Çin-2018: Sıralanma turu

Şanxayda qüvvələr nisbətinə hava şəraiti xeyli təsir edib. Cümə günü sərin havada baş tutan məşqlərdə Lyuis Həmilton sürətli olub, bu gün səhər güclü küləkdə və soyuqda keçirilən məşqdə isə Ferrari sürücüləri ilk iki yeri tutublar.

F-1.az bildirir ki, havanın sərin olması da bəzi problemlərin yaranmasının qarşısını almayıb. Bu gün səhər Qrojan əyləc nasazlığından əziyyət çəkib, Rikkardonun maşınının da motoru tüstülənib və avstraliyalı üçün sessiya erkən başa çatıb.

Pirelli Çinə Medium və Soft təkərlərlə yanaşı UltraSoft təkərləri gətirərək maraqlı seçim edib. Tərkiblər arasında fərqin böyüklüyü artıq ilk məşqlərdən məlum olub, bu da komandaların strateqlərinin işini mürəkkəbləşdirə bilər.

Birinci sessiyada Maqnussen Soft, digər sürücülər isə UltraSoft təkərlərlə trasa çıxıblar. Lekler sonuncu döngənin çıxışında yerində fırlanıb, lakin maşının baryerlərə çırpılmasının qarşısını ala bilib. Bu insidentə görə sarı bayraqlar dalğalanıb. Red Bull mexanikləri Rikkardonun maşınını yalnız sessiyanın son dəqiqələrinə hazır edə biliblər. Avstraliyalı sürücü yeganə fürsətindən istifadə edərək növbəti sessiyaya yüksələ bilib. Protokollara Fettel başçılıq edib – 1:32.171. Sirotkin, Qasli, Stroll, Lekler və Eriksson mübarizəni dayandıran sürücülər olublar.

İkinci sessiyada Ferrari və Mercedes sürücüləri sabahkı yarışda fərqli strategiya seçmək üçün Soft təkərlərlə boksları tərk ediblər, qalan sürücülər isə UltraSoft təkərləri seçiblər. İlk cəhdində Rəykkönen hamını üstələsə də, Həmilton ikinci cəhddə protokollara başçılıq edib – 1.31.914. Maqnussen, Okon, Alonso, Vandorn və Hartli üçün sıralanma turu başa çatıb.

Son sessiyada Qrojan Soft, digər sürücülər isə UltraSoft təkərlərlə poul mübarizəsinə başlayıblar. İlk cəhdlərdən sonra ən uğurlu Rəykkönen olub – 1.31.200. İkinci cəhddə finlandiyalı sürücü nəticəsini cüzi yaxşılaşdırıb. Fettel isə trasın rekordunu da yeniləyərək poulun sahibi olub – 1.31.095! Mercedes sürücüləri əsas rəqiblərinə yarım saniyə məğlub olublar.

Sebastyan Fettel karyerasında 52-ci, bu il isə ikinci poulunu əldə edib. Ferrari sürücüləri ardıcıl ikinci yarışa ilk cərgədən başlayacaqlar. İkinci cərgə Mercedes-lərin, üçüncü cərgə isə Red Bull sürücülərinin olacaq. Top komandaların sürücülərinə ən yaxın nəticəni göstərən isə Niko Hülkenberq olub.

Çin Qran Prisi sabah Bakı vaxtı ilə saat 10:10-da başlayacaq.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1 1:32.171 3 4 1:32.385 5 1:31.095 7
2 7 Kimi Rəykkönen Ferrari 2 1:32.474 5 3 1:32.286 5 1:31.182 7
3 77 Valtteri Bottas Mercedes AMG 3 1:32.921 5 2 1:32.063 8 1:31.625 7
4 44 Lyuis Həmilton Mercedes AMG 6 1:33.283 4 1 1:31.914 8 1:31.675 5
5 33 Maks Ferstappen Red Bull 4 1:32.932 3 8 1:32.809 3 1:31.796 6
6 3 Daniel Rikkardo Red Bull 14 1:33.877 3 7 1:32.688 3 1:31.948 6
7 27 Niko Hülkenberq Renault 11 1:33.545 3 5 1:32.494 6 1:32.532 6
8 11 Serxio Peres Force İndia 10 1:33.464 3 9 1:32.931 6 1:32.758 4
9 55 Karlos Sayns Renault 7 1:33.315 6 10 1:32.970 6 1:32.819 6
10 8 Roman Qrojan Haas 5 1:33.238 8 6 1:32.524 5 1:32.855 6
11 20 Kevin Maqnussen Haas 8 1:33.359 7 11 1:32.986 6
12 31 Esteban Okon Force İndia 12 1:33.585 3 12 1:33.057 6
13 14 Fernando Alonso McLaren 9 1:33.428 6 13 1:33.232 5
14 2 Stoffel Vandorn McLaren 13 1:33.824 6 14 1:33.505 5
15 28 Brendon Hartli Toro Rosso 15 1:34.013 9 15 1:33.795 6
16 35 Sergey Sirotkin Williams 16 1:34.062 7
17 10 Pyer Qasli Toro Rosso 17 1:34.101 9
18 18 Ləns Stroll Williams 18 1:34.285 7
19 16 Şarl Lekler Sauber 19 1:34.454 9
20 9 Markus Eriksson Sauber 20 1:34.914 9
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*