İsveç Qran Prisi, 18.06.1978 (video)

F-1.az Formula1 tarixində özünəməxsus yeri olan yarışlar barədə material hazırlamağa davam edir. Bu gün söhbət açacağımız hadisə 1978-ci ilin bu gününə təsadüf edib. Amma əvvəlcə gəlin yarışöncəsi hadisələrin necə cərəyan etməsinə nəzər salaq.

Formula1-də 1978-ci il mövsümü “hava tutmaq” şüarı altında başlamışdı. Kolin Çəpmənin komandası və komandanın lideri Mario Andretti keçən il hər iki titulu əldən vermişdi, amma hamı başa düşürdü ki, bu məğlubiyyətin səbəbi qələbə qazanmış Ferrari-nin sürəti deyildi. Sadəcə italyan əsilli amerikalı sürücünün Lotus 78 maşını daim problemlərlə üzləşdiyi halda, Niki Laudanın Ferrari 312 T3-ü stabil finiş görürdü.

Maraqlıdır ki, mövsümöncəsi fasilə zamanı rəqiblərin heç biri risk etmədi və yeni maşınlarda qraund-effekt prinsipi tətbiq olunmadı. Tarix artıq bir neçə dəfə göstərmişdi ki, Kolinin ixtiraları debüt ilindən sonrakı ildə əlçatmaz olur, amma rəqiblər yenə də onun növbəti kəşfindən dərhal yararlanmadılar. Lakin yeni mövsümün ilk Qran Prisindən Mario və Tyrrell-dən komandaya qayıtmış Ronni Peterson ardıcıl qələbələr qazanmağa başladılar. Mövsümün 6-cı yarışı Belçikada yeni Lotus 79 modeli debüt etdi və komanda həm Spada, həm də Xaramada (İspaniya Qran Prisi) dubl qazandı. İsveç Qran Prisi mövsümün 8-ci yarışı olsa da, mövsümün sonunda titulun kimə qismət olması artıq məlum idi.

Lotus 79 tarixdə “qanad avtomobil” adı almış böyük bir sinfin təməlini qoymuşdu. Maşının altlığının profili elə hazırlanmışdı ki, burundan başlayaraq quyruğa qədər altlığa daxil olan hava genişlənirdi, havanın təzyiqi isə fizika qanunlarına tam uyğun olaraq aşağı düşürdü. Ona görə də atmosfer təzyiqi maşını var gücü ilə trasa sıxırdı və döngələrdə sürət maksimum artırdı. Bu effekti gücləndirmək üçün Lotus 79-da  korpusun kənarlarına elastik “ətəklər” əlavə edilmişdi ki, kənar hava axını altlığa qarışmasın.

Texniki möcüzə ilə mübarizə aparmaq çox çətin idi və mövsümün 8-ci yarışına Andretti komanda yoldaşı Peterson üzərində 10 xallıq üstünlüklə gəlmişdi. Monakoda Tyrrell-də karyerasının ilk qələbəsini qazanmış Patrik Depaye isveçli sürücüyə 13 xal uduzurdu. Amma Anderstorp şəhərindəki yarış Lotus sürücüləri üçün yüngül gəzinti olmadı. Rəqiblər isə “qanad avtomobil”ə alternativ variant fikirləşib tapdılar. Bunu Brabham komandasının konstruktoru Qordon Mörrey etdi.

Britaniyalı mühəndis hesab edirdi ki, maşının sürətini artırmaq üçün onun altlığındakı havanı yox etmək lazımdır. Bunun ən asan yolu isə havanı altlıqdan sormaqdır. Ona görə də İsveçdə hər iki Brabham BT46 maşınları qəribə görünüş aldılar – maşının arxasında böyük pərləri olan ventilyator quraşdırılmışdı. Texniki təftiş zamanı problem olmasın deyə, komandanın başçısı Berni Ekklstoun hamıya bildirmişdi ki, bu sadəcə motorun yeni soyutma sistemidir.

Rəqiblər yeni maşını “ventilyator avtomobil” (fan car) adlandırdılar və təəccüblə yeni texnikanı nəzərdən keçirdilər. Məşqlər zamanı məlum oldu ki, ventilyator maşının altından tozu və xırda daşları soraraq arxada gələn maşına tərəf atır. Amma komanda istədiyinə nail olmuşdu – BT46B doğrudan da trası yaxşı tuturdu.

Sıralanma turunda Andretti Lotus-a növbəti poulu qazandırsa da, sonrakı iki yeri Ekklstounun sürücüləri tutdular – Con Uotson sonuncu dünya çempionu Laudanı qabaqlamışdı. Avstriyalı ikiqat dünya çempionu Kommendatore ilə növbəti qalmaqaldan sonra Berninin yarım milyon funt sterlinqlik müqaviləsinə imza ataraq Ferrari-ni tərk etmişdi. İsveç yarışınadək Niki 3 dəfə podiuma qalxsa da, Alfa Romeo mühərriyi 4 yarışda onu yarıda qoymuşdu.

Yarışdan əvvəl digər komandalar Berninin maşınlarının reqlamentə uyğun gəlmədiyini bildirərək şikayət etdilər, amma federasiya araşdırmanı yarışdan sonraya saxladı və maşınlar starta buraxıldılar. Startda Andretti liderliyini qorudu, Lauda onu təqib etməyə başladı. O zaman “ikinci Eymon” (Eymon F1-in ən bəxtsiz sürücüsü sayılır) adına namizəd Con Uotson növbəti nasazlıq üzündən yarışı dayandırmalı oldu. Ona görə də ilk üçlüyə daha bir maraqlı maşın daxil oldu.

Hələ 1977-ci ilin payızında Shadow komandasının bir çox üzvü, o cümlədən, konstruktor Toni Sautqeyt, menecer Alan Riz, sürücü Rikkardo Patreze Don Nikolzun komandasını tərk edərək müstəqil komanda qurmuşdu. Yeni komanda Arrows adını (ox) aldı. Aydın məsələdir ki, komandanın ilk FA1 maşını Shadow komandasının sonuncu DN9 maşının nüsxəsi alındı. Nikolz komandanı məhkəməyə verdi, amma araşdırmalar gedənə qədər Patreze möcüzələr yaradırdı. Cənubi Afrikada italiyalı sürücü yarışa liderlik etdi, amma motorun partlaması sürücünü xalsız qoydu. Növbəti yarışlarda isə komanda ilk xallarını qazandı.

Beləliklə, Patreze İsveç yarışında 3-cü yerə yüksəldi. Öndə isə Andretti və Lauda gərgin mübarizə aparırdılar. Dövrəvi sürücülər amerikalı sürücünün işini çətinləşdirmişdilər və kiçik bir səhv kifayət etdi ki, Lauda yarışda liderliyi ələ aldı. Yuxarıda da qeyd etmişdik ki, “ventilyator avtomobil”i təqib etmək asan deyidi, ona görə də Mario bir qədər geri qalmağa başladı. 46-cı dövrədə Andrettinin Lotus-unda Ford Cosworth DFV motoru tüstülənməyə başaldı və sürücü mübarizəni dayandırdı. Bundan sonra Patreze 2-ci yerə qalxdı, Ronni Petersonun 3-cülüyə yüksəlməsi tribunaları ayağa qaldırdı. İsveçli sürücü ev trasında fərqlənmək istəyirdi, amma yarışın əvvəlində təkərinin deşilməsi onu geriyə salmışdı.

Lotus-un yerli sürücüsü 17-ci yerdən yüksəlməyə başlamışdı, finişə 10 dövrə qalmış Patrezeyə çatsa da, finişə qədər onu keçə bilmədi. Finişdə iki sürücünü cəmi 0.086 saniyə ayırdı. Uzun müddət Alan Cons ağ-yaşıl Williams FW06 ilə dördüncü olsa da, təkərlərdən birindəki güclü vibrasiya nəticəsində finiş görmədi. Dördüncülüyə yüksələn Jak Laffit də bu mövqedə möhkəmlənə bilmədi – onun Ligier JS9-unda yanacaq azaldığı üçün sürücü son dövrələrdə sürətini azaltmalı oldu. Ona görə də fransalı sürücünü əvvəlcə McLaren-in yeni sürücüsü Patrik Tambe, daha sonra Shadow-dan Kley Reqatsioni və ikiqat dünya çempionu Emerson Fittipaldi keçdilər.

Bir neçə gündən sonra isə məlum oldu ki, kompromis qərar qəbul olunub – Anderstorpda baş tutan yarışın nəticələri dəyişməz qalsa da, növbəti yarışdan Brabham BT46B-nin və digər oxşar konstruksiyaların tətbiqi qadağan edildi. Arrows-a gəlincə, hamı komandanın inkişaf edəcəyinə əmin idi. Amma İsveçdə qazanılan ikinciliyi komanda yalnız 20 ildən sonra Macarıstanda təkrar edə bildi…

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*