Karlos Onoro: Müqavilə danışıqları şahmat kimidir

Müasir Formula1-də hər komandanın ştatında yüzlərlə əməkdaş çalışır, lakin bu nəhəng kollektivlərin içində qat-qat kiçik tərkibli qruplar fəaliyyət göstərir - söhbət hər sürücünün yaxın ətrafından, maksimum mümkün nəticələrə çatmağa kömək edən insanlardan ibarət komandadan gedir.

Karlos Saynsın əmisi oğlu və eyni zamanda, ispan sürücünün meneceri Karlos Onoro çempionatın rəsmi saytına onların iş prinsipindən və avtoidmanda “mənasız mövsüm” adlandırılan dövr, yəni növbəti müqavilə danışıqları başlayanda və paddok müxtəlif şayiələrlə dolduqda necə davrandıqları barədə danışıb.

“Mən maşını sürmürəm, amma onun həyatının demək olar ki, bütün aspektlərinə təsirim var, – deyə Onoro söhbətə başlayıb. – Mənim vəzifələrimə vergilər, maliyyə, hüquqşünaslarla əlaqələr – yəni Karlosun trasdan kənarda həll etməli olduğu bütün məsələlər daxildir.

Və trasda mən onun komandası ilə münasibətlərinin qurulmasına kömək edirəm, müqavilələrlə məşğul oluram, sponsorlarla razılığa gəlirəm və sadəcə onunla birlikdə hər yerə səfər edirəm. Biz hər cür təşvişlə dolu dünyada yaşayırıq, amma, məncə, yaxşıdır ki, onun yanında yaxşı tanıdığı və etibar etdiyi biri olsun”.

Karlos Onoro da idman ailəsindən gəlib – onun atası ralli üzrə iki dəfə İspaniya çempionu olub. Və əlbəttə ki, o, ömrünün böyük hissəsini Karlosun atası, ikiqat dünya çempionu Karlos Saynsla münasibətlər qurmaqla keçirib, o da onun doğma əmisidir.

Onun iqtisadi təhsili var, əvvəlcə Onoro maliyyə sahəsində işləyib, amma həmişə avtomobil idmanına böyük həvəs bəsləyib və Formula1 yarışın ilk dəfə 2015-ci ildə Sinqapurda yaxından izləyib.

“Mən ona vurulmuşdum! – deyə Karlos xatırlayır. – Təsəvvür edin, mənim kimi daim Formula1-ə maraq göstərən, yarışları televiziyada izləyən birinin paddoka düşməsi və sürücü ilə birlikdə ora tam çıxış əldə etməsi necə hissdir”.

O vaxt Karlos Sayns debütant idi, Toro Rosso-da çıxış edirdi, həmin ilin sonunda sürücünün atası Onoroya zəng edib əməkdaşlığı düşünməyi təklif edib. Ertəsi gün isə onlar gələcək iş perspektivlərini üçlükdə müzakirə ediblər.

“Öz ailə üzvləri və dostlarla işləyərkən çox ehtiyatlı olmaq lazımdır, – deyə Onoro davam edib. – Ailə işlərini bizneslə qarışdırmaq olmaz, biz də ilk növbədə bunu razılaşdırdıq. Bu, prioritet məsələdir və hesab edirəm ki, biz bununla yaxşı məşğul oluruq. Mən həmişə Karlosa elə münasibət göstərirəm, necəki əvvəl iş yerlərində bütün iş tərəfdaşlarıma yanaşmışam – qarşılıqlı hörmətimiz eynidir və münasibətlərimiz də təxminən eynidir.

Və evə qayıtdıqda, yay tətilini birlikdə keçirdikdə və ya başqa işlərlə məşğul olduqda, mən sadəcə ondan yaşca böyük olan əmioğluyam və işlər barədə danışmırıq. Qolf oynayanda, padel-tennis oynayanda, birlikdə nahar edəndə biznes mövzularını qabartmırıq.

