F.Alonso: “Artıq sona yaxınlaşıram”

Fernando Alonso bildirib ki, onun Formula1-dən ayrılma vaxtı yavaş-yavaş yaxınlaşır.

F-1.az xatırladır ki, Alonsonun son çempionluğunun üstündən 10 il keçir və ispaniyalı sürücü son iki ildir McLaren ilə xal uğrunda mübarizə aparır. Qələbə və podiumsuz keçən ildən sonra Alonsonun Formula1 karyerasını bitirəcəyi ilə bağlı söz-söhbətlər artır.

İspaniyalı sürücünün Le Manın 24 saatlıq yarışına olan marağını hamı bilir və belə ehtimal var ki, Alonso Formula1-dən sonra orada yarışacaq. Alonso bildirib ki, Formula1-də Batton, Massa və Rəykkönen qədər qalmayacaq: “Vaxtı gələndə Formula1-dən gedəcəm. Əgər lazımi qədər sürətli deyiləmsə, artıq onu sevmirəmsə və tələblərə cavab verə bilmirəmsə, onda getmək vaxtım gəlib. Rəykkönen, Massa və Batton kimi sürücülərə baxanda adama elə gəlir ki, onlar ömürlərinin sonuna qədər Formula1-də qalacaqlar. Amma mən böyük ehtimalla elə olmayacam. Hazırda elə hiss edirəm ki, xəyallarımın sonuna gəlmişəm. Balaca uşaq olanda atam McLaren Honda-dan ilhamlanaraq, mənə kart hazırlamışdı. İndi McLaren Honda komandasında çıxış edirəm”.

İspaniyalı sürücü bildirib ki, Formula1 karyerasını bitirdikdən sonra nə edəcəyi ilə bağlı qərar verməyib: “Formula1-dən sonra nə edəcəyimə qərar vermək üçün hələ tezdir. Formula1 sürücüsü olmaq çox çətindir. Həm yarış, həm də yeni qaydaları öyrənmək üçün ildə 365 gün işləyirəm və Formula1-ə fokuslanıram. İdmandan ayrıldıqdan sonra normal həyatın dadını çıxaracam.  Daha sonra isə adrenalin üçün darıxacam. Çünki həyatımda həmişə bu olub. Daha az vaxt tələb edən başqa seriyada davam edə bilərəm. Le Man mükəmməl olardı. Evdən bir il uzaqda yaşamaq məcburiyyətində qalmaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*