Da Koşta Mərakeşdə poul qazanıb

Poulun taleyini saniyənin yüzdə yeddisi həll edib, çempionatın lideri Mitç Evans isə mənasız səbəbə görə nəticə göstərə bilməyib - damalı bayraq dalğalanana kimi sürücü sadəcə sürətli dövrəyə yollana bilməyib. 

F-1.az bildirir ki, Antonio Feliks da Coşta bu gün Mərakeşin paytaxtında davam edən Formula E mərhələsində poul qazanıb. Portuqaliyalı pilot əvvəlcə birinci seçmə qrupdakı rəqiblərindən daha sürətli olub, sonra isə superpoulda ən yaxşı izləyicisini 0.07 saniyə üstələyib.

Hazırda ümumi hesabda üçüncü yeri tutan sürücü özü və DS Techeetah komandası üçün həm bu mövsümdə, həm də Mərakeşdə ilk polunu qazanıb. Ancaq xatırlatmaq yerinə düşər ki, Marakeşdə indiyə qədər baş tutan yarışlarda poulun sahibi heç bir zaman qələbəyə sevinməyib.

Poul uğrunda mübarizədə da Koştanın əsas rəqibi Maksimilian Günter olub: həlledici dövrəsində almaniyalı sürücü ikinci sektoru hamıdan sürətli olsa da, son sektorda bir neçə nəzərəçarpan səhvi üzündən ikinci yerlə kifayətlənməli olub. BMW-nin gənc sürücüsü qrup mərhələdə ən sürətli dövrəsi üçün artıq bir xalını alıb. Maks ikinci seçmə qrupdan superpoula vəsiqə qazanıb – onunla birlikdə bu qrupdan daha üç sürücü növbəti mərhələyə keçib. Superpoulda 3-cü sektorun rekorduna imza atmış Andre Lotterer də bu qrupdan çıxıb – yekunda almaniyalı sürücü həmyerlisinə cüzi uduzaraq 3-cü olub.

Çempionatın lideri Mitç Evans isə sıralanma turunun anti-qəhrəman olub. İlkin mərhələdə Jaguar komandasının sürücüsü damalı bayrağa qədər sürətli dövrəyə başlaya bilməyib – yəni heç bir nəticə göstərməyib və yarışa son mövqedən başlayacaq. Xatırladaq ki, Evansın ümumi hesabda ən yaxın izləyicisi BMW-dən Aleksander Simsdən üstünlüyü hazırda cəmi bir xaldır.

Mərakeşdəki yarış bu gün keçiriləcək – start Bakı vaxtı ilə saat 18:00-a planlaşdırılıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*