14 Noyabr 2019, Cümə axşamı - 19:55

Mercedes komandası Verlyayn barədə Sauber-lə danışıqları dayandırıb

Mercedes komandası Verlyayn barədə Sauber-lə danışıqları dayandırıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:31 - 07 Dekabr, 2016

Almaniyanı çempionatda təmsil edən avtoistehsalçı öz yetirməsi üçün Hinvilldən olan komandada yer almaq imkanlarını dəyərləndirirdi, amma Niko Rosberqin gözlənilməz istefasından sonra danışıqlar dayandırılıb – Paskal zavod komandasında yer ala bilər…

Mercedes komandasında vakant yerə namizədlərin siyahısında Paskal Verlyayn ilk sətirdə qərarlaşıb və digər əsas namizədlərdən fərqli olaraq, həm komandaya, həm də maşına bələddir. Almaniyalı sürücü gələn mövsüm üçün müqaviləsiz qalan azsaylı sürücülərdəndir, amma onun adı son günlərdə Sauber komandasında qalan yerlə bağlı hallanırdı.

Onun gələcəyi ilə bağlı danışıqları Mercedes-in nümayəndələri aparırdılar, amma Niko Rosberqin məlum qərarından sonra vəziyyət dəyişib. Bu gün Mercedes Motorsport-un başçısı Toto Volff DPA agentliyinə təsdiq edib ki, isveçrəlilərlə danışıqlar dayandırılıb: “Bizim Sauber-lə danışıqlarımız çox uzağa getmişdi. Son həftələr ərzində biz müqavilənin bir çox maddələrində razılıq əldə etmişdik, amma indi vəziyyət dəyişdiyi üçün biz danışıqları dayandırmışıq”.

Volff özü Verlyaynı komandaya gətirməyin aktiv tərəfdarıdır, amma başa düşür ki, 22 yaşlı gənc sürücü son 3 ilin çempion komandasında üçqat dünya çempionu ilə birlikdə ciddi pressinq altında işləməli olacaq: “Paskal ambisiyalı və iddialı gənc sürücüdür. Onun ciddi məqsədləri var və biz onu dəstəkləyirik. Məhz buna görə də Paskal bizim gənc sürücülər proqramının üzvüdür.

O, Manor-da bu il əla mövsüm keçirdi. Əgər mən ona Milad hədiyyəsi etmək istəsəydim, orta səviyyəli bir komandada daha iki mövsüm keçirməsini istəyərdim. Amma, deyəsən, bu il ona belə hədiyyə verə bilməyəcəm.

Onun məsələsində düzgün kompromis tapmaq lazımdır. Niko cəsarətli addım atdı, bəlkə biz də belə cəsarətli olmalıyıq?”

F-1.az xatırladır ki, Volff əvvəldən demişdi ki, heç bir komanda ilə müqavilə müharibəsinə çıxmaq istəmir, ona görə də, ya müqaviləsiz sürücü ilə, ya da müqaviləsini vaxtından əvvəl dayandırmaq mümkün olan sürücü ilə müqavilə bağlanacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 764
Teqlər , , , , , ,
Paylaş

logo