Ferrari-nin təkamülü (1950-2016-cı illər): 42-ci yazı – Ferrari F1/92 A

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 26 gün qalır – 26 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 42-ci yazımızda yeniliklərlə zəngin olan, amma komandanın tarixində ən pis maşınlardan biri olan F1/92 A modelindən danışacağıq…

1991-ci ildə Ferrari-yə Harvi Postltueyt qayıtdı – bir neçə il Tyrrell komandasında təcrübəsini artıran, eksperimentlər edən mühəndis öyrəndiklərini Ferrari-də tətbiq etməyə başladı. 1990-cı ildə Harvi aerodinamika mühəndisi Jan Klod Mijo ilə birlikdə Tyrrell 019 modelini hazırlamışdılar – Formula1 tarixində burnu dik duran il maşın idi.

Mijo artıq Skuderiyada çalışırdı, ona görə də mühəndislər ilk növbərə Ferrari maşınının burnunu dikəltməyə çalışdılar. Maraqlıdır ki, sükan arxasında çalışan sürücü elə Tyrrell 019-u sürən sürücü idi – Jan Alezi. Təəssüf ki, elə yeni Ferrari-nin nəticələri də Tyrrell-in nəticələrinə yaxın oldu.

Aerodinamik baxımdan F1/92 A bir çox yeniliklərdən ibarət idi, amma problem onda idi ki, onların çoxu işləmirdi. Maşının yan pantonlarının hava kanalı yumru idi və korpusdan bir qədər uzaqda yerləşmişdilər – mühəndislər bu yeniliyi hərbi aviasiyadan götürmüşdülər. Qırıcı təyyarələrdə hava kanalını füzelyajdan uzaqlaşdırmağa çalışırlar ki, kənar hava axınları korpusa təsir etməsinlər. Məhz bu xarakterik detala görə yeni maşına “qırıcı” adını vermişdilər.

Maşının digər yeni elementi isə “ikiqat altlıq” idi: maşının altlığına paralel daha bir müstəvi var idi, bu iki müstəvinin arasında isə müəyyən hava kanalları yığılmışdı. Bu kanallar Venturi effektini hasil etmək üçün nəzərdə tutulmuşdular və qraund-effekt kimi işləməsi qəsd edilirdi. Praktikada isə element heç bir effekt vermədi. Əksinə, iki müstəvi arasındakı kanallar maşının havaya qarşı müqavimətini artırdığı üçün düzlükdə sürəti aşağı düşürdü. Sistem yalnız yağışda effektiv olurdu.

Maşının arxa hissəsinin konfiqurasiyası dəyişmişdi – butulka boğazında künc peyda olmuşdu. Bu element kompüter modelləşdirilməsində və aerodinamik boruda sınaqlar zamanı əla nəticələr versə də, trasda maşının davranışında qeyri-stabilliklə müşayiət olundu.

Şassi də tam yenilənmişdi. İtələyici ön asılqan sıfırdan yığılmışdı. Motorun və ötürmələr qutusunun inkişafında geriyə addım atılmışdı: baş motorçu Klaudio Lombardi pnevmatik klapanları adi yaylı klapanlarla əvəz etmişdi – motorun gücü 30 at qüvvəsi zəifləmişdi. Komanda 7 pilləli ötürmələr qutusundan da 6 pilləli qutuya keçmişdi ki, həm motorun, həm də qutunun maksimum etibarlılığını təmin etməklə bütün diqqətini aerodinamikada cəmləsin. Amma yenə də etibarlılıq qırmızı maşınların yaralı yeri oldu: 16 yarışda 21 dəfə sürücülər finiş görmədilər. Mövsümün sonuna yaxın yenilənmiş Ferrari F1/92 AT versiyası debüt etdi: maşına yeni asılqanlar qoyulmuş və köndələn 7 pilləli ötürmələr qutusu quraşdırılmışdı.

Skuderiyanın daha bir problemi isə sürücülər idi. Gözlənilmədən komandanın lideri gənc və təcrübəsiz Jan Alezi oldu. Cəmi iki dəfə podium qazanmağı bacaran sürücü maşının təkmilləşdirilməsi məsələlərində komandanı tərk etmiş Prostdan çox geri qalırdı. Mövsümün böyük bir hissəsində onun komanda yoldaşı İvan Kapelli oldu, son yarışlarda isə onu digər italiyalı sürücü Nikola Larini əvəz etdi. Amma Nikola faktiki olaraq test sürücü kimi çalışırdı – komanda aktiv asılqanlı maşının ilk versiyasını sınayırdı.

FERRARİ F1/92 A

Ferrari, Scuderia Ferrari, Ferrari F1/92 A, 1992

 

1970-ci illərdə Niki Lauda ailə böyük uğur qazanan Luka di Montedzemolo 1991-ci ilin noyabrında Maranelloya qayıtdı, amma bu dəfə artıq dünyada ən məşhur brendin prezidenti kimi. Təəssüf ki, Luka komandanın 50 illik tarixində ən çətin dövrdə qayıtmışdı. 20 il əvvəl komandanı böhrandan çıxaran Luka bu dəfə də gözləmədən qollarını çərmələyərək qəti işlərə başladı.

Komanda bütün sahələrdə liderliyini itirmişdi, indi McLaren, Williams və Benetton-un sürücüləri asanlıqla qırmızı maşınları qabaqlayırdılar. Liderliyi geri qaytarmaq üçün inqilabi maşın lazım idi. Komanda güman edirdi ki, “ikiqat altlığı” olan Harvi Postltueyt və Jan klod Mijonun hazırladığı F1/92 A komandanı zirvəyə qayatara biləcək maşındır.

Maşının aerodinamik boruda sınaqları əla nəticələr göstərsə də, trasda maşın komanda üçün Maranelloda qurulan maşınlar arasında ən pislərindən biri oldu. Çempionatda isə Ədrian Nyuinin təkmilləşdirdiyi Williams-Renault FW14B maşınlarının hegemonluğu davam edirdi və 2 il əvvəl Ferrari-dən qovulmuş Naycel Mənsell böyük üstünlüklə yeganə titulunu qazanaraq karyerasını başa vurmasını elan etdi.

FERRARİ F1/92 A-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F1/92 A, 1992

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1992-ci il 16 32 0 0 2 3
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*