Rusiya-2016: Yarış

Bu il Rusiya Qran Prisi tarixdə ilk dəfə payızda deyil, yazda keçirilib - Soçi avtodromundakı iki yarışı cəmi altı ay ayırıb, amma buna baxmayaraq may ayının ilk günü tribunalar tamaşaçılarla tam dolu olub. Həftəsonu quru havada baş tutsa da, hava çox soyuq olub. Sərbəst yürüşlərdə Mercedes AMG komandası dominantlıq etsə də, sıralanma turunda iki həftə əvvəl olduğu kimi Çin ssenarisi təkrar olunub...

F-1.az xatırladır ki, Çində Lyuis Həmilton sıralanma turunda iştirak edə bilməmişdi – boksdan çıxarkən britaniyalı sürücünün maşınında MGU-H generatoru imtina etmişdi. Komanda dərin təhlildən sonra bütün detalları dəyişərək əmin idi ki, problem bir daha təkrar olmayacaq. Amma Soçidə yenə də generator imtina edib – düzdür, bu dəfə ikinci sessiyanın sonunda. Nəticədə sıralanma turunda Rosberq inamla poul qazanıb, Həmilton isə sonuncu sessiyada trasa çıxmadığı üçün yarışa onuncu yerdən başlamalı olub.

Sıralanma turunda ikinci nəticə göstərmiş Fettel isə 5 yer itirdiyi üçün (ötürmələr qutusunun vaxtından əvvəl dəyişdirilməsinə görə) start düzümündə ilk cərgəyə Valtteri Bottas keçib. İkinci cərgəni Rəykkönen və Massa bölüşüblər.

Pirelli Soçiyə mövsümün bütün əvvəlki yarışlarından yaxşı tanıdığımız Medium – Soft – SuperSоft üçlüyünü gətirib. Trasda yeyilmənin az olması və təkərin optimal işçi temperatura çətinliklə çatdırılması səbəbindən Medium tərkibi bir kənara qoyulub, strategiyada üstünlük qırmızı (SuperSoft) və sarı (Soft) təkərlərə verilib.

Startda Hülkenberq, Qutyerres və Eriksson sarı təkərləri seçiblər, yerdə qalan sürücülər isə qırmızı təkərlərə üstünlük veriblər.

Qırmızı işıqlar söndükdən sonra Rosberq liderliyini qoruya bilib. İlk döngələrdə bir neçə insident baş verib – Fettel daxili radiusla Rikkardoya hücum edib və bu zaman arxadan Kvyatdan zərbə alıb, növbəti döngədə rusiyalı sürücünün daha bir zərbəsindən sonra Ferrari sürücüsü baryerlərə çırpılıb. Birinci zərbə zamanı Fettel solunda olan Rikkardo ilə təmas yaşayıb. Arxada isə Qutyerres Haryanto və Hülkenberqə çırpılıb – meksikalı sürücü yarışa davam etsə də, digər iki sürücü üçün mübarizə başa çatıb.

Əvvəlcə Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi elan olunub, amma tezliklə onu real Təhlükəsizlik Maşını (SC) əvəz edib. Fürsətdən istifadə edən Peres, Qutyerres, Kvyat, Rikkardo və Eriksson boksa yollanıblar. SC-nin arxasında ilk onluq: Rosberq – Rəykkönen – Bottas – Massa – Həmilton – Ferstappen – Alonso – Qrojan – Maqnussen – Palmer.

4-cü dövrədə yarışa restart verilib. Rosberq yenə də liderliyini qoruyub və dərhal fərqi artırmağa başlayıb. Bottas Rəykköneni, Həmilton isə Massanı qabaqlaya bilib. Eriksson Kvyata hücum edib, sürücülər bir neçə dövrə mövqelərini dəyişiblər, sonda Markus öndə qalıb. Daha sonra Peres də Daniili qabaqlayıb.

