Toto Volff: Kimi ən cəsarətli gözləntiləri belə üstələyir

Toto Volff yalnız Formula1-də Mercedes-in zavod komandasının rəhbəri deyil, o, həm də atadır və onun 8 yaşlı oğlu Cek artıq avtosportda ilk uğurlarını qazanır. Cek Volff kartinq üzrə WSK Avropa seriyasının Mini U10 kateqoriyasında çıxış edir və bu həftəsonu İtaliyanın Kremona şəhərində keçirilən final mərhələsində iştirak edir.

Yeri gəlmişkən, onun rəqibləri arasında keçmiş Formula1 sürücüsü Gerhard Bergerin kiçik oğlu Yohan Berger də var. Avtomobil idmanının nəzəriyyə və praktik tərəflərini Cekə öyrətməyə Kimi Antonelli kömək edir – o, hazırda dünya çempionatında liderdir.

“Onların münasibətləri əladır! – deyə Volff Gazzetta dello Sport-a müsahibəsində söyləyib. – Onlar artıq təxminən beş ildir tanışdırlar – o vaxt Cek cəmi üç yaşında idi və həmişə Kimiyə heyran olub; Kimi isə atası Marko Antonelli ilə birlikdə ona böyük dəstək göstərir. Onlar tez-tez onun yarışlarında olurlar və bu onun üçün çox vacibdir.

Kimini Mercedes komandasına dəvət etdikdə bilirdik ki, ona adaptasiya və inkişaf üçün bir il vaxt vermək lazımdır, çünki Formula1 gənc sürücülərin seriyalarından tamamilə fərqli dünyadır. O, maşının sükanı arxasında rahatlaşmalı, sponsorlarla əməkdaşlıq etməyi və mətbuatla ünsiyyət qurmağı öyrənməli idi. Həmişə qarşısında ikinci mövsümündə irəliləyiş göstərmək vəzifəsi dururdu.

Kimi də məhz bunu etdi: o, çox yüksək səviyyədə çıxış edir və möhtəşəm nəticələr göstərir. Hazırda o bizim ən cəsarətli gözləntilərimizi belə üstələyir, lakin onun rahatlaşmağa haqqı yoxdur. Hamı onu tərifləyir, amma mən həmişə ondan balansı qorumağı xahiş edirəm.

Kimini üç titula sahib olmuş və bütün zamanların ən böyük sürücülərindən birinə çevrilmiş Ayrton Senna ilə müqayisə edə bilmərik. Antonellinin indiyədək hesabında beş qələbə var, ona görə də ona inkişaf etmək üçün vaxt vermək lazımdır. Biz ona 9-10 yaşı olanda diqqət yetirdik və o vaxtdan kartinqdə kifayət qədər uğurlu çıxış edirdi. Biz onu izləməyə başladıq və 2019-cu ildə o, Mercedes-in gənclər proqramına qoşuldu.

Amma onun uğurları həm də ailənin dəstəyinin sayəsindədir, çünki onun atası keçmiş sürücü, AKM və Antonelli Motorsport komandalarının sahibi olaraq oğluna düzgün məsləhətlər vermək gücünə malikdir”.

Toto Volff, həmçinin uzun müddət Mercedes-də yarışmış, indi isə Ferrari-nin sükanı arxasında çıxış edərək podiumlara qalxan, SF-26 ilə ilk qələbəsini qazanmış və fərdi hesabda 3-cü yerdə olan Lyuis Həmilton barədə də bir neçə söz deyib:

“Mən heç vaxt Lyuisdən şübhələnməmişəm, biz bilirik ki, o böyük çempiondur. Ona yalnız düzgün maşın lazımdır və Ferrari-də o cür maşını əldə etdi. Buna görə indi HƏmilton yalnız yarış qələbələri üçün yox, həm də çempionluq titulu uğrunda mübarizə apara bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*