Portuqaliya-2021: Yarış

Sürüşkən asfalt, çox sərt təkərlər və güclü külək - Portuqaliyadakı həftəsonunu keçən il olduğu kimi, bu dəfə də səciyyələndirən xüsusiyyətlər bunlar olub. Sadaladığımız amillər güc nisbətlərinə çox ciddi təsir göstərib.

F-1.az xatırladır ki, cümə günü baş tutan məşqlərdə Bottas və Həmilton, dünənki məşqlərdə isə Ferstappen hamıdan sürətli olub. Gərgin keçən və bəzi sürücülərinin yol verdiyi səhvlərlə yadda qalan sıralanma turunda isə Bottas titula əsas namizəd olan iki sürücünü qabaqlayaraq poulun sahibi olub.

Pirelli bu mövsüm ilk dəfə ən sərt təkərləri gətirib – C1, C2 və C3 tərkibləri müvafiq olaraq, Hard, Medium və Soft rolunu oynayıblar. Aşınma az olduğundan və pit-stop böyük vaxt itkisi tələb etdiyindən, əksər sürücülər tək pit-stoplu strategiya planlaşdırıblar.

İlk onluqdan Mercedes və Red Bull sürücüləri ilə yanaşı, Lekler orta, qalan 5 sürücü isə Soft təkərlərlə yarışa başlayıb. İkinci onluqdan isə Medium təkər seçənlər yalnız Rəykkönen və Stroll olublar.

Startda Mercedes sürücüləri ilk, Red Bull sürücüləri isə ikinci cərgəni tutublar. Üçüncü cərgə isə Sayns və Okonun olub.

Qırmızı işıqlar sönüb, Bottas yerini qoruyub, yumşaq təkərlərlə başlayan Sayns Peresi arxada qoyub. Norris Okona hücumlar edib. İkinci dövrədə Rəykkönen diqqətsizlik edib və ön qanadını zədələyib. Təhlükəsizlik Maşını trasa daxil olub, qırıntılar təmizləndiyi üçün sürücülər 2 dövrəni pit yolundan keçməli olublar. 3-cü dövrədən sonra ilk onluq: Bottas – Həmilton – Ferstappen – Sayns – Peres – Norris – Okon – Lekler – Qasli – Fettel.

Restart 6-cı dövrədə verilib. Bottas yenə yerini qorusa da, Ferstappen Həmiltonu geridə qoyub. Sayns isə Peres və Norris tərəfindən keçilib. Rikkardo da Covinatsi və Rasseli üstələyərək 11-ci sıraya yüksəlib. Norris Peresi də ötüb. İlk üçlük demək olar ki, eyni tempdə gedib. Lyuis 11-ci dövrədə mövqeyini Ferstappendən geri alıb. Tsunoda 14-cü dövrədə Rasselli keçib. Peres isə növbəti mübarizədə Norrisi məğlub edib.

Həmilton 20-ci dövrədə də Bottası üstələyib. Maks finlandiyalı rəqibinin DRS məsafəsində olsa da, ötmə imkanı əldə etməyib. O, həm də 3-cü ötürməyə keçiddən şikayətlənib. Pit-stop dalğası başlayıb, 22-ci dövrədə Sayns və Tsunoda, 23-cü dövrədə Fettel, Covinatsi, Norris və Okon, 25-ci dövrədə Qasli və Latifi, bir dövrə sonra isə Lekler təkərlərini dəyişib.

Okon Rasselli qabaqlayıb. Rassell, Mazepin və Şumaxer də növbəti dövrələrdə təzə təkərlərə keçiblər. Okon Qaslini də geridə qoyub. Ferstappen 37-ci dövrədə pit-stop edib, Bottas ona bir dövrə sonra cavab verib. Valtteri trasa öndə qayıtsa da, Maks dərhal onu keçib və uzaqlaşıb. Həmilton 2 dövrə sonra pit-stop edib və ikinci yerdə trasa qayıdıb.

