İspaniya-2018: Yarış

Komandalar həftə ərzində Barselonaya gətirdikləri yeniliklər barədə çox nikbin danışırdılar, bəzi yeniliklər çox səmərəli olub, lakin ilk məşqlərdən etibarən əsas mövzu təkərlərin yaxşı qızmaması və asfaltın sürüşkənliyi olub. Yaxşı tanıdıqları trasda təkərlərlə davranmaqda çətinlik çəkiblər.

F-1.az xatırladır ki, Mercedes komandası mövsümün ilk Avropa yarışında elə cümə günündən öz gücünü göstərmişdi. Hər üç sərbəst yürüşdə qalib gələn “gümüşü oxlar”ın sürücüləri sıralanma turunda ilk iki yeri tutmuşdular. Həmilton karyerasında 74-cü poulunu qazanarkən, Bottas ona cəmi 0.04 saniyə fərqlə uduzmuşdu.

Sergey Sirotkin Bakıdakı insidentə görə startda üç yer itirib, sıralanma turunda iştirak edə bilməyən Brendon Hartli isə stüardlar tərəfindən startda buraxılıb. Start düzümündə ilk cərgəni Mercedes, ikinci cərgəni Ferrari, üçüncü cərgəni isə Red Bull sürücüləri zəbt ediblər.

Pirelli bura orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib. SuperSoft təkərlərin yaxşı işləməməsi sürücüləri daha sərt tərkiblərdən istifadəyə məcbur edib. Yarışa ancaq Alonso həftəsonunun ən yumşaq tərkibi ilə başlayıb. Eriksson Medium, yerdə qalan sürücülər isə Soft təkərlərlə start alıblar.

Həmilton startda mövqeyini qoruyub, Fettel isə Bottası keçib. Sayns və Alonso təmas yaşayıblar və McLaren-in təcrübəli sürücüsü bir neçə yer itirib. Üçüncü döngədə Maqnussen Qrojanın önündə əyləcə basıb və onu çaşdırıb. Fransız sürücü idarəetməni itirib, Hülkenberq və Qasli ilə toqquşub. Nəticədə hər üç sürücü mübarizəni dayandırıb. Təhlükəsizlik Maşını trasa çıxıb. 2-ci dövrədə ilk onluq: Həmilton – Fettel – Bottas – Rəykkönen – Ferstappen – Rikkardo – Maqnussen – Sayns -Lekler – Okon.

Hartli və Sirotkin pit-stop ediblər və Medium təkərlərə keçiblər. 6-cı dövrədə restart verilib, Həmilton yenə də keçilməyib. Maqnussen Saynsı, Alonso isə Okonu üstələyib. Həmilton cəmi iki dövrə ərzində fərqi iki saniyəyə qaldırıb. Vandorn ikinci döngədə trasdan çıxdıqdan sonra məhdudiyyət sütunun sağından deyil, solundan trasa qayıtdığı üçün stüardlar tərəfindən 5 saniyəlik cərimə alıb.

Fettel 18-ci, Bottas isə 20-ci dövrədə təkərlərini dəyişib. Valtteri bir qədər pitdə gecikib və nəticədə Fettellə Maqnussenin arxasında trasa qayıdıb. Növbəti iki dövrədə Lekler, Stroll və Alonso da pit-stop ediblər. Yarışın 25-ci dövrəsində Rəykkönenin maşını güc itirib. Yavaş-yavaş boksa qayıdan Ferrari sürücüsü üçün mübarizə başa çatıb.

Həmilton 26-cı dövrədə pit yoluna üz tutub. Trasda daha çox qalan Red Bull sürücülərindən Rikkardo 34-cü, Ferstappen isə 35-ci dövrədə pit-stopa çağrılıb. 38-ci dövrədə ilk onluq: Həmilton – Fettel – Bottas – Ferstappen – Rikkardo – Maqnussen – Sayns – Lekler – Alonso – Peres.

40-cı dövrədə Okonun maşını tüstülənib və yarışı yarımçıq saxlamalı olub. Onun maşınının təxliyə edilməsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Fettel və Peres pit-stop ediblər, Fettel trasa düz Ferstappenin arxasında qayıdıb. Üç dövrə sonra Sirotkin yerində fırlanıb. O, dərhal təkərlərini dəyişməyə yollanıb. Ferstappen Strolla toqquşmada ön qanadını zədələyib. Peres Strollu keçib. Alonso uzun müddət çalışdıqdan sonra, nəhayət, Lekleri üstələməyi bacarıb. 44-cü dövrədə ilk onluq: Həmilton – Bottas – Ferstappen – Fettel – Rikkardo – Maqnussen – Sayns – Alonso – Lekler – Peres.

