Hələlik bu nəticə ilkin xarakter daşıyır, çünki o, FİA-nın quruda sürət rekordları üzrə komissiyası tərəfindən təsdiqlənməlidir. Bu rekordlar mütləq sürətə can atmanı əks etdirən, dünya miqyasında tanınan və rəsmi qeydiyyata alınan yeganə nailiyyətlərdir, onların tarixi isə ötən əsrin 20-ci illərindən başlayır.
JCB Hydromax-ı britaniyalı pilot və avtoyarışçı, Kral Hərbi Hava Qüvvələrinin zabiti, rekord yürüşlərində artıq uğurlu təcrübəsi olan Endi Qrin idarə edib. FİA reqlamentinin tələb etdiyi kimi, o, bir mil məsafədə iki cəhd edib – hər istiqamətdə bir dəfə, bundan sonra isə hər iki yürüşün nəticələrinə əsasən orta sürət müəyyənləşdirilib.
Bugünkü nəticə federasiyanın tanıdığı əvvəlki rekordu iki dəfədən çox üstələyib. Həmin rekord 298.4 km/saat idi və 2004-cü ildə eksperimental BMW H2R avtomobilində qeydə alınmışdı.
FİA Hydromax-ı hazırlayan JCB şirkətinin mühəndislər komandası ilə lap əvvəldən əməkdaşlıq edib, layihəyə isə beş il əvvəl start verilib. Bundan əlavə, rekord yürüşlərinin məhz 20 il sonra keçirilməsi də özünəməxsus rəmzi məna daşıyır: JCB-nin yaratdığı Dieselmax avtomobilində Endi Qrin 2006-cı ilin avqustunda dizel mühərrikli maşınlar üçün FİA tərəfindən tanınan 563.418 km/saatlıq rekordu müəyyənləşdirmişdi.
Ona daha bir möhtəşəm nailiyyət də məxsusdur – quruda mütləq sürət rekordu: 1997-ci ildə reaktiv mühərrikli, kifayət qədər qeyri-adi “aparat” olan ThrustSSC-də o, 1 227.986 km/saat sürətə çatmışdı.
Məhəmməd ben Sulayem, FİA prezidenti: “Bu nailiyyət avtoidman üçün tarixi əhəmiyyət daşıyır, çünki innovasiya, sürət və ekologiyaya qayğının uğurla bir arada mövcud ola biləcəyini nümayiş etdirir.
Avtoidman hər zaman texnoloji tərəqqinin katalizatoru olub və mümkün olanın sərhədlərini genişləndirib. Quruda yeni sürət rekordu bu ənənəni davam etdirir və hidrogen texnologiyalarının gələcək inkişaf kontekstində potensialını göstərir.
FİA yüz ildən artıqdır ki, sürət rekordlarının müəyyənləşdirilməsi cəhdlərində arbitr rolunu oynayaraq mərkəzi mövqe tutur və bununla qürur duyur. Mən bu rekord yürüşlərinə hazırlıq prosesində göstərdiyi dəstəyə görə ABŞ Avtoidman Komitəsinə təşəkkür etmək, həmçinin Endi Qrini və bu möhtəşəm nailiyyətdə payı olan hər kəsi təbrik etmək istərdim”.
Britaniya İmperiyası Ordeninin кавалeri Endi Qrin: “Bonnevilli quruda dünya sürət rekordlarının beşiyi saymaq olar və Hydromax da indicə bu nailiyyətlərin tarixinə öz səhifəsini yazdı. Maşın özünü əla tərəfdən göstərdi – o, inamlı və stabil davranışı, eləcə də sürəti ilə seçilir. Dieselmax-dan 20 il sonra hidrogen mühərrikli avtomobildə dünya sürət rekordunu müəyyənləşdirmək mənim üçün böyük şərəfdir”.





