25 Avqust 2019, Bazar - 11:00

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 9-cu yazı – Ferrari Dino 246

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 9-cu yazı – Ferrari Dino 246

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:12 - 23 Yanvar, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 59 gün qalır – 59 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. Bugünkü 9-cu yazımızda sizə iki uğursuz mövsümdən sonra “şahə qalxan atları” yenidən zirvəyə çıxaran Ferrari Dino 246 modelindən danışacağıq…

1958-ci il mövsümü əvvəlki illərdən xeyli fərqlənirdi. Əvvəla, indi çempionatda sürücülərlə birlikdə komandaların da yarışı başlamışdı – Mühəndislər Kuboku təsis edilmişdi. Çempionat yarandığı gündən mövcud olan qayda – sürücülərin maşın dəyişməsi qadağan olunmuşdu. Yarışların minimal uzunluğu 300 km və ya 2 saat müəyyən olunmuşdu. Yüksəkoktanlı yanacaq da qadağan olunmuşdu – indi komandalar öz maşınlarına yalnız adi benzin vura bilərdilər.

Reqlamentdən kənarda da bir çox dəyişikliklər olmuşdu. Motorxanası sürücünün arxasında olan Cooper-Climax maşınları çempionatda debüt etmişdilər. Diskli əyləclər barabanlı əyləcləri sıxışdırmağa başlamışdılar. Ferrari üçün də bu il dəyişiklik ili oldu: komanda Lancia-nın köhnə şassisini modernizə etmədən sıfırdan yeni maşın qurmağı qərara almışdı. Baza model kimi bir il əvvəl komandanın Formula2 çempionatı üçün hazırladığı Dino 156 F2 modeli götürülmüşdü.

Ferrari-nin mühəndisləri şirkət tarixində ilk dəfə V6 motor hazırlamışdılar. Onun konstruksiyasında dövrün bir çox qabaqcıl nailiyyətləri əks olunmuşdu – silindrlərin aralıq bucağı 65 dərəcəyə çatdırılmışdı, ilk dəfə iki yuxarı paylayıcı val və ikiqat yandırma tətbiq olunmuşdu. Motoru şassiyə yerləşdirərkən böyük olduğu üzə çıxmış, ona görə həcmini 2.5 litrdən 2.4 litrə azaltmaq lazım gəlmişdi.

Məhz motorun həcmi və silindrlərin sayı yeni maşının indeksini təşkil etdi. Çempionatın əvvəlində yeni model Ferrari 246 F1 adlansa da, motorun hazırlanmasında yaxından iştirak edən Entsonun oğlu Dinonun iyun ayında vəfatından sonra model onun şərəfinə Ferrari Dino 246 adlandırıldı. Motor elə də güclü deyildi – cəmi 280 at qüvvəsi. Amma sələfindən 90 kq yüngül olan şassi, eləcə də yeni ön və arxa asılqanları sayəsində maşının idarəetməsi ideal alınmışdı, həm də etibarlılıq yüksək səviyyədə idi. Məhz buna görə də mövsümün son yarışında Mayk Hotorn gərgin mübarizədə Vanwall komandasının sürücüləri Stirlinq Moss və Toni Bruksu qabaqlayaraq Ferrari-yə 4-cü titulu qazandırdı.

 

FERRARİ DİNO 246

Ferrari Dino 246

 

1958-ci ildə çempionatda inqilabi yığcam Cooper-Climax maşınları (motor sürücünün arxasında yerləşdiyi üçün maşının burun hissəsi çox qısa idi) peyda olsalar da, Entso Ferrari öz prinspinə sadiq qalmışdı – onun fikrincə, “at arabanı itələməməlidir, əksinə – çəkməlidir”. Ona görə də yeni maşının da motorxanası ənənəvi olaraq sürücünün önündə idi.

Entsonun oğlu Dinonun başçılıq etdiyi mühəndislər briqadası Ferrari üçün ilk dəfə V6 motor hazırlamışdı – 2.4 litrli 6 silindrli motor kompakt alınmışdı. Dinonun ölümündən sonra silindr blokunun başlığında V6 motorlarının bütün versiyalarında “Dino” qravür edilməyə başladı.

Amma yeni maşının əsas xüsusiyyəti motor deyildi, onun rəqiblərindən fərqləndirən yaxşı idarəolunması və yüksək etibarlılığı idi. Britaniyalı Mayk Hotorn mövsümdə cəmi bir qələbə qazanmasına baxmayaraq (Fransa Qran Prisi), stabil nəticələr göstərərək mövsümün sonunda titula sahib çıxdı. Mayk 5 dəfə ikinci, bir dəfə üçüncü olmuşdu, bundan başqa 5 yarışda sürətli dövrəyə imza atmışdı – o zaman sürətli dövrəyə görə sürücüyə əlavə bir xal verilirdi.

Hotornun qələbəsi Ferrari üçün 4-cü titul olsa da, əslində Formula1 reqlamenti çərçivəsində komandanın sıfırdan özünün hazırladığı ilk maşının qələbəsi idi. Bu qələbə Vanwall komandası ilə gərgin mübarizədə qazanılmışdı – britaniyalılar çempionatda 7 qələbə qazanmışdılar. Sonda isə Hotorn 4 qələbə qazanan Mossu cəmi bir xal üstələyərək çempion olmuşdu.

Düzdür, Ferrari titul qazansa da, komanda üçün mövsüm faciələrlə yadda qalmışdı – 24 yaşlı Dinonun ölümü Entsonu sarsıtmışdı, hadisədən düz bir həftə sonra Fransa Qran Prisində Hotorn qələbə qazanarkən Luici Musso qəzaya düşərək vəfat etmişdi. Bir ay sonra Almaniya Qran Prisində isə Piter Kollinz də qəzada həyatını itirmişdi. Elə mövsümün sonunda Hotorunun çempion sevinci də uzun sürməmişdi – cəmi 3 ay sonra, 1959-cu il yanvarın 22-də F1 tarixinin o zaman üçün ən gənc dünya çempionu yol qəzasında gözlərini əbədi yummuşdu (dünən ölümünün ildönümü idi)…

 

FERRARİ DİNO 246-NIN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari Dino 246

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1958-ci il103342141

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 6. 503
Teqlər ,
Paylaş

logo