Ferrari mövsümə hədəflərini açıqlayıb: İkinci – məğlub olanlar arasında birincidir

Ferrari şirkətinin icraçı direktoru Benedetto Vinya Skuderiyanın Formula1-də 2023-cü il mövsümü üçün hədəflərindən danışıb.

F-1.az xatırladır ki, keçən il italyanlar beş yarışda qalib gəliblər və etibarlılıq problemləri, eləcə də komanda və sürücü səhvləri səbəbindən çempionatı Red Bull-a uduzublar.

Benedetto Vinya: “Biz ən yüksək səviyyəyə qayıtmaq və titul uğrunda mübarizə aparmaq istəyirik. Frederik Vassyörün başçılıq etdiyi bütün komanda bu məqsədə çatmaq üçün yorulmadan çalışır.

İkinci – uduzanlar arasında birincidir. Keçən mövsüm göstərdik ki, komandanın səviyyəsi yüksəlib, müntəzəm podiumlar milyonlarla azarkeşimizi ruhlandırıb. Aydındır ki, məqsədimiz titulu qazanmaqdır”.