Kanada-2017: Yarış

Kanada Qran Prisi cari mövsümdə ən maraqlı yarışlardan biri olub. Burada sürətlər yüksək, bariyerlər isə trasa çox yaxındır. Asfaltayatma qüvvəsi uzun düzlüklərə görə daha azdır və bu gün baş tutan yarışda bu amillərə arabir güclənən külək də əlavə olunub.

F-1.az xatırladır ki, Mercedes AMG bundan əvvəlki üç mövsümdə Monreala Mühəndislər Kubokunda lider kimi gəlmişdi. Amma bu il reqlamentin dəyişməsi qüvvələr nisbətinə də təsir göstərib. Fettel Kanadaya çempionatda 25 xal fərqlə lider kimi gəlib. Ferrari isə indiyə qədər demək olar ki, bütün traslarda üstün olmuşdu. Mercedes AMG isə xüsusilə yumşaq təkərlərlə maksimuma nail olmaqda çətinlik çəkirdi.

Pirelli Kanadaya ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkibləri gətirib. Soft təkərlərdən həftəsonu ərzində az istifadə olunmuşdu, sıralanma turunun ikinci və üçüncü sessiyalarında isə sürücülər UltraSoft təkərlərlə çıxış etmişdilər.

Şənbə günü Lyuis Həmilton karyerasında 65-ci poulu qazanaraq Ayrton Sennaya çatmışdı, Sıralanma turundan sonra Sennanın ailəsi Lyuisə əfsanəvi sürücünün dəbilqələrindən birini təqdim etmişdi. Yarışa Həmilton və Fettel birinci, Bottas və Rəykkönen ikinci, Ferstappen və Rikkardo isə üçüncü cərgədən başlayıblar.

Paskal Verlyayn sıralanma turunda qəzaya uğramışdı, buna görə də komandanın mexanikləri qapalı parkın qaydalarını pozmalı olublar. Onlar Paskalın maşınının arxa qanadını və ötürmələr qutusunu dəyişiblər və alman sürücü yarışa pit yolundan start verib. Yarışa Verlyayn və Maqnussen SuperSoft, digər bütün sürücülər isə UltraSoft təkərlərlə başlayıblar.

Sürücülər isinmə dövrəsinə yollanarkən Kvyatın maşınında problem yaranıb və rus sürücü yerindən bütün rəqibləri ötüb keçəndən sonra tərpənə bilib. Lakin Daniil startda öz yerini tutub. Startda Həmilton mövqeyini qoruyub, yarışa möhtəşəm başlayan Ferstappen ikinci yerə qədər yüksəlib. Onunla təmas yaşayan Fettel isə dördüncü yerə qədər geriləyib. Qrojanla təmas yaşayan Sayns yerində fırlanıb və sürətlə Massanın maşınına çırpılıb. Nəticədə hər iki sürücü mübarizəni dayandırıb və Təhüləksizlik Maşını (TM) trasa daxil olub. TM-in arxasında ilk onluq belə olub: Həmilton – Ferstappen – Bottas – Fettel – Rikkardo – Rəykkönen – Peres – Okon – Hülkenberq – Kvyat.

3-cü dövrədə TM trası tərk edib və restart verilib. Ferstappen hücum etməyə cəhd göstərsə də, Həmilton liderliyini qoruyub. Rəykkönen trasdan çıxıb və Peres tərəfindən keçilib. Altıncı dövrədə Fettel pit-stopa yollanıb. Təkərlərlə yanaşı, maşının burun hissəsi də dəyişdirilib və alman sürücü trasa sonuncu yerdə qayıdıb. Bundan beş dövrə sonra isə Ferstappen güc itkisinə görə ikinci döngənin çıxışında maşını saxlamalı olub və yarış onun üçün başa çatıb.

Virtual Təhlükəsizlik Maşını (VTM) rejimi elan edilib. Eriksson, Hülkenberq və Palmer təkərlərini dəyişiblər. VTM rejimi başa çatmamış Vandornu ötən Maqnussen bir qədər sonra 5 saniyəlik Stop cəzası alıb. 12-ci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Bottas – Rikkardo – Peres – Rəykkönen – Okon – Kvyat – Alonso – Vandorn – Maqnussen.

Kvyata start zamanı yanlış yer tutduğu üçün pit yolundan keçmək cəzası verilib. 18-ci dövrədə Rəykkönen, 19-cu dövrədə isə Rikkardo pit-stop edib. Növbəti dövrədə də Peres təkərlərini dəyişib. Peres və Rəykkönen Alonsonu, Fettel isə Maqnusseni üstələyib.

24-cü dövrədə Mercedes AMG Bottası pit-stopa çağırıb. Alonsonu bu dəfə də Fettel ötüb. Bottas bir neçə dəfə Okona hücum edib, lakin Force İndia-nın sürücüsü yaxşı müdafiə olunub. 32-ci dövrədə pitə yollanan Lyuis trasa lider kimi qayıdıb. Rəykkönen daha bir pit-stop edərək yarışı UltraSoft təkərlə davam etdirib. McLaren sürücülərindən Alonso 43-cü, Vandorn isə 47-ci dövrədə pitə çağırılıblar. Fettel Rikkardo və Force İndia sürücülərinə çatıb, 50-ci dövrədə isə ikinci pit-stopunu edib. Komandası Peresdən Rikkardoya hücum etmək üçün daha yaxşı tempə malik olan Okonu irəli buraxmağı xahiş edib, lakin meksikalı sürücü buna məhəl qoymayıb.

