M.Ferstappen: “Ferrari sürücüləri özlərindən utanmalıdırlar”

Ferstappen Fettelin "qəzanın səbəbkarı Ferstappen idi" açıqlamasından sonra ağzını açıb və gözünü yumub...

F-1.az xəbər verir ki, Ferstappen bu gün verdiyi açıqlamada bildirib ki, Belçika yarışında hər şeyi düzgün edib və hollandiyalı əlavə edib ki, Ferrari sürücüləri ilk döngədə etdikləri qəzaya görə özlərindən utanmalıdırlar.

Xatırladaq ki, Ferrari sürücüləri Belçika yarışında yaxşı start alıb, ilk döngəni Ferstappenin önündə dönsələr də, təmas yaşayıblar və hər 3 sürücü bu insidentə görə geriyə düşüb. Növbəti dövrələrdə Rəykkönen və Ferstappen yenə mübarizə aparsalar da, iki sürücü arasında yenə təmas yaşanıb. Yarışdan sonra Ferrari sürücüləri Ferstappeni təhlükəli sürdüyü üçün xəbərdarlıq ediblər. Amma Fettel dünən bildirib ki, ilk döngədəki insidentin səbəbkarı Ferstappen olub. Ferstappen isə Fettelə sərt cavab qaytarıb: “Məncə, onlar özlərindən utanmalıdırlar. Çünki hər ikisi də təcrübəli sürücülərdir və bir-birlərinə çırpıldılar. Öz qəzalarında məni günahkar saymaqları əsl axmaqlıqdır. Yarış bitib. Olan-olub və keçən keçib. Niyə hadisələri dramatikləşdirirlər?

Onlar başa düşməlidirlər ki, yarışımı məhv ediblər və buna görə də məmnun deyiləm. Orada 3 bolidin keçməsi üçün yer var idi və mən Kimiyə hücum etdim. Daha sonra isə Kimi məni divara sıxdı və təmas yaşadıq. Təkrara baxanda səhvin Fetteldə olduğunu görürük”.

Ferstappen Rəykkönen ilə mübarizəsi barədə də danışıb: “Əgər mənim yarışımı məhv etsələr, onlardan bunun heyfini çıxaram. Bunu başa düşməlidirlər. Mən onlara “buyurun, keçin” deməyəcəm ki. Amma onu da əlavə edim ki, ilk dövrədə axmaqlıq etməsəydi, Kimiyə qarşı sərt müdafiə olunmazdım”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*