7-ci dövrədə Bottasa hücum edən Rəykkönen döngəyə geniş daxil olub, fürsətdən istifadə edən Həmilton Kimini qabaqlayıb. İlk döngədəki insidenti araşdıran stüardlar Kvyata 10 saniyəlik Stop&Go cəzası veriblər – rusiyalı sürücü 9-cu dövrədə cəzasını çəkməyə yollanıb. Qutyerres isə pit-leyndən keçməklə cəzalanıb. 10-cu dövrənin sonunda ilk onluq: Rosberq – Bottas – Həmilton – Rəykkönen – Massa – Ferstappen – Alonso – Qrojan – Maqnussen – Palmer.

12-ci dövrədə Sayns təkərlərini dəyişib, Nasrın maşınında təkərlərdən biri deşildiyi üçün o da boksa tələsib. 14-cü dövrədə Verlyayn, bir dövrə sonra isə Palmer də pit-stop reallaşdırıblar. 15-ci dövrədə Rosberqin Bottas üzərində üstünlüyü 12 saniyəyə çatıb – Bottas, Həmilton və Rəykkönen üçlüyü sıx qrupda getsə də, hücum məsafəsinə yaxınlaşmaq asan olmayıb.

17-ci dövrədə liderlər də pit-leynə yollanıblar – əvvəlcə Bottas və Maqnussen, daha sonra Həmilton və Qrojan, 19-cu dövrədə isə Massa yeni təkər dəsti alıblar. Lyuis trasa düz Bottasın arxasında qayıdıb, amma dərhal hücum edərək finlandiyalı sürücünü keçdikdən sonra hələ pit-stop etməmiş Alonsonu da üstələyib. 21-ci dövrədə Bottas da Alonsonu qabaqlayıb. Bu vaxt Rəykkönen və Batton da pit-stop ediblər, finlandiyalı sürücü trasa Bottasın önündə qayıdıb.

22-ci dövrədə Rosberq və Alonso mexaniklərinə qonaq olublar, Niko liderliyini qoruyub saxlayıb – Həmilton 12 saniyə geridə qalıb. 23-cü dövrədə Ferstappen ilk pit-stopunu sonuncu gerçəkləşdirən sürücü olub. 24-cü dövrənin sonunda ilk onluq: Rosberq – Həmilton – Rəykkönen – Bottas – Massa – Peres – Ferstappen – Eriksson – Alonso – Rikkardo.

Stüardlar Saynsın Palmerə qarşı hücumunu araşdıraraq ispaniyalı sürücünü 10 saniyəlik cərimələyiblər. Nasr dünən Həmiltonun etdiyi səhvi təkrarladığı üçün (2-ci döngədə trasdan çıxaraq düzgün yerdən trasa qayıtmadığına görə) 5 saniyəlik cərimə alıb. 28-ci dövrədə Peres ikinci dəfə təkərlərini dəyişib, Kvyat isə 17-ci yer uğrunda mübarizədə Verlyaynı qabaqlayıb. 30-cu dövrədə Rikkardo Medium təkərlərini Soft-a dəyişib. Batton Palmeri keçərək 12-ci yerə yüksəlib.

34-cü dövrədə Ferstappenin maşınında motor imtina edib.

Rosberqin Həmilton üzərində üstünlüyü uzun müddət stabil qalıb, amma 33-cü dövrədə Niko dövrəvi sürücülər qrupuna çatdığı üçün Həmilton fərqi 7 saniyənin altına sala bilib. 37-ci dövrənin sonunda ilk onluq: Rosberq – Həmilton – Rəykkönen – Bottas – Massa – Alonso – Maqnussen – Qrojan – Peres – Sayns.

Həmiltonun mühəndisi bildirib ki, britaniyalı sürücünün maşınında suyun təzyiqi ilə bağlı problemlər yaranıb – Lyuis tempini aşağı salmalı olub. 47-ci dövrədə Massa pit-stop edib. 50-ci dövrədə Batton Saynsı üstələyərək ilk onluğa daxil olub. 51-ci dövrədə Rikkardo Palmeri qabaqlayıb.

Niko Rosberq Rusiya Qran Prisində qalib gələrək mövsümdə ardıcıl 4-cü qələbəsini qazanıb. Almaniyalı sürücü karyerasındakı ardıcıl 7-ci qələbəni Böyük Dəbilqə ilə qeyd edib – dünənki poul, bu gün startdan finişə qədər liderlik, son dəqiqələrdə sürətli dövrə və qələbə.

Lyuis Həmilton onuncu yerdən start alsa da, finiş xəttini ikinci keçib. Kimi Rəykkönen podiuma çıxmaqla Ferrari-nin tarixində 700-cü podiumu qazanıb. Mövsümdə ilk dəfə hər iki McLaren sürücüsü xal qazanıb. Maqnussen və Peres mövsümdə ilk xallarını qazanıblar. Red Bull komandası isə bu il ilk dəfə xalsız qalıb.

İki həftədən sonra çempionat Avropada – Barselonada davam edəcək!

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 6 Niko Rosberq Mercedes AMG 1:32:41.997 1
2 44 Lyuis Həmilton Mercedes AMG + 0:25.022 1
3 7 Kimi Rəykkönen Ferrari + 0:31.998 1
4 77 Valtteri Bottas Williams + 0:50.217 1
5 19 Felipe Massa Williams + 1:14.427 2
6 14 Fernando Alonso McLaren + 1 dövrə 1
7 20 Kevin Maqnussen Renault + 1 dövrə 1
8 8 Roman Qrojan Haas + 1 dövrə 1
9 11 Serxio Peres Force İndia + 1 dövrə 2
10 22 Censon Batton McLaren + 1 dövrə 1
11 3 Daniel Rikkardo Red Bull + 1 dövrə 2
12 55 Karlos Sayns (*) Toro Rosso + 1 dövrə 1
13 30 Colion Palmer Renault + 1 dövrə 1
14 9 Marksu Eriksson Sauber + 1 dövrə 2
15 26 Daniil Kvyat Red Bull + 1 dövrə 2
16 12 Felipe Nasr (**) Sauber + 1 dövrə 1
17 21 Esteban Qutyerres Haas + 1 dövrə 2
18 94 Paskal Verlyayn Manor + 2 dövrə 2

* – Karlos Saynsın yekun nəticəsinə 10 saniyə əlavə olunub

**  Felipe Nasrın yekun nəticəsinə 5 saniyə əlavə olunub

Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:39.094 (52-ci dövrə, 212.452 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Maks Ferstappen Toro Rosso 34 motor
Niko Hülkenberq Force İndia 1 qəza
Rio Haryanto Manor 1 qəza
Sebastyan Fettel Ferrari 1 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 6 Niko Rosberq Mercedes AMG F1 Team 100
2 44 Lyuis Həmilton Mercedes AMG F1 Team 57
3 7 Kimi Rəykkönen Scuderia Ferrari 43
4 3 Daniel Rikkardo Red Bull Racing 36
5 5 Sebastyan Fettel Scuderia Ferrari 33
6 19 Felipe Massa Williams Martini Racing 32
7 8 Roman Qrojan Haas F1 Team 22
8 26 Daniil Kvyat Red Bull Racing 21
9 77 Valtteri Bottas Williams Martini Racing 19
10 33 Maks Ferstappen Scuderia Toro Rosso 13
11 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 8
12 20 Kevin Maqnussen Renault Sport Formula 1 Team 6
13 27 Niko Hülkenberq Sahara Force İndia F1 Team 6
14 55 Karlos Sayns Scuderia Toro Rosso 4
15 11 Serxio Peres Sahara Force İndia F1 Team 2
16 22 Censon Batton McLaren Honda Formula 1 Team 1
17 47 Stoffel Vandorn McLaren Honda Formula 1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG F1 Team Mercedes 157
2 Scuderia Ferrari Ferrari 76
3 Red Bull Racing TAG Heuer 57
4 Williams Martini Racing Mercedes 51
5 Haas F1 Team Ferrari 22
6 Scuderia Toro Rosso Ferrari 17
7 McLaren Honda Formula 1 Team Honda 10
8 Sahara Force İndia F1 Team Mercedes 8
9 Renault Sport Formula 1 Team Renault 6

 

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*