Daniil Kvyat pitə gəlib və trasa liderdən iki dövrə geridə qayıdıb. Lakin bir qədər sonra yenidən pit yoluna üs tutan sürücü üçün yarış başa çatıb. 57-ci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Bottas – Rikkardo – Peres – Okon – Rəykkönen – Fettel – Hülkenberq – Stroll – Alonso.

Sona 10 dövrə qalmış əyləc sistemində problem yaşayan Rəykkönen trasdan çıxaraq vaxt itirib və komanda yoldaşı tərəfindən keçilib. Fettel dərhal Force İndia sürücüləri ilə fərqi azaldıb. Birinci döngədə Fettel hücum edib və Okon otluq sahəyə çıxaraq vaxt itirib. Alman sürücü həm Okonu, həm də Peresi ötüb. Lakin Fettel də sonuncu döngədə trasdan çıxıb və Force İndia sürücüləri əks-hücuma keçmək üçün şans əldə ediblər. 67-ci dövrədə isə artıq alışdığımız mənzərə təkrarlanıb – yarışa 10-cu yerdə davam edən və komandasına mövsümdə ilk xalı qazandırmağa çox yaxın olan Alonso motor probleminə görə mübarizəni saxlamalı olub. İspan sürücü maşını çox əsəbi halda tərk edib və azarkeşlərin yanına tribunaya yollanıb.

Lyuis Həmilton mövsümdə üçüncü, karyerasında 56-cı, Kanadada isə altıncı qələbəsini qazanıb. Karyerasında dördüncü Böyük Dəbilqəsini əldə edən sürücü Böyük Briyaniya bayrağı ilə azarkeşləri salamlayıb. Bottas finiş xətini ikinci keçib və Mercedes AMG bu mövsüm ilk dəfə dubl edib. Rikkardo isə ardıcıl üçüncü yarışda podiuma yüksələ bilib.

Bu il ilk dəfə podiumda Ferrari sürücüləri olmayıb. Fettel yarışı dördüncü yerdə başa vursa da, çempionatdakı liderliyini qoruyub – Həmilton ondan 12 xal geri qalır. Mercedes AMG isə Mühəndislər Kubokunda liderliyi əsas rəqibi Ferrari-dən geri alıb. Force İndia yenə hər iki sürücüsü ilə xal qazana bilib, Stroll isə karyerasında ilk xalları məhz öz ölkəsində əldə edib.

Mövsümün ilk yeddi yarışı artıq gedirə qalıb. Növbə isə doğma yarışımızda – Azərbaycan Qran Prisindədir! Sürücülər mübarizələrini iki həftə sonra Bakı küçələrində davam etdirəcəklər. İki həftə çox uzun müddət olmasa da, bizim üçün keçmək bilməyəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:33.03.153 1
2 77 Valtteri Bottas Mercedes AMG + 0:19.783 1
3 3 Daniel Rikkardo Red Bull + 0:35.297 1
4 5 Sebastyan Fettel Ferrari + 0:35.907 2
5 11 Serxio Peres Force İndia + 0:40.476 1
6 31 Esteban Okon Force İndia + 0:40.716 1
7 7 Kimi Rəykkönen Ferrari + 0:58.632 2
8 27 Niko Hülkenberq Renault + 1:00.374 1
9 18 Ləns Stroll Williams + 1 dövrə 1
10 8 Roman Qrojan Haas + 1 dövrə 1
11 30 Colion Palmer Renault + 1 dövrə 1
12 20 Kevin Maqnussen Haas + 1 dövrə 1
13 9 Markus Eriksson Sauber + 1 dövrə 1
14 2 Stoffel Vandorn McLaren + 1 dövrə 1
15 94 Paskal Verlyayn Sauber + 2 dövrə 2
16 14 Fernando Alonso McLaren + 4 dövrə 1

 

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes AMG) – 1:14.551 (64-cü dövrə, 210.588 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Daniil Kvyat Toro Rosso 55 mexaniki problem
Maks Ferstappen Red Bull 11 motor
Felipe Massa Willimas 1 qəza
Karlos Sayns Toro Rosso 1 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 5 Sebastyan Fettel Scuderia Ferrari 141
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 129
3 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 93
4 7 Kimi Rəykkönen Scuderia Ferrari 73
5 3 Daniel Rikkiardo Red Bull Racing 67
6 33 Maks Ferstappen Red Bull Racing 45
7 11 Serxio Peres Sahara Force India F1 Team 44
8 31 Esteban Okon Sahara Force India F1 Team 27
9 55 Karlos Sayns Scuderia Toro Rosso 25
10 19 Felipe Massa Williams Martini Racing 20
11 31 Niko Hülkenberq Renault Sport Formula 1 Team 18
12 8 Roman Qrojan Haas F1 Team 10
13 20 Kevin Maqnussen Haas F1 Team 5
14 94 Paskal Verlyayn Sauber F1 Team 4
15 26 Daniil Kvyat Scuderia Toro Rosso 4
16 18 Ləns Stroll Williams Martini Racing 2

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 222
2 Scuderia Ferrari Mercedes 214
3 Red Bull Racing TAG Heuer 112
4 Sahara Force İndia F1 Team Mercedes 71
5 Scuderia Toro Rosso Renault 29
6 Williams Martini Racing Mercedes 22
7 Renault Sport Formula 1 Team Renault 18
8 Haas F1 Team Ferrari 15
9 Sauber F1 Team Ferrari 4
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*