Amma trasdayıqsa və ya birlikdə səyahət ediriksə, təyyarədə belə hər münasib anı istifadə edib notbuku açır və qrafik və ya cari işlərlə məşğul oluruq, çünki uçuşlar saatlara davam edə bilər.

Aramızda açıq və etibarlı münasibətlər var. Hər hansı birimiz görsə ki, işlər əksinə gedir, lazımi nəticə əldə olunmursa, həmişə əllərini qaldırıb deyə bilər: “Buna əl atmaq lazımdır, bunu dəyişmək lazımdır”.

Mən artıq bilirəm ki, Karlosa nə xoş gəlir, nə gəlmir və bunu komandaya rahatlıqla izah edə bilirəm. Məsələn, şənbə günləri üçüncü məşqdən kvalifikasiyaya qədər heç bir sponsor görüşünün keçirilməsinə icazə vermirik ki, sürücü heç nə ilə yayındırılmasın. Bu vaxt o, mühəndislərlə ünsiyyətə və ya konsentrasiyaya fokuslanmalıdır.

İllər ərzində nə edilməsi və nə edilməməsi lazım olduğunu öyrəndim və nəticə etibarilə bu, hər kəsin həyatını asanlaşdırır”.

Menecerin Formula1-dəki rolunun vacib tərəflərindən biri də əvvəlcə qeyd etdiyimiz “mənasız mövsüm” zamanı işləməkdir – komandaların tərkib dəyişiklikləri ilə bağlı şayiələrin ortaya çıxdığı dövr.

“Sirr deyil ki, 2024-cü il bizim üçün, paddokun 99%-i üçün olduğu kimi, sürpriz oldu. Əlbəttə, bu asan an deyildi, çünki mən özümü məsul hiss edirdim və Karlos üçün yaxşı müqavilə əldə etmək üçün bütün səylərimi göstərməli idim. Eyni zamanda, hər gün cari işlərlə məşğul olmaq lazım idi.

Gecə yatmağa vaxt yox idi, fasiləsiz telefon danışıqları aparmalı idik və bütün bu iş yorucuydu, amma doğru strategiyanı işləyib hazırlamaq üçün təmkinli və aydın düşüncəli qalmaq lazım idi.

Karlos Saynsın atası da danışıqlarda öz rolunu oynayır, baxmayaraq ki, gündəlik məsələlərin həllində iştirak etmir. Amma Formula1 müqaviləsi barədə danışanda biz həmrəyliklə yaxşı işləyirik və hər şeyi birlikdə müzakirə edirik…

Bu, şahmat oynamağı xatırladır. Növbəti gedişə hazırlaşırsan, amma niyyətlərinin aydın olmasını istəmirsən. Şahmat taxtasında fiqurlarını ehtiyatla irəli sürməlisən. Bir neçə insanla danışıqlara başlayanda məlumat sızmaları başlayır, mətbuat buna çaxnaşma ilə yapışır və sonra şayiələr dalğası gəlir və həmin “mənasız mövsüm” başlanır.

Bununla belə, bu həmişə əyləncəli və özünəməxsus maraqlıdır. Müxtəlif söhbətlər eşidirsən və bunların nə dərəcədə həyata uyğun olduğunu, hansının isə sadəcə uydurma olduğunu anlamağa çalışırsan.

Bizim vəzifəmiz Karlosa bütün mümkün variantları təqdim etməkdir, sonra isə o öz qərarını verməlidir. O həmişə danışıqlar prosesində iştirak edir, biz onu hər şey barədə məlumatlandırırıq və strategiyanı birlikdə müzakirə edirik, ən sərfəli şərtlərə nail olmağa çalışırıq, lakin qərarı məhz o verir.

Biz həmişə mümkün qədər peşəkar davranmağa, körpüləri yandırmamağa çalışırıq, çünki Formula1-də gələcəyin necə formalaşacağını heç vaxt bilmirsən. Hər zaman hər komandaya qarşı korrekt, dürüst və səmimi olmağa çalışırıq. Düşünürəm ki, indiyədək bunu bacarmışıq…”