Mövsümün ilk yarışını Dennis qazanıb

Gecəyarısı Meksikanın paytaxtı Mexikoda Rodriges qardaşlarının adını daşıyan avtodromda 9-cu Formula E çempionatında mövsümün ilk yarışı start alıb.

F-1.az xəbər verir ki, yarış texniki problemlərlə üzləşən və qəza edən sürücülərə görə bir neçə dəfə Təhlükəsizlik Maşını ilə neytrallaşdırılıb. Yeni GEN3 maşınları sələfindən güclü və yığcam olsa da, stasionar trasda ötmə etmək çox çətin olub.

İlk ötməni isə ikinci yerdən start alan Ceyk Dennis reallaşdırıb – sıralanma turunda öz səhvləri üzündən poulu əldən verən britaniyalı sürücü yarışda rəqibləri üçün əlçatmaz olub. Andretti komandasının sürücüsü mövsümə inamlı qələbə ilə başlayıb – finişdə Ceykin üstünlüyü 8 saniyə təşkil edib.

Pouldan start alan Lukas di Qrassi Dennisi buraxdıqdan sonra Paskal Verlyaynın da hücumlarına tab gətirə bilməyib. Bundan sonra Paskal Lukasdan 10 saniyə uzaqlaşıb.

Yarış tempi zəif olan Lukas arxasına böyük qatar toplayıb – əvvəlcə McLaren-dən Ceyk Hyuzun, daha sonra Andre Lottererin hücumlarını məharətlə dəf edən di Qrassi ilk yarışı podiumda başa vura bilib.

McLaren komandası debüt yarışında Hyuzla beşincilik qazanıb. Keçənilki çempion Stoffel Vandorn mövsümün ilk yarışını 10-cu yerdə başa vurub.

İki həftədən sonra çempionat iştirakçıları Səudiyyə Ərəbistanında qoşa yarış keçirmək üçün bir araya gələcəklər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*