Mövsümün yekunları-2017: Red Bull Racing

Formula1 üzrə 68-ci mövsüm artıq geridə qalıb. F-1.az hər bir komandanın mövsüm ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Komandanın 2017-ci il mövsümünə böyük ümidləri var idi. Çünki reqlamentdə ciddi dəyişikliklər olduqda Ədrian Nyui uğurun açarını tapmaqda ustadır. Lakin belə olmayıb – komanda əvvəlki mövsümlə müqayisədə 100 xal az qazanıb və eyni zamanda Mühəndislər Kubokunda Ferrari-yə uduzaraq üçüncü olub.

N Sürücü
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
3 Daniel Rikkardo 20 5 200 3 1
33 Maks Ferstappen 20 6 168 2 1

 

Red Bull Racing
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2017 20 3 368 2 1
2016 21 2 468 1 1
2015 19 4 187 2 2
2014 19 2 405 2 1
2013 19 1 596 1 1

Komandada hər kəs geridə qoyduğumuz mövsümdə yarışlarda qələbə və yekunda çempionluq üçün mübarizə aparacaqlarına inanırdı. Renault motorçularından gözləntilər böyük idi.

Maşın ardıcıllığa uyğun olaraq “uğursuz rəqəmə” rəğmən RB13 adlandırılıb. Rəng çalarları əvvəlki ildəki kimi olub. Komanda sürücü heyətini saxlayıb – rəhbərlik Daniel Rikkardo və Maks Ferstappenlə ambissiyalı planlarını reallaşdırmaq istəyib.

Qış testlərində Renault motorlarında problem aşkarlanıb və onların gücünü məhdudlaşdırmaq məcburiyyətində qalıblar. Maşın aerodinamik cəhətdən də gözləniləndən pis olub. Komanda ilk yarışa qədər problemləri həll etmək istəsə də, Melburndakı yarışda əsas rəqiblərindən aşkar şəkildə geri qalıblar. Sıralanma turunda beşinci olan Ferstappen finişə liderdən yarım dəqiqə gec çatıb. Qələbə və titul uğrunda mübarizə barədə söhbət belə gedə bilməzdi…

RB13-də asfaltayatma qüvvəsi və asfaltla ilişmə kifayət qədər yüksək olmadığından, təkərlərdən effektiv istifadə də mümkün olmayıb. Maşın daha ağır olanda (çən yanacaqla dolu olduqda) təkərlərlə daha yaxşı işləmək mümkün olub və bu da maşının yarışda daha rəqabətədavamlı olmasına gətirib çıxarıb.

Milton Kinsdə maşının daha sürətli olması üçün hər şey edilib. Hətta mövsümün gedişində RB13B adlı yeni şassiyə keçiləcəyi ilə bağlı şayiə də yayılıb. Lakin mühəndislər maşının tempini Avropa yarışlarının başlamasından etibarən mövsümün əvvəlində arzuladıqları həddə çatdırıblar. Amma rəqiblər də inkişaflarını davam etdiriblər və Kristian Horner təəssüflə qeyd edib: “Biz bir neçə ay geri qaldıq”.

Maraqlıdır ki, əvvəllər Ədrian Nyuinin öz innovativ ideyaları olurdusa da, bu dəfə RB13-də tez-tez Mercedes və Ferrari-nin gətirdiyi uğurlu yeniliklər görünüb. Əsas problem isə Renault-nun güc qurğusu ilə bağlı olub. Mercedes və Ferrari qış fasiləsində böyük irəliləyişə nail olublar. Renault-da da inkişaf hiss olunub, lakin rəqiblərindən çox geri qalıb. Komanda qələbə üçün hava şəraitinə, yarışda bir çox hadisələrin olmasına ümid bəsləməyə başlayıb. Azərbaycan Qran Prisində isə istədikləri hər şey baş verib. Motorçular güc qurğusuna daha 15 at qüvvəsi əlavə etməyə nail olublar, yeni arxa qanad isə maşının maksimal sürətinin artmasına imkan verib. Yarışda baş verənlər də hər kəsə məlumdur – xaotik yarış Rikkardoya qələbə qazanmağa imkan verib.

 

Növbəti yarışlarda maşın Ferrari ilə mübarizə aparmağa imkan verib. Lakin Mercedes açıq-aşkar üstün olub. Sıralanma turunda rəqiblərin daha üstün olması da komandanın işini çətinləşdirib. Buna baxmayaraq, Red Bull bütün yarışlarda ən azı bir sürücüsü ilə xal qazanmağı bacarıb ki, 2017-ci il üçün bununla ancaq Mercedes komandası da öyünə bilər. Mövsümün əvvəli Maks üçün uğursuz olub – hollandiyalı sürücü ilk doqquz yarışdan beşini başa vura bilməyib. Mövsümün sonunda isə Maks və Daniel sanki rollarını dəyişiblər. Avstraliyalı yeddi yarışın üçünü yarımçıq başa vurmalı olduğu halda, Ferstappen bütün yarışlardan xalla ayrılıb, hətta Malayziya və Meksikada qələbəyə sevinib. Nəticədə Maks sıralanma turlarında komanda yoldaşını üstələsə də (13:7), ümumi xal hesabında ona uduzub (168-200). Sepanqdakı yarış Red Bull üçün mövsümdə ən uğurlu olub – Ferstappenin qələbə qazandığı bu yarışda Rikkardo podiumun üçüncü pilləsinə yüksəlib.

Yaz aylarında Renault-nun Red Bull-dan gələn şikayətlərdən bezdiyi və eyni zamanda güclü bir rəqibə motor tədarük etmək istəməmələri barədə şayiələr çıxıb. Maraqlıdır ki, deyəsən, Avstriya təmsilçisi də fransızlardan ayırlmaq üçün hazırlıqlar görür. Toro Rosso komandası növbəti il Honda motorlarından istifadə edəcək. Bu da Red Bull-un gələcəkdə yaponlarla işləyəcəyinə işarədir…

Komanda 2018-ci ilə yaxşı formada başlamaq, ilk yarışlardan etibarən qələbələr və podiumlar qazanmaq niyyətindədir. Mövsüm çox maraqlı ola bilər!

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*