə məhz birinci dövrədə olur və sürücülər hər bir döngədə bir-birilərini trasdan çıxarmağa “çalışırlar”. Daha bir nüans ondadır ki, Mark dərhal mövqeyini geri qaytara bilməzdi – Alonso trasa qayıdarkən sürüşməyə davam edirdi və Timo Qlok növbəti döngəyə qədər onun qarşısına keçə bildi…

Əgər Batton mövsümün əvvəlində Malayziya yarışında qələbəyə görə tam xallarını alsaydı, onda Fettel də bu gün titul qazanmaq şanslarını itirəcəkdi. İndi onları ayıran 25 xalın üzərinə 5 xalı da əlavə etsək fərq 30 xala çatacaq, mövsümün sonuna üç yarış qalsa da, qələbələrin sayına görə üstünlük britaniyalı sürücüdə olacaqdı. Amma Malayziya yarışı arxada qalıb, ona görə də alman sürücünün hələ ümidləri var. Suzukada “öküzlər” güclü olmağı vəd ediblər, komanda və Mark Sebastyana lazımi dəstəyi verəcəklər, yeri gəlmişkən, komanda yoldaşının köməyi Brawn GP sürücülərinin ən böyük arzusudur…

Amma bu gün podiuma yarışı səhvsiz başa vuran sürücülər qalxıblar. Lyuis Həmiltonunu rəqibləri bir-bir “yoxa çıxdıqdan” sonra o mövsümdə ikinci qələbəsini qazanıb. Timo və Fernandonun isə bir neçə dəfə bəxtləri gətirib – Niko ağ xətti keçib, Sebastyan sürət həddini aşıb. Fernando birinci dövrədən sonra səhvə yol verməyib və sonda sürətli dövrəyə də imza atıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*