Çin-2018: Yarış

Sebastyan Fettel Çinə ilk iki yarışda əldə etdiyi maksimum nəticə ilə gəlib. Düzdür, alman sürücü Avstraliya və Bəhreyndə keçən il də qalib gəlmişdi, lakin Şanxayda Mercedes əlçatmaz olmuşdu. Bu həftəsonuna da "gümüşü oxlar" yaxşı başlayıblar, lakin şənbə günündən etibarən qüvvələr nisbəti dəyişib...

F-1.az xatırladır ki, cümə günü hər iki sərbəst yürüşdə protokollara Lyuis Həmilton başçılıq etmişdi, lakin şənbə günü havanın daha da soyuması Mercedes-in əleyhinə işləmiş, Ferrari sürücüləri üstün olmuşdular. Sıralanma turunda da Mercedes gözlənilmədən əsas rəqibinə uduzmuş, son cəhddə səhvə yol verməyən Fettel komanda yoldaşını üstələyərək 52-ci poulunu qazanmışdı. Yarışa Ferrari sürücüləri birinci, Mercedes sürücüləri ikinci, Red Bull sürücüləri isə üçüncü cərgədən başlayıblar.

Pirelli Şanxaya Medium və Soft təkərlərlə yanaşı, UltraSoft təkərləri gətirərək maraqlı seçim edib. İlk onluqdan Ferrari və Mercedes sürücüləri Soft, digərləri isə UltraSoft təkərlərlə start alıblar.

Startda Fettel yerini qoruya bilib, lakin komanda yoldaşına bir qədər mane olub və bunun nəticəsində Bottas ikinciliyə yüksəlib. Təkər üstünlüyünə sahib Ferstappen Həmilton və Rəykköneni üstələyib. 2-ci dövrədə ilk onluq: Fettel – Bottas – Ferstappen – Rəykkönen – Həmilton – Rikkardo – Hülkenberq – Sayns – Qrojan – Maqnussen.

Fettel fərqi bir qədər artırıb. Vandorn Sirotkini qabaqlayıb. Komandanın xahişi ilə Qrojan  Maqnusseni, Hartli isə Qaslini önə buraxıb. Hər iki halda komanda yoldaşları müxtəlif strategiyalarda olublar. 11-ci dövrədə Hartli pit-stop edən ilk sürücü olub. Növbəti üç dövrədə Okon, Sayns, Peres, Hülkenberq də pit yoluna üz tutublar. Qrojan 17-ci dövrədə təkərlərini dəyişib, Red Bull isə 18-ci dövrədə hər iki sürücüsünü pit-stopa çağırıb.

Növbəti dövrədə Həmilton boksa yollanıb. Bottas 20-ci, Fettel isə 21-ci dövrədə təkərlərini dəyişiblər. Bir dövrə tez edilən pit-stop hesabına Valtteri Sebastyanı qabaqlayıb. Ferrari Rəykköneni trasda saxlayıb. Bottas 27-ci dövrədə onu keçib. Kimi dərhal komanda yoldaşına yol verib və növbəti dövrədə təkərlərini dəyişib. 28-ci dövrədə ilk onluq: Bottas – Fettel – Ferstappen – Həmilton – Rikkardo – Rəykkönen – Alonso – Hülkenberq – Sayns – Maqnussen.

Lekler 29-cu dövrədə çınqıllığa düşüb, lakin trasa qayıdaraq yarışa davam edə bilib. Növbəti dövrədə Alonso və Sirotkin pit-stop ediblər. 31-ci dövrədə Toro Rosso sürücüləri toqquşsalar da, yarışa davam edə biliblər. Stüardlar Qasliyə 10 saniyəlik cəza veriblər. İnsident nəticəsində asfaltda qırıntılar olduğundan, Təhlükəsizlik Maşını trasa daxil olub. Red Bull dərhal hər iki sürücüsünü pitə çağıraraq qələbənin əsasını qoyub. Hülkenberq, Sayns, Okon, Qasli həmin dövrədə, Peres və Sirotkin isə növbəti dövrədə təkərlərini dəyişiblər. TM arxasında ilk onluq: Bottas – Fettel – Həmilton – Ferstappen – Rəykkönen – Rikkardo – Maqnussen – Hülkenberq – Qrojan – Alonso.

Restart 35-ci dövrədə verilib, Bottas liderliyini davam etdirib. Alonso dərhal Qrojanı keçib, komanda yoldaşı Vandorn isə Okona keçilib. İki dövrə sonra Rikkardo yeni təkərlərdən istifadə edərək Rəykköneni qabaqlayıb. Ferstappen Həmiltonu keçməyə cəhd edib, lakin toqquşmadan yayınmaq üçün asfaltdan çıxmağa məcbur olub və yer itirib. Həmilton bu dəfə də Rikkardonun təzyiqlərinə məruz qalıb. Avstraliyalı sürücü onu da keçərək üçüncülüyə yüksəlib. Ferstappen yenidən Həmiltona hücum edib və bu dəfə onu ötməyə nail olub. Rikkardo isə 42-ci dövrədə Fetteli də üstələyərək ikinci olub.

