18 Sentyabr 2019, Çərşənbə - 05:05

Mövsümün yekunları-2016: Renault Sport Formula One Team

Mövsümün yekunları-2016: Renault Sport Formula One Team

Müəllif: Elçin Zodorov, redaktor

17:20 - 14 Dekabr, 2016

Formula1 üzrə 67-ci mövsüm artıq geridə qalıb. F-1.az hər bir komandanın mövsüm ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Zavod komandası olaraq Formula1-ə qayıdan Renault üçün 2016-cı ili keçid mövsümü kimi qələmə vermək olar. Həm bütün diqqətlər 2017-ci ilin maşınının hazırlanmasına yönəldilib, həm də sürücülərin qazandığı xallar komandanı Mühəndislər Kubokunda doqquzuncu edib.

NSürücü
YarışYerXalƏn yaxşı startƏn yaxşı finiş
20Kevin Maqnussen21167147
30Colion Palmer211811310

 

Renault / Lotus F1 TeamYarışYerXalƏn yaxşı startƏn yaxşı finiş
20162198137
20151967853
20141981058
201319431521
201220430321

Mercedes motoru ilə aradakı güc və etibarlılıq fərqinə, Red Bull-un kəskin şikayətlərinə baxmayaraq, Renault Formula1-də ancaq motor təchizatçısı kimi qalmaq istəməyib, zavod komandası olaraq idmana qayıtmaq qərarına gəlib. Bir neçə danışıqdan sonra, Berni Ekklstoundan tarixi komanda statusunu saxlamaq təminatını aldıqdan sonra ən optimal variant seçilib – keçən ilin son ayında şirkət Lotus F1 Team komandasını alaraq 2010-cu ildə satdığı komandaya nəzarəti geri qaytarıb…

Fervalın 3-də Parisdə təşkil olunan və FİA-nın prezidenti Jan Todtun da iştirak etdiyi mətbuat konfransında komandanın yeni strukturu və sürücülərin adları təqdim edilib.  Komandaya Renault Sport Formula One Team adı verilib. Jerom Stoll komandanın başçısı, Frederik Vassyör yarış direktoru, Bob Bell texniki direktor, Siril Abitebul isə icraçı direktor təyin olunub.

Arxada qoyduğumuz mövsüm komanda üçün keçid mövsüm adlana bilər. Çünki faktiki olaraq onlar Lotus-un Mercedes motoru üçün hazırlanmış şassisi ilə çıxış etməli olublar. Sadəcə maşın tələsik builki mövsümün reqlamentinə və Renault motoruna adaptasiya olunub.

renault-sport-f1-team

Təqdimatdan bir neçə gün əvvəl Pastor Maldonadonun komanda ilə müqaviləsi maliyyə problemləri üzündən ləğv olunmuş, ona görə də çempionatın debütantı Colion Palmerin komanda yoldaşı Kevin Maqnussen seçilib – danimarkalı sürücü 2014-cü ildə McLaren-in şərəfini qorumuşdu. Ehtiyat sürücü müqaviləsi GP3 seriyasının son çempionu Esteban Okonla, developer sürücü müqaviləsi isə Karmen Xorda ilə imzalanıb…

Təqdimat zamanı R.S.16 qara və sarı rənglərə boyanmışdı – qara rəng üstünlük təşkil edib. Onlar testlərdə də bu rəng qammasından istifadə ediblər, lakin mövsümün ilk yarışından əvvəl maşın yenidən boyanıb – sarı rəngə üstünlük verilib.

Mövsüm komanda üçün enişli-yoxuşlu olub. Artıq mövsümün ilk yarışında Melburnda Renault sürücüləri xal qazanmağa çox yaxın olublar – yarışı 11-ci və 12-ci yerlərdə tamamlayıblar. Çində isə ikinci onluğun sonlarında qərarlaşıblar. Onlar təkərlərin tez aşınması problemi ilə qarşılaşıblar və bu problemi həftəsonu ərzində həll etmək mümkün olmayıb. Lotus-un keçənilki şassisinin öz üstünlükləri var idi, lakin Renault üçün “özgəsinin” şassisindəki çatışmazlıqları aşkara çıxarmaq heç də asan olmayıb.