Lekler daha sürətli olduğu üçün Sayns ona yol verib. Stroll 40-cı dövrədə Soft təkərlərə keçib. Növbəti 2 dövrədə Alonso və Rikkardo pit yoluna üz tutublar. Okon Saynı üstələyib. Mazepin trasa qayıdarkən Peresə mane olub, ona mavi bayraqlara əməl etmədiyi üçün 5 saniyəlik cəza veriblər. Alonso doqquzuncu yer uğrunda mübarizədə Rikkardonu qabaqlayıb. Peres nəhayət pit-stopa yollanıb. 52-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Bottas – Peres – Norris – Lekler – Okon – Sayns – Alonso – Rikkardo.

Bottas Ferstappenlə olan fərqi azaltsa da, 55-ci dövrədə güc itkisindən şikayətlənib. Sonra vəziyyət düzəlsə də, Maks kifayət qədər uzaqlaşıb. Covinatsi isə Fetteli keçərək 12-ci yerə yüksəlib. Alonso 58-ci dövrədə Saynsı ötərək 8-ci olub. 62-ci dövrədə Şumaxer Latifini geridə qoyub.

Bottas 64-cü dövrədə arxadakı sürücülərlə olan böyük fərqdən istifadə edərək sürətli dövrə vurmaq üçün Soft təkərə keçib. Bir dövrə sonra isə Ferstappen eyni addımı atıb. Niderlandlı sürücü ən sürətli dövrəyə sahib olsa da, 14-cü döngədə trasdan tam çıxdığı üçün nəticə ləğv edilib və Bottas aktivinə daha bir xal yazdırmağa nail olub. Rikkardo sona az qalmış, Saynsı keçərək 9-cu ola bilib.

Lyuis Həmilton mövsümdə ikinci, karyerasında isə 97-ci qələbəsini əldə edib. Maks Ferstappen ikinci olub, Valtteri Bottas isə podiumu tamamlayıb. Qeyd edək ki, bu, sözügedən 3 sürücünün eyni vaxtda çıxdığı 15-ci podiumdur.

Mübarizə gələn həftə Barselonada davam edəcək.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes ANG 1:34:31.241 1
2 33 Maks Ferstappen Red Bull + 0:29.148 2
3 77 Valtteri Bottas Mercedes AMG + 0:33.530 2
4 11 Serxio Peres Red Bull + 0:39.735 1
5 4 Lando Norris McLaren + 0:51.369 1
6 16 Şarl Lekler Ferrari + 0:55.781 1
7 31 Esteban Okon Alpine + 1:03.749 1
8 14 Fernando Alonso Alpine + 1:04.808 1
9 3 Daniel Rikkardo McLaren + 1:15.369 1
10 10 Pyer Qasli AlphaTauri + 1:16.463 1
11 55 Karlos Sayns Ferrari + 1:18.955 1
12 99 Antonio Covinatsi Alfa Romeo + 1 dövrə 1
13 5 Sebastyan Fettel Aston Martin + 1 dövrə 1
14 18 Ləns Stroll Aston Martin + 1 dövrə 1
15 22 Yuki Tsunoda AlphaTauri + 1 dövrə 1
16 63 Corc Rassell Williams + 1 dövrə 1
17 47 Mik Şumaxer Haas + 2 dövrə 1
18 6 Nikolas Latifi Williams + 2 dövrə 1
19 9 Nikita Mazepin* Haas + 2 dövrə 2

 

* – Mavi bayraqlara məhəl qoymadığı üçün nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Valtteri Bottas (Mercedes) – 1:19.865 (65-ci dövrə, 209.738 km/s)

MÜBARİZƏNİ DAYANDIRAN:

Sürücü Komanda Dövrə Səbəb
Kimi Rəykkönen Alfa Romeo 2 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Пилот Страна Команда Очки
1 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 69
2 33 Maks Ferstappen Red Bull Racing 61
3 4 Lando Norris McLaren F1 Team 37
5 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 32
6 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 28
7 11 Serxio Peres Red Bull Racing 22
8 3 Daniel Rikkardo McLaren F1 Team 16
9 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 14
10 31 Esteban Okon Alpine F1 Team 8
11 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 7
12 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 5
13 14 Fernando Alonso Alpine F1 Team 5
14 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 2

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 101
2 Red Bull Racing Honda 83
3 McLaren F1 Team Mercedes 53
4 Scuderia Ferrari Mission Winnow Ferrari 42
5 Alpine F1 Team Renault 13
6 Scuderia AlphaTauri Honda Honda 9
7 Aston Martin Cognizant F1 Team Mercedes 5
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*