S.Peres: Komanda mənə dəstək olur

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Kristian Horner və Helmut Marko ona dəstək olur.

F-1.az xatırladır ki, meksikalı sürücü son 5 Qran Pridə sıralanma turunda son sessiyaya qala bilməyib. Bundan başqa Mayami yarışından sonra sadəcə 1 dəfə podiuma yüksəlib.

Çeko Britaniya yarışına 15-ci yerdən başlayıb və yarışı 6-cı yerdə bitirib.

Serxio Peres: “Əla start alsam da, birinci döngədə Esteban Okon məni trasdan çıxardı və yer qazanmaqdansa, yer itirdim. Bu da özümə gəlməyimi çətinləşdirdi. İlk dövrədə təkərlərimdən yaxşı istifadə etdim, amma təhlükəsizlik maşınından üç dövrə əvvəl pitə girdik və bu heç də yaxşı olmadı. Ancaq yekunda əlimizdən gələni etdik.

Sıralanma turunda geridə qalmağım xırdalıqlara görədir. Son yarışlarda şənbə günü aşağı yanacaq yükü ilə işləyəndə maşına qarşı bir az həssas oldum. İndi simulyatorda işləyərək, bunu düzəltməyə çalışacağıq. Xallar bazar günü verilir və həmin gün tempim var. Bu da müsbət haldır.

Əsas odur ki, Əbu Dabidən sonra turnir cədvəlində yaxşı yerdə olasınız. Önümüzdə uzun mövsüm var və inanıram ki, işlər qaydasına düşəcək”.

Peresin son yarışlarda sıralanma turunda pis çıxış etməsindən sonra onun yerinin təhlükədə olduğu deyilir. Bəzi məmbələrə görə meksikalı sürücünü Daniel Rikkardo əvəz edə bilər.

Çeko bu barədə bunları deyib: “Düzünü desəm, bu dedi-qodulara fikir vermirəm. Formula1-də 13 mövsüm keçirdim və hər şeyi gördüm. Bunların heç birinə görə narahat deyiləm. Mövsümü yaxşı keçirib həzz almağa köklənmişəm. Helmut və Kristian da mənə dəstək verirlər. Bütün komanda məni dəstəkləyir. Mənim nəyə qadir olduğumu bilirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*