Barselonadakı yarış ərəfəsində komanda rəhbərliyində fikir ayrılığı meydana gəlib. Bəziləri bolidin inkişafı üçün çalışmaları davam edərək Mühəndislər Kubokunda mümkün qədər yaxşı yer tutaraq daha böyük məbləğdə mükafata sahib olmağa səy göstərməyi təklif ediblər. Digərləri isə vaxt itirmədən növbəti mövsümün bolidi üzərində işləməyin vacib olduğunu vurğulayıblar. Yekunda hər iki tərəf kompromisə gedib. Red Bull-un mövcud güc qurğusu ilə göstərdiyi nəticələrə də diqqət yetirilib və komandanın heç olmasa xal uğrunda mübarizə aparması üçün çalışmağa qərar verilib. Lakin təəssüf ki, növbəti xal üçün payızda baş tutan Sinqapur Qran Prisini gözləməli olublar…

palmer-monaco-crash

Monako Qran Prisi komanda üçün hər iki sürücünün qəza etməsi ilə nəticələnib. Maqnussenin maşınını bərpa etmək mümkün olub, lakin Palmerə növbəti yarışda yeni şassi verilib, çünki Monte Karloda onun maşınının hətta monokok hissəsi də zərər görübmüş. Kanadada Maqnussen yenə qəzaya uğrayıb və komanda Bakıya ehtiyat şassi olmadan yollanıb.

Britaniya Qran Prisindən sonra keçirilən testlərdə Sergey Sirotkin maşının sükanı arxasına keçib. Rus sürücü apreldə komandanın test sürücüsü təyin olunub. O, həmçinin Soçidə və İnterlaqosda cümə günü keçirilən birinci sərbəst yürüşlərdə iştirak edib. Esteban Okon isə dörd dəfə – İspaniya, Britaniya, Macarıstan və Almaniyada komandaya məşqlərdə kömək edib. Fransız sürücü son doqquz yarışda isə Manor-da çıxış edib.

Hələ mövsümün əvvəlində rəhbərlik bildirmişdi ki, onlara ulduz sürücü yox, gənc və prespektiv vəd edən sürücü lazımdır. Bununla da onlar Maqnussenə işarə etmişdilər. Lakin yayda məlum olub ki, Maqnussen komandanın əldə etdiyi nəticələrdən razı deyil və onları tənqid edir. Komandanın rəhbərliyi liderlik keyfiyyətlərinə malik sürücüyə ehtiyaclarının olduğunu bildirib. Bununla da Maqnussenin mövsümün sonunda komandadan gedəcəyi barədə şayiələr yaranıb. Payızın əvvəlində bəzi sürücülər – Peres, Bottas, Hülkenberq və Sayns Renault-dan təklif alıblar. Müzakirələr aşkar şəkildə aparılıb və bu müddət ərzində komanda Maqnussenə heç bir təkliflə müraciət etməyib. Bu, danimarkalı sürücünü narazı salıb. Həm Renault, həm də Maqnussen ayrılıq qərarını ən doğru addım hesab ediblər…

kevin-magnussen

2017-ci ildə Palmerin komanda yoldaşı təcrübəli Niko Hülkenberq olacaq, Maqnussen isə Haas-ın tərkibində yarışacaq. 2017-ci il komanda üçün çox mühüm olacaq. Onlar geridə qoyduğumuz mövsümdə cəmi üç yarışı xalla başa vura biliblər. Lakin gələn mövsüm onlardan daha böyük nəticələr gözləyirlər. Onların ən azından aralarındakı mübarizənin çox gərgin olduğu orta qrup komandaları ilə yarışacaqlarına ümid etmək olar. Komanda qayıdışdan üç il sonra yarışlarda qələbələr qazanmaq və titul uğrunda mübarizə aparmağı hədəfləyib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 631
Teqlər , , , , , , , , ,
Paylaş

logo