44-cü dövrədə Ferstappen Fettelə aqressiv hücum edib və toqquşma baş verib. Hər iki sürücü yer itirərək yarışa davam edib. Stüardlar Ferstappenin nəticəsinə 10 saniyə əlavə olunacağını elan ediblər. 45-ci dövrədə Rikkardo gözlənildiyi kimi, təkərləri xeyli yeyilmiş Bottası da asanlıqla qabaqlayaraq liderliyə yüksəlib. 46-cı dövrədə ilk onluq: Rikkardo – Bottas – Rəykkönen – Həmilton – Ferstappen – Hülkenberq – Fettel – Maqnussen – Alonso – Sayns.

Ferstappen 48-ci dövrədə Həmiltonu növbəti dəfə ötüb. Hartli 53-cü dövrədə mexaniki problemlərə görə mübarizəni dayandırıb. Rəykkönen Bottasa xeyli yaxınlaşıb, lakin hücum imkanı əldə etməyib. Alonso yeddincilik uğrunda mübarizədə tempini xeyli itirən Fetteli keçib.

Daniel Rikkardo mövsümdə ilk, karyerasında altıncı qələbəsini qazanıb. Valtteri Bottas yarışı ikinci, Kimi Rəykkönen isə üçüncü yerdə başa vurub. Həmilton dördüncü olaraq çempionatda Fettellə arasındakı xal fərqini xeyli azaldıb. Mercedes ilk üç yarışı qələbəsiz başa vursa da, Mühəndislər Kubokunda liderliyə yüksəlib.

Mövsümün ilk üç yarışı geridə qalıb. Növbə isə Bakıda üçüncü dəfə baş tutacaq yarışdadır. Azərbaycan Qran Prisindən bizi sadəcə 2 həftə ayırır!

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 3 Daniel Rikkardo Red Bull 1:35:36.380 2
2 77 Valtteri Bottas Mercedes AMG + 0:08.894 1
3 5 Kimi Rəykkönen Ferrari + 0:09.637 1
4 44 Lyuis Həmilton Mercedes AMG + 0:016.985 1
5 33 Maks Ferstappen Red Bull + 0:020.436 2
6 27 Niko Hülkenberq Renault + 0:021.052 2
7 14 Fernando Alonso McLaren + 0:030.639 1
8 5 Sebastyan Fettel Ferrari + 0:035.286 1
9 55 Karlos Sayns Renault + 0:035.763 2
10 20 Kevin Maqnussen Haas + 0:039.594 1
11 31 Esteban Okon Force İndia + 0:044.050 2
12 11 Serxio Peres Force İndia + 0:044.725 2
13 2 Stoffel Vandorn McLaren + 0:049.373 1
14 18 Ləns Stroll Williams + 0:055.490 1
15 35 Sergey Sirotkin Williams + 0:058.241 2
16 9 Markus Eriksson Sauber + 1:02.604 1
17 8 Roman Qrojan Haas + 1:05.296 1
18 10 Pyer Qasli Toro Rosso + 1:06.330 2
19 16 Şarl Lekler Sauber + 1:22.575 1
20 28 Brendon Hartli Toro Rosso 2

 

Sürətli dövrə: Daniel Rikkardo (Red Bull) – 1:35.785 (55-ci dövrə, 204.871 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRAN:

Sürücü Komanda Dövrə Səbəb
Brendon Hartli Toro Rosso 52 mexaniki problem

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

 

Yer N Sürücü Ölkə Komanda Xal
1 5 Sebastyan Fettel Scuderia Ferrari 54
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 45
3 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 40
4 3 Daniel Rikkardo Aston Martin Red Bull Racing 37
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 30
6 14 Fernando Alonso McLaren F1 Team 22
7 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 22
8 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 18
9 10 Pyer Qasli Red Bull Toro Rosso Honda 12
10 20 Kevin Maqnussen Haas F1 Team 11
11 2 Stoffel Vandorn McLaren F1 Team 6
12 55 Karlos Sayns Renault Sport Formula 1 Team 3
13 9 Markus Eriksson Alfa Romeo Sauber F1 Team 2
14 31 Esteban Okon Sahara Force İndia F1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas Motorsport Mercedes 85
2 Scuderia Ferrari Ferrari 84
3 Aston Martin Red Bull Racing Renault 55
4 McLaren F1 Team Renault 28
5 Renault Sport Formula 1 Team Renault 25
6 Red Bull Toro Rosso Honda Honda 12
7 Haas F1 Team Ferrari 11
8 Alfa Romeo Sauber F1 Team Ferrari 2
9 Sahara Force İndia F1 Team Mercedes 1
, , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*