Kimi Antonelli: Mən getdikcə daha çox titul haqqında düşünürəm

Kimi Antonelli mövsümün on beşinci mərhələsi olan Azərbaycan Qran Prisiyə ən yaxın izləyicisi Corc Rassell üzərində 81 xallıq üstünlüklə gəlib. Bakıda Mercedes sürücüsü bildirib ki, artıq çempionluq titulu barədə düşünür, amma işin sonadək çatdırılmasının vacibliyini anlayır və buna görə də vaxtından əvvəl arxayınlaşmaq niyyətində deyil.

Kimi Antonelli: “Hələ hər şey bitməyibsə, deməli, heç nə bitməyib. Finiş xəttini keçməyənə qədər hər şey dəyişə bilər. Bu, elə tennisdəki kimidir – hər servis uğrunda mübarizə aparmalısan, bizdə isə hər yarışda.

Mən maksimum dərəcədə çalışmalı, səviyyəni yüksəltməli və nəticə qazanmalıyam. Görək, bu, ilin sonunda bizi hara aparacaq. Mövsümün sonuna yaxınlaşdıqca titul barədə daha çox düşünürəm, amma hər dəfə eyni nəticəyə gəlirəm – indi nə edərəmsə, onu etməyə davam etməli və nəticələr göstərməliyəm.

Titulun taleyi nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır. Amma buna hələ çox var və asan olmayacaq. Qarşıda çox gərgin mübarizə var, amma mən maksimumumu ortaya qoymağa və bundan həzz almağa hazıram”.

Bakıda qələbə şanslarını dəyərləndirən Kimi deyib: “Düşünürəm ki, bu tras bizə uyğun ola bilər, amma əgər McLaren daha güclü çıxış etsə, ya da Red Bull Maks Ferstappen və hətta Ayzek Həcər ilə önə keçsə, o zaman bizi elə həftəsonlarından biri gözləyə bilər ki, podiumla və ya dördüncü yerlə kifayətlənməli olarsan. Əlbəttə, biz həmişə qələbəyə can atırıq, amma baxarıq.

Bu trasda səhvə yol vermək olmaz. Ən azı, səhv etmək üçün demək olar ki, heç bir hüququn yoxdur, ona görə də həftəsonu ərzində tempi tədricən artırmaq və həlledici anda maşından maksimumu çıxarmaq vacibdir.

Bununla yanaşı, nəsə yolunda getməsə, hər zaman kiçik ehtiyat saxlamaq lazımdır. Bakıda əla tras var, amma o, çox çətindir. Ümid edirəm ki, sürətli olacağıq”.