15 Noyabr 2019, Cümə - 23:58

Dünya çempionları: Mayk Hotorn

Dünya çempionları: Mayk Hotorn

Müəllif: Elçin Zodorov, redaktor

09:13 - 16 Fevral, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına bir aydan çox vaxt qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat vermək qərarına gəldik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: İlk britaniyalı çempion – Mayk Hotorn!

Mayk Hotorn 10 aprel 1929-cu ildə Meksboro şəhərciyində (Cənubi Yorkşir) anadan olub. Çelsi texniki kollecində oxuyan Maykın maşınlara marağında atasının böyük rolu olub. Farnham şəhərində Tourist Trophy Garage adlı şirkəti olan atası Jaguar və Ferrari-nin də daxil olduğu luks avtomobil brendlərinin çatdırılması və xidmətini təşkil edib. O, motosiklet yarışlarının iştirakçısı olub və oğlunun karyerasına dəstək verib. Atası 1954-cü ildə qəzada həlak olandan sonra Mayk biznesi idarə etməyə başlayıb.

Yarış karyerasına 50-ci illərin əvvəllərində başlayan Hotorn bir sıra uğurlar qazanır və bu uğurlar Entso Ferrarinin onu komandaya dəvət etməsi ilə nəticələnir.

FORMULA1 KARYERASI

Mayk Hotorn ilk dünya çempionu Nino Farina ilə. 1952-ci il, Fransa

 

Statistika
Yarışdığı illər1950-1955
Yarışdığı komandalarFerrari, Vanwall, BRM
İştirak (Start)47 (45)
Çempionluq1 (1958)
Qələbə3
Podium18
Xal112 914 (127 914) *
Poul4
Sürətli dövrə6
İlk yarışıBelçika Qran Prisi, 1952-ci il
İlk qələbəsiFransa Qran Prisi, 1953-cü il
Son qələbəsiFransa Qran Prisi, 1958-ci il
Son yarışıMərakeş Qran Prisi, 1958-ci il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

Maykın Formula1-də debütü 1952-ci ildə mövsümün gedişində Belçika Qran Prisinə təsadüf edir. Atasının komandası olan Leslie D. Hawthorn-un tərkibində elə ilk yarışındaca Cooper-Bristol ilə dördüncü yeri tutur. Britaniya Qran Prisində karyerasında ilk dəfə podiuma yüksəlir. Mövsümü isə dördüncü yerdə başa vurur.

Hotorn Fanxionu 1 saniyəlik fərqlə üstələyərək qalib gəlir. Fransa Qran Prisi, 1953-cü il

1953-cü ildə Ferrari-yə keçən Mayk öz istedadını qısa müddətdə qələbə qazanaraq göstərdi. Fanxio tərəfindən “əsrin yarışı” adlandırılan və dörd sürücünün 5 saniyə içərisində finiş gördüyü Fransa Qran Prisinin qalibi olur. Daha iki yarışda da podiuma yüksələn Mayk həmin mövsümü də dördüncü yerdə başa vurur. Həmin il bir sıra fərqli yarışlarda da qələbə qazanır ki, bunlardan ən əsası Nino Farina ilə birlikdə qalibi olduğu 24 saatlıq Spa marafonu olur.

Mayk növbəti mövsümdə – 1954-cü ildə təqvimə daxil olmayan və İtaliyada keçirilən bir yarışda qəzada ciddi yanıq xəsarətləri alır və çempionatda var gücü ilə çıxış edə bilmir. Lakin buna baxmayaraq mövsümü İspaniyadakı qələbə sayəsində üçüncü yerdə tamamlayır. Atasının ölümündən sonra ona miras qalan ailə biznesini idarə etməyə daha çox vaxt ayırmaq üçün Ferrari-ni tərk edərək Vanwall komandasına keçir. Lakin iki yarış sonra Skuderiyaya qayıdır.

Hotorn 1955-ci ildə 24 saatlıq Le Man marafonunun qalibi olur. Lakin bu yarış onun qələbəsi ilə yox, avtoidman tarixindəki ən böyük faciə ilə yadda qalır. Baş vermiş qəzada sürücü Pyerr Leveq və 84 azarkeş həlak olur. Qəzanın səbəbkarlarından biri də elə Maykın özü olur. Düzlükdə yüksək sürətlə gedərkən gözlənilmədən əyləcə basaraq sürətini azaldan və pit yoluna yönələn Hotornun bu manevri onun düz arxasında olan Ləns Maklini çaşdırır. Ondan yayınmağa çalışan Maklin Leveqlə toqquşur. Nəticədə Leveqin maşını yolun sağ tərəfindəki tamaşaçıların üzərinə gedir. Maklinin maşını isə zərbənin gücündən əvvəlcə yolun solundakı baryerlərə çırpılır, sonra isə yolun sağına gedir. Nəticədə həm Leveq, həm də onlarla insan həlak olur.

Le Man faciəsi

Qəzadan səkkiz saat sonra lider Mercedes ölənlərə hörmət əlaməti olaraq maşınlarını mübarizədən çıxarır. Jaguar komandası da eyni addımı atmaq istəyir, lakin sonradan imtina edir. Yarışda qalib gələn Hotorn və komanda yoldaşının qələbəni həmişəki kimi şampan partladaraq qeyd edərkən çəkilən şəkilləri mətbuatda yayılır və bu, onlara qarşı nifrət yaradır. Qəzadan sonra traslarda təhlükəsizlik standartları dəyişdirilir. Bu dəyişikliklərə qədər isə Fransa, İspaniya, İsveçrə və Almaniyada avtoyarışların keçirilməsinə qadağa qoyulur.

Hotorn həmin il də daxil olmaqla üç il ərzində bir neçə dəfə podiuma yüksəlməkdən başqa heç nə ilə yadda qalmır. 1957-ci ildə Ferrari-yə qayıdan Mayk komanda yoldaşı Piter Kollinz ilə dostlaşır. Növbə isə çempion olduğu 1958-ci ilə çatır. Hotorn Monakoda qələbəyə gedərkən motorda baş verən problemə görə yarışı saxlamalı olur, Montsada isə Toni Broksdan bir dəqiqə öndə olmasına baxmayaraq, texniki problemə görə yarışı ikinci sırada bitirir. Portuqaliya Qran Prisində isə çempionatdakı ən böyük rəqibi Stirlinq Moss ona qarşı olduqca centlmencə davranır. Həmin yarışda Hotornun diskvalifikasiya olunmasına qərar verilir. Bunun səbəbi isə onun ikinci yerdə olarkən zədələnmiş maşınını trasın maili hissəsində əks istiqamətdə saxlaması olur. Lakin Moss onun əvəzinə yarış hakimləri ilə danışır və qərarın ləğv edilməsinə nail olur. Yarışda ən sürətli dövrəni də vuraraq əlavə 1 xal alan Mayk mövsümün sonunda cəmi bir xal fərqlə Mossu üstələyərək dünya çempionu olur. Təbii ki, buna son yarışda komanda yoldaşının yavaşlayaraq yol verməsi də səbəb olur.

Hotornun bir böyrəyi əməliyyatla götürülmüşdü, 1955-ci ildə isə həkimlər ona digər böyrəyində də vəziyyətin yaxşı olmadığını, maksimum üç il ömrü qaldığını bildirmişdilər. Deyilənlərə görə, Mossun bu addımı atmasına Hotornun ömrünün sonlarında olması da təsir edib… Yaxın dostu və komanda yoldaşı Piter Kollinzin Almaniya Qran Prisində ölümü ona çox pis təsir edir və mövsümün sonunda karyerasını bitirmək qərarına gəlir.

Hotorn və Kollinz Britaniya Qran Prisindəki dublu qeyd edirlər. 1958-ci il

Hotorn, Kollinz və Mussonun ölümlərindən illər sonra Luicinin sevgilisi Fiamma Bresçi The Secret Life of Enzo Ferrari sənədli filmində üç sürücünün rəqabəti barədə ətraflı danışır. Bresçi iki britaniyalının Musso ilə olan rəqabətini antoqonizm adlandırır və onların bu rəqabətə görə yarışlarda bir çox risklərə girdiklərini bildirir. O, deyir: “Britaniyalıların (Hotornla Kollinzsi nəzərdə tutur) arasında razılıq var idi. Onlar qazandıqlarını yarı böləcəkdilər. Bu, razılaşmaya daxil olmayan Luiciyə qarşı bir addım idi. Bu isə əslində Ferrari-yə zərər vuran bir şey idi”. Bresçi bildirir ki, Luicinin həmin vaxt böyük miqdarda borcu olub və Fransa Qran Prisində qalibə veriləcək pul onun üçün çox vacib idi.

Həmin yarışdakı qəzada ağır yaralanan Mussonun yanından otelə qayıdan Bresçiyə komanda rəhbərliyi onun artıq öldüyünü xəbər verir. Bundan bir ay sonra Kollinz, altı ay sonra isə Hotorn ölür. Bu hadisələrdən sonra Bresçi rahatlıq hissini boğa bilməyib: “Hər ikisinə nifrət edirdim. Əvvəla, ona görə ki, haqlı olmağım üçün müəyyən faktlarım var idi. Həm də ona görə ki, mən hospitaldan Mussonun yanından otelə qayıdarkən onlar otelin həyətində ucadan gülür və boş pivə qutusu ilə futbol oynayırdılar. Bir müddət sonra onların ölməsi məni rahatlatmışdı. Əks təqdirdə onlara qarşı həmişə xoşagəlməz hisslərdə olar və kin bəsləyərdim. Lakin hər şey belə oldu və onlara qarşı kinim qalmadı”.

Əslində isə Mussonun ölümündən Hotornun çox təsirləndiyi bildirilir. Musso həlak olduğu yarışda pula çox ehtiyacı olduğu üçün qalib gəlmək istəyirdi və çox ehtiyatsız sürmüşdü. Musso maddi problemlə bağlı kömək üçün Kollinzə müraciət edib. Kollinz bu barədə Hotorna danışdıqda o, imtina edib. Əslində bunun eqoistlik olmadığı, qalib gələcəyi təqdirdə pulu öz uşağının anasına göndərəcəyi deyilir.

Hotornun həlak olduğu qəza

O, 1959-cü il yanvar 22-də karyerasını çempion kimi başa vurmasından  bir neçə ay sonra Londona gedərkən keçirdiyi avtomobil qəzasında həlak olur. Hadisənin baş verdiyi yer, şərait dəqiq araşdırılsa da, dəqiq səbəblər naməlum olaraq qalır. Həmin yerdə son iki ildə 15 ciddi qəza baş veribmiş. Hadisə şahidlərindən biri onun yüksək sürətlə hərəkət etdiyini bildirib. O, avtoidmanda komanda meneceri olan Rob Uolkerin idarə etdiyi Mercedes markalı avtomobili ötüb, sonra solunda olan yük maşınlarına baxarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb onu kökündən çıxarmazdan əvvəl Bedford markalı yük maşını ilə toqquşub. Zərbənin gücündən arxa oturacağa düşən Mayk ağır kəllə-beyin travması alıb.

Uolkerlə onun hadisə zamanı yarışdıqları barədə şayiələr çıxıb. 1988-ci ildə Uokler verdiyi bir müsahibədə bunu qəbul edib, lakin özünü günahkar hiss etmədiyini bildirib. Qəzanın mexaniki problem, qaranlıq, sürücü səhvi və s. kimi müxtəlif səbəbləri ola bilər. Həm də həmin vaxtlar Maykın böyrək çatışmazlığına görə görə tez-tez gözünün qaraldığı bildirilir.

Mayk heç vaxt evlənməyib, lakin Arnaud Mişel Delunayla münasibətlərindən oğlu olub. Onun irqçi olduğu, xüsusilə də, almanlara nifrət etdiyi , buna görə də heç vaxt alman maşını sürmədiyi və Mercedes-də yarışmadığı bildirilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 6. 633
Teqlər , , , , , , ,
Paylaş

logo