47-ci dövrədə Vandorn ötürmələr qutusunda yaranmış nasazlığa görə mübarizəni dayandırıb. Peres sona 7 dövrə qalmış Lekleri də keçərək daha bir pillə irəliləyib. Buludlar trasın üzərinə toplansa da, yağış yağmayıb.

Lyuis Həmilton mövsümdə ardıcıl ikinci, karyerasında 64-cü qələbəsini qazanıb və çempionatda növqeyini daha da möhkəmləndirib. Bottasın ikinci olması ilə Mercedes mövsümdə ilk dəfə yarışı dubl edərək başa vurub. Ferstappen isə üçüncü olaraq builki ilk podiumunu əldə edib. Yalnız top komandaların sürücüləri yarışı liderlə eyni dövrədə bitirə biliblər. Şarl Lekler ardıcıl ikinci yarışı xalla başa vurub.

Mübarizə iki həftə sonra Monakonun dar küçələrində davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:35:29.972 1
2 77 Valtteri Bottas Mercedes AMG + 0:20.593 1
3 33 Maks Ferstappen Red Bull + 0:26.873 1
4 5 Sebastyan Fettel Ferrari + 0:27.584 2
5 3 Daniel Rikkardo Red Bull + 0:50.058 1
6 20 Kevin Maqnussen Haas + 1 dövrə 1
7 55 Karlos Sayns Renault + 1 dövrə 1
8 14 Fernando Alonso McLaren + 1 dövrə 1
9 11 Serxio Peres Force İndia + 2 dövrə 2
10 16 Şarl Lekler Sauber + 2 dövrə 1
11 18 Ləns Stroll Williams + 2 dövrə 1
12 28 Brendon Hartli Toro Rosso + 2 dövrə 1
13 9 Markus Eriksson Sauber + 2 dövrə 2
14 35 Sergey Sirotkin Williams + 3 dövrə 2

 

Sürətli dövrə: Daniel Rikkardo (Red Bull) – 1:18.441 (61-ci dövrə, 213.638 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Stoffel Vandorn McLaren 47 ötürmələr qutusu
Esteban Okon Force İndia 40 yağ sızıntısı
Kimi Rəykkönen Ferrari 25 güc qurğusu
Niko Hülkenberq Renault 1 qəza
Pyer Qasli Toro Rosso 1 qəza
Roman Qrojan Haas 1 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 95
2 5 Sebastyan Fettel Scuderia Ferrari 78
3 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 58
4 7 Kimi Rəykkönen Scuderia Ferrari 48
5 3 Daniel Rikkardo Aston Martin Red Bull Racing 47
6 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 33
7 14 Fernando Alonso McLaren F1 Team 32
8 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 22
9 20 Kevin Maqnussen Haas F1 Team 19
10 55 Karlos Sayns Renault Sport Formula 1 Team 19
11 11 Serxio Peres Sahara Force İndia F1 Team 17
12 10 Pyer Qasli Red Bull Toro Rosso Honda 12
13 16 Şarl Lekler Alfa Romeo Sauber F1 Team 9
14 2 Stoffel Vandorn McLaren F1 Team 8
15 18 Ləns Stroll Williams Martini Racing 4
16 9 Markus Eriksson Alfa Romeo Sauber F1 Team 2
17 31 Esteban Okon Sahara Force İndia F1 Team 1
18 28 Brendon Hartli Red Bull Toro Rosso Honda 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas Motorsport Mercedes 153
2 Scuderia Ferrari Ferrari 126
3 Aston Martin Red Bull Racing Renault 80
4 Renault Sport Formula 1 Team Renault 41
5 McLaren F1 Team Renault 40
6 Haas F1 Team Ferrari 19
7 Sahara Force İndia F1 Team Mercedes 18
8 Red Bull Toro Rosso Honda Honda 13
9 Alfa Romeo Sauber F1 Team Ferrari 11
10 Williams Martini Racing Mercedes 4
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*