Buemidən rekord – 16-cı poul

Bu gün Berlində köhnə Tempelhof aeroportunun parkinq sahəsində salınmış süni trasda elektrik maşınların Formula E çempionatının növbəti mərhələsində ilk sıralanma turu keçirilib.

F-1.az xəbər verir ki, sürücülər əvvəlcə iki qrupda mübarizəyə başlayıblar. Hazırda turnir cədvəlindəki mövqelərə görə (tək yerlər bir qrupa, cüt yerlər digər qrupa) təşkil olunmuş qruplarda mübarizə gərgin alınıb.

A qrupunda son çempion Stoffel Vandorn protokollara başçılıq edib. Ondan başqa Envision komandasının hər iki sürücüsü (Sebastyen Buemi və Nik Kəssidi) və Serxio Sette Kamara ilk dördlüyü tamamlayıblar. Mövsümün lideri Paskal Verlyayn və son yