Mövsümün ilk poulunu di Qrassi qazanıb

Mexikoda Rodriges qardaşlarının adını daşıyan avtodromda Formula E çempionatının 9-cu mövsümü start götürüb.

F-1.az xəbər verir ki, yeni maşınlar, yeni istehsalçılar, yeni komandalar və yeni sürücülərin iştirak etdiyi çempionat azarkeşlər tərəfindən böyük maraqla gözlənilib.

Dünən və bu gün baş tutan məşqlərdə favoriti söyləmək çətin olsa da, hamı yeni maşınların doğrudan da sürətli alındığının şahidi olub.

Sıralanma turunun qrup mərhələsi isə gözlənilməz nəticələrlə başlayıb – keçənilki dünya çempionu Stoffel Vandornla yanaşı seriyanın əvvəlki çempionları: Antoniu Feliks da Koşta və Jan Erik Vern mübarizəni dayandırmalı olublar. Çempionatın debütantı Maserati və ABT komandaları tam heyətlə qrupda qalıblar. McLaren komandasının təcrübəli sürücüsü Rene Rast mübarizədən kənar qalsa da, debütant Ceyk Hyuz pley-offa yüksəlib.

İlk duel görüşündə keçmiş çempionlar üz-üzə gəliblər və Lukas di Qrassi Sebastyen Buemini cəmi 0.019 saniyə fərqlə üstələyib. Ondan başqa Andre Lotterer, Hyuz və Ceyk Dennis yarımfinala yüksəliblər.

Bu mərhələdə Andretti komandasından Lottererin səhvindən yararlanan Mahindra komandasının sürücüsü di Qrassi finala çıxıb. Digər dueldə Ceyklər üz-üzə gəliblər və Hyuzun mükəmməl nəticəsinə Andretti komandasının digər sürücüsü Dennis möhtəşəm cavab verib.

Finalda isə di Qrassi bu dəfə Dennisin ardıcıl iki ciddi səhvindən yararlanıb və 2017-ci ildən sonra ilk pouluna sevinib.

Mövsümün ilk yarışı bu gecə Bakı vaxtı ilə saat 00:03-də başlayacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*