Mercedes-dən yeni rəng çalarları

Mercedes komandası Belçika Qran Prisində öz maşınlarını yeni rəng çalarlarına boyayacaq - daha doğrusu, maşınların ön hissəsi qırmızı rəngə boyanacaq, tam yekun variant bu gün axşam və ya sabah səhər təqdim olunacaq.

F-1.az xəbər verir ki, hər şey komandanın Formula1-də də mübarizə apardığı AMG brendinin 55 illik yubileyi ilə bağlıdır. Tarixdən məlumdur ki, bu brend fəaliyyətə adi yarış komandası kimi o zaman turinq yarışları üçün standart Mercedes W109 (300 SEL 6.8 AMG) sedanının bazasında hazırlanmış maşınla başlamışdı.

Məsələ burasındadır ki, 1955-ci ildə Mercedes-in üzündən Le Manda avtomobil qəzası nəticəsində 84 nəfər həlak olduqdan sonra brend bu cür təhlükəli yarışlarıı tərk etmək qərarına gəlmişdi. Nəticədə, əgər Mercedes yarış meydançalarında peyda olurdusa da, bunu yalnız kənar şirkətlər adi avtosalonlardan alınmış yol maşınları üzərində qurulmuş idman maşınları ilə edirdilər.

AMG komandasının da ilk yarış avtomobili məhz bu prinsiplə hazırlanmışdı və xarakterik qırmızı rənginə, eləcə də bir qədər irihəcmli formasına görə ona “Qırmızı Donuz” ləqəbi verilmişdi. Zəhmli görünüşünə baxmayaraq, maşın idman yarışlarında çox uğur qazanmışdı.

Bundan sonra AMG diqqətini Mercedes avtomobillərinin tüninqinə yönəldib. 1999-cu ildə o, ana konsernlə birləşib və indi Formula1-də gümüşü oxların bir hissəsi kimi çıxış edir.

Belçika Qran Prisində son 8 ilin çempionları qırmızı burunla yanaşı pilotların adları və nömrələri olan dairəvi stikerlərlə fərqlənəcəklər – məhz “Qırmızı Donuz”un üzərində olduğu kimi…

P.S. Sonda bir faktı da qeyd edim ki, 300 SEL 6.8 AMG 1971-ci ildə Spada sutkalıq marafonun qalibi olmuşdu – bu gün Lyuis, Corc və Toto həmin maşınla Spada dövrələr vurublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*