13 Dekabr 2018, Cümə axşamı - 03:24

K.Horner: “Haas-ın güclü olması F1 üçün xeyirlidir”

K.Horner: “Haas-ın güclü olması F1 üçün xeyirlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

15:05 - 08 Aprel, 2016

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Haas komandasının Formula1-ə sensasiyalı başlanğıcı idman üçün xeyirlidir.

F-1.az xatırladır ki, Haas komandası mövsümün ilk iki yarışında 18 xal toplayıb və mühəndislər çempionatında beşinci yerdədir.

Haas komandası mühərriyi və bolidin bəzi detallarını Ferrari-dən alıb. Ona görə də bəzi komanda rəhbərləri Haas komandasını tənqid edirlər. Amma Kristian Horner belə düşünmür: “Sözün düzü, məncə, bu pis şey deyil. Bu, onu göstərir ki, uğur qazanmaq üçün 600 nəfər işçi və illik 200 milyon avro büdcəyə ehtiyac yoxdur.

Bəzi komandalar onları tənqid edirlər və onların Formula1-in ruhuna uyğun olmadığını deyirlər. Məncə, peletonun arxasında mübarizə aparmaqdansa, Qrojan kimi sürücülərə rəqabətədavamlı bolid vermək daha yaxşıdır”.

Horner Bəhreyn yarışında Roman Qrojanın Daniel Rikkardonu keçməsini komanda körpüsündən izləyirdi. Amma Red Bull komandasının rəhbəri buna təəccüblənməyib: “Çox sürətli idilər. Strategiyaları yaxşı işlədi.

Aqressiv idilər. Soft təkərlər və üç pit-stopdan ibarət strategiya seçmişdilər. Güclü bolidləri var. Keçən ilin Ferrari bolidi hələ də güclü görünür”.

Haas komandasının rəhbəri Günter Ştayner də tənqiqlərdən narahat olmadığını deyib: “Onlar əvvəlcə özlərinə baxsınlar. Əvvəlcə olduqları mövqeni sorğulasınlar.

Qaydalar hamı üçün eynidir. Biz qaydalardan kənara çıxmadıq. Ona görə də özümüzü yaxşı hiss edirik.

Hamı bilirdi ki, biz nə edəcəyik, amma heç kim bizdən bu uğuru gözləmirdi. İndi də baxıb “Vau, bacardılar” deyirlər. Onlar bunu qəbul etməlidirlər.

Onların tənqidləri məni narahat etmir. İnsanlar onsuz da həmişə tənqid edirlər. Əgər tənqid edirlərsə, uğurumuza görə tənqid etsinlər, uğursuzluğumuza görə yox”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 386
Teqlər , , ,
Paylaş

logo