Purşer mövsümə inamlı qələbə ilə başlayıb

Bəhreyndə Formula1 həftəsonuna dəstək yarışı çərçivəsində gənc sürücülərin Formula2 seriyasında mövsümün ilk həftəsonu əsas yarışla başa çatıb.

F-1.az xəbər verir ki, cümə günü poul qazanan Teo Purşer ilk döngədə mövqeyini qoruyub, 6-cı yerdən start alan Kuş Maini isə döngədən 2-ci çıxıb. Çox sıx hərəkət edən peleton 4-cü döngədə qəzadan qurtula bilməyib – Frederik Vesti Riçard Fershoru yerində fırladıb.

Hər ikisi boksa yollanıb – danimarkalı sürücü üçün mübarizə başa çatıb, Riçard isə trasa sonda trasa qayıdıb.

Yuxarıdakı qəza zamanı Roman Stanek və Viktor Marten də təmasdan qaça bilməyərək, mübarizəni dayandırmalı olublar. Hələ üstəlik, Dennis Hauqerin maşını da zədələnib və 5 dövrə sonra trasa qayıdan norveçli sürücü bir müddət sonra mübarizəni tam dayandırıb.

Restartdan sonra 10-cu yerdən start almış və 3-cü yerə qədər irəliləmiş dünənki yarışın qalibi Ralf Boşunq ilk fürsətdəcə Mainini qabaqlayaraq 2-ci yerə yüksəlib. Ralf bir neçə dövrə Teonun DRS məsafəsinə qala bilib, amma sonra fransalı sürücü rəqibindən yavaş-yavaş uzaqlaşmağa başlayıb.

Daha bərk təkərlərlə olsa da, Teo 14-cü dövrədə səhvə yol verib və blokajla təkərlərini sıradan çıxarıb və erkən pitə yollanmalı olub. Yumşaq təkərlərlə trasa qayıdan ART GP komandasının sürücüsü sürətini artırıb.

İlk dövrədə pitə müraciət etməli olan Fershor öndəki sürücülərin boksa səfərindən sonra 2-ci yerədək yüksəlib, amma daha bir pit stop onu yenidən sonuncu yerə atıb. Bundan sonra niderlandlı sürücü sürətli dövrələr ştamplayaraq irəliləməyə başlayıb.

Daha öndə çempionatın debütantı Zeyn Məloni də eyni taktikanı seçib və sürətlə irəliləyib. Yarışın sonunda barbadoslu sürücü Campos komandasının sürücülərinin ikiqat podiumuna mane olub – Kuş Mainini qabaqlayan Carlin komandasının debütant sürücüsü ilk əsas yarışı podiumda başa vurub.

Gənc sürücülərin mübarizədə vaxt itirməsindən yararlanan Fershor da yarışı 5-ci yerdə başa vurub.

Qələbəyə isə mövsümün əsas favoriti Teo Purşer sevinib. Ralf Boşunq dünənki qələbəyə daha bir podium əlavə edib.

Finiş xəttində ilk 5-lik elə çempionatda da ilk 5 sətirdə qərarlaşıb. Komandaların mübarizəsinə isə 42 xalla Campos komandası başçılıq edir.

Çempionat iştirakçıları növbəti dəfə iki həftədən sonra Ciddədə bir araya gələcəklər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*