F.Tost: “Kvyata inanıram”

Toro Rosso komandasının rəhbəri 2017-ci ildə Daniil Kvyatın güclü performans göstərəcəyinə inanır...

F-1.az xatırladır ki, Kvyat 2014-cü ildə Toro Rosso-da debüt etmiş və 2015-ci ildə Red Bull komandasına transfer olunmuşdu. Amma rusiyalı sürücü 2016-cı ilin əvvəlində Fettellə təmas yaşadıqdan sonra yenidən Toro Rosso komandasına göndərilmişdi. Lakin 22 yaşlı sürücü bu təyinatdan sonra bir müddət özünə gəlməmişdi. Amma mövsümün ikinci yarısında, xüsusən də Sinqapur yarışından sonra Kvyat bəzi yarışlarda özünü yaxşı tərəfdən göstərə bilmişdi.

Frants Tost: “Mən inanıram ki, o yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Çünki keçmişdə bunu edə biləcəyini göstərib. İdmanda enişli-yoxuşlu dövrlər olur. Yarışlar və çempionluqlar qazanan idmançılar zehni cəhətdən hər şeyə hazır olmalıdırlar. Buna görə də Daniilin geri dönəcəyinə və uğur qazanacağına əminəm. 2017-ci ildə ondan yaxşı performans gözləyirəm”.

Daniil Kvyat Sinqapur yarışında onu Red Bull-da əvəzləyən Ferstappanə qarşı sərt formada müdafiə olunmuşdu. Tost bildirib ki, bu müdafiəolunma rusiyalının özünəinamını bərpa edib: “Onun Maksla mübarizə apara bilməsi və arxasında tutması əla idi. Özgüvənli olması çox vacibdir. Buna görə də Sinqapur geridönüş nöqtəsi oldu. Orada əla yarışdı və sıralanma turunda da çox güclü idi. Daha sonra da yaxşı performans göstərdi. Buna görə də bizimlə davam etməli idi”.

Tost əlavə edib ki, bu hadisələri unutmaq Kvyat üçün asan deyil və buna görə də problem yaşaması labüddür: “Red Bull-dan Toro Rosso-ya qayıtmaq onun üçün çətin idi. Özgüvən cəhətdən zəif qala bilərsiniz. Buna görə də Maks Ferstappen kimi sürücünü Toro Rosso bolidi ilə arxanızda saxlamaq zehni cəhətdən çox vacibdir. Yarış sürücüsünün beyni həmişə təmiz olmalıdır və özünə güvənməlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*