26 Avqust 2019, Bazar ertəsi - 06:46

Dünya çempionları: Denni Halm

Dünya çempionları: Denni Halm

Müəllif: Elçin Zodorov, redaktor

10:12 - 22 Fevral, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına bir aydan az vaxt qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat vermək qərarına gəldik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: yeni zelandiyalı yeganə dünya çempionu – Denis Kliv “Denni” Halm!

Denni Halm 1936-cı il iyunun 18-də Yeni Zelandiyanın Nelson əyalətində tütün fermerinin ailəsində anadan olub. Avtomobil idarə etməyi də elə fermanın maşınını sürə-sürə öyrənir. İlk vaxtlar atasının qucağında sükanı idarə edən Denni 6 yaşından etibarən özü sərbəst şəkildə sürür. Məktəbi bitirdikdən sonra bir qarajda işə başlayır. Yığdığı pulla yarışlara qoşulmaq üçün MG TF markalı maşın alır. Daha sonra isə atası ona nisbətən yaxşı olan MGA markalı maşın hədiyyə edir. Halm bir müddət sonra istedadlı gəncləri Avropada yarışmaq üçün göndərən proqrama seçilir və Formula Juniors-da, daha sonra da Formula2-də yarışır. 1960-cı ildə İtaliyada Formula Juniors seriyasında qalib gəlir, lakin yerli qəzetlər onun haqqında heç nə yazmırlar, ancaq Bryus MakLaren barədə məqalələr yazırlar.

Bir müddət sonra Cek Brəbhəmin komandasında mexanik kimi işə başlayır. Cek ona çox dəstək olur və yarışmasına şərait yaradır. Aşağı seriyalardakı uğurları Formula1-ə giriş qapısını açır.

FORMULA1 KARYERASI

Cek Brəbhəm və Denni Halm

 

Statistika
Yarışdığı illər1965-1974
Yarışdığı komandalarBrabham, McLaren
İştirak (Start)112 (112)
Çempionluq1 (1967)
Qələbə8
Podium33
Xal248
Poul1
Sürətli dövrə9
İlk yarışıMonako Qran Prisi, 1965-cı il
İlk qələbəsiMonako Qran Prisi, 1967-ci il
Son qələbəsiArgentina Qran Prisi, 1974-cu il
Son yarışıABŞ Qran Prisi, 1974-cü il

 

Denni Halm Brabham komandasının tərkibində Formula1-də debüt etdiyi 1965-ci ildə altı yarışa çıxır və onlardan ikisini xalla başa vurur. 1966-cı ildə ilk tam mövsümünü keçirir. Doqquz yarışdan beşini tamamlaya bilmir, finişə çatdığı bütün yarışlarda isə podiuma yüksələ bilir. Komanda yoldaşı və komandanın sahibi Cek Brəbhəmin çempion olduğu mövsümü dördüncü yerdə tamamlayır.

1967-ci ildə texniki reqlamentdə bir sıra yeniliklər olur. Komandanın maşınları Lotus maşınlarından sürətli deyildilər, lakin daha etibarlı idilər və bu da öz nəticəsini göstərdi. Monakoda Lorenso Bandininin öldüyü faciəvi yarışda ilk qələbəsini qazanır. İkinci qələbə isə “Yaşıl Cəhənnəm”də – Nürburqrinqdə qazanılır. Bu yarış onun nə qədər universal sürücü olduğunu sübut edir. Mövsümü iki qələbə, səkkiz podiumla başa vurur və Brəbhəmi üstələyərək dünya çempionu olur. Brəbhəmi məğlub etməsinin əsas səbəbi kimi yeniliklərə daha tez alışması göstərilir.

Növbəti mövsüm Brabham komandasını tərk edir və McLaren-ə keçir. Baxmayaraq ki, Şimali Amerikanın Can-Am seriyasında 1966-cı ildən bəri “Bryus və Denni şou”sunu göstərirlər, Formula1-də böyük uğurlar qazana bilmirlər. 1968-ci ili Halm iki qələbə ilə üçüncü yerdə, Bryus MakLaren isə bir qələbə ilə beşinci yerdə tamamlayır. 1969-cu ili də uğurlu adlandırmaq olmaz. Mövsümün ilk yarışlarında xallar qazansa da, sonrakı yarışları texniki problemlərə görə yarımçıq saxlamalı olur. Mövsümdəki yeganə qələbə isə ironik bir şəkildə Meksikada – əvvəlki mövsüm yarış xarici qalaraq titulunu itirdiyi yerdə qazanılır.

Denni Halm komanda rəhbəri və yaxın dostu Bryus MakLarenlə

Yeni onillik başlayır, amma Halmın şanssızlığı dəyişmir. Dostu və komandanın sahibi Bryus Maklaren Can Am-da McLaren M8D-ni test edərkən həlak olur. Bu hadisə Denniyə çox təsir edir. Həmin il başqa bir problemlə də qarşılaşır – İndianapolis 500-də məşqlər zamanı metanol qazı onun hər iki əlini yandırır. Hollandiya Qran Prisində iştirak edə bilməyən zelandiyalı sürücü hiss edir ki, Bryusa və komandasına yarışı davam etdirməyi borcludur. İl ərzində baş vermiş sadaladığımız pis hadisələrə baxmayaraq, təqdirəlayiq nəticə göstərir – dörd dəfə podiuma yüksəldiyi mövsümü dördüncü yerdə başa vurur.

1971-ci il ümidlərlə başlayır. Cənubi Afrikadakı yarışda lider gedən Halmın maşınında yaranan problem onu gerilərə salır və ancaq altıncı ola bilir. Nəticələr əvvəlki mövsümlə müqayisədə daha pis olur. İki yarışda ən sürətli dövrəni vurmasına baxmayaraq, mövsüm ərzində podiuma yüksələ bilmir və yekunda doqquzuncu olur. Növbəti mövsüm isə Cənubi Afrikada qalib gəlir. Bir çox yarışda podiuma yüksəlir, çempionatda Emerson Fittipaldi və Ceki Stüartdan sonra üçüncü olur.

Maraqlıdır ki, Denni karyerası boyunca cəmi bir dəfə poulun sahibi olub. Bu da 1973-cü ildə Cənubi Afrika Qran Prisində baş verir. O, həmin mövsüm İsveçdə dramatik qələbə qazanır. Ötürmələr qutusnda problem yaranan Fittipaldi yarışı yarımçıq saxlayır və isveçli Ronni Peterson doğma yarışında liderliyə yüksəlir. Denni daha sərt təkərlərlə yarışa davam etməyə qərar verir və təkərləri köhnəlmiş Ronnini sona bir dövrə qalmış keçərək qələbə qazanır. Mövsümü altıncı yerdə yekunlaşdırır. 1974-cü ildə dostu Piter Revsonun həlak olması Dennidə onsuz da formalaşmış Formula1-i təhlükəli olduğu üçün tərk etmək fikrini daha da gücləndirir. Argentinadakı ilk yarışda qalib gəlir. Avstriyada da ikinci olan Denni mövsüm ərzində çox ehtiyatlı sürür və yekunda karyerasını tamamlayaraq Yeni Zelandiyaya qayıdır.

Denni Halm

Karyerasını bitirdikdən sonra GPDA (Grand Prix Drivers’ Association) rəhbəri olur, lakin dürüst xarakteri ilə seçilən Denni bu postda uzun müddət qalmır. Yarışmaq istəyi onu heç vaxt tərk etmir. Həm öz vətənində, həm də Avropada müxtəlif yarışlarda iştirak edir. Hətta, son nəfəsini də yarış zamanı verir. 1992-ci il oktyabrın 4-də Avstraliyadakı məşhur və çox gözəl mənzərəsi ilə fərqlənən Mount Panorrama trasında BMW M3-lə yarışarkən infarkt keçirir. Bu ölümcül hadisə onun başına trasdakı ən böyük düzlükdə gəlir. Avtomobilin sürətini bir qədər aşağı salaraq maşını yolun sağ tərəfinə istiqamətləndirə bilir. Marşallar onun yanına çatdıqda hələ həyatda olduğunu görürlər. Lakin aparıldığı xəstəxana tərəfindən onun öldüyü rəsmən açıqlanır.

Denni Halm təbii səbəblərdən dünyasını dəyişən ilk Formula1 üzrə dünya çempionudur…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 3. 500
Teqlər , , , , ,
Paylaş

logo