DAKAR-2016 ralli marafonu başa çatıb

Argentinada Dakar-2016 ralli marafonu başa çatıb. Sonuncu qısa mərhələnin nəticəsi dörd yarış sinfindəki duruma demək olar ki, təsir etməyib...

Motosikletçilərin yarışında bu gün çilili Pablo Kvintanilla (Husqvarna) qələbə qazanıb. Finiş xəttini ikinci Honda-nın sürücüsü Kevin Benavides, üçüncü isə Yamaha-dan Elder Rodriges keçib.

Avstraliyalı Tobi Prays ümumi sıralamada birinci olmaqla karyerasında ilk Dakar mükafatını qazanıb – Tobi KTM komandasının çempionatda 15-ci ardıcıl qələbəsini təmin edib.

Kvadrosikllərin yarışı da bu gün sakit keçib. Ümumi hesabın liderləri – Patronelli qardaşları mərhələni çox ehtiyatla qət ediblər. Finiş xəttini birinci Brayan Baraquanat keçib.

Markos Patronelli qardaşı Alexandronu 5 dəqiqədən çox qabaqlayaraq Dakardakı qələbələrinin sayını üçə çatdırıb. Baraquanat bugünkü qələbəsinin sayəsində üçüncü yerə yüksəlib. Qeyd edək ki, ilk beş yeri tutan sürücülər Yamaha komandasını təmsil ediblər.

Avtomobillərin yarışı bu gün klassik rallini xatırladıb – sonuncu mərhələdə Peugeot-nun sürücüsü Sebastyen Löb fərqlənib, MİNİ-nin sürücüsü Mikko Hirvonen ona 1 dəqiqə uduzub. MİNİ-nin keçənilki çempionu Nasser əl-Attiya günü üçüncü yerdə başa vurub.

Stefan Peteransel bu gün 13-cü olsa da, marafonda inamlı qələbə qazanıb. Beləliklə, fransalı sürücü Dakardakı qələbələrinin sayını 12-yə çatdırıb – bu qələbələrdən yarısı motosiklet, yarısı isə avtomobil yarışlarında qazanılıb. 50 yaşlı Stefan ralinin rekordlarını yazmaqda davam edir – xatırladaq ki, Dakarda ilk qələbəsini 25 il əvvəl qazanmışdı.

Qətərli Nasser əl-Attiya Peteranselə 35 dəqiqə uduzaraq bu il titulunu qoruya bilməyib. 2009-cu ilin çempionu Jinel de Vilyers Toyota ilə bu dəfə 3-cü yerlə kifayətlənib.

Yük maşınlarının yarışında sonuncu mərhələni MAN komandası qazanıb – Hans Steysi finişdə komanda yoldaşı Piter Versluisi qabaqlayıb. KamAZ-ın sürücüsü Eduard Nikolayev bu gün üçüncü olub.

Ümumi hesabda isə Jerar de Roy birincilik əldə edib. İVECO-nun sürücüsü keçənilki qalib Ayrat Mardeyevi 1 saat qabaqlaya bilib. Jerarın komanda yoldaşı Villaqra üçüncü olub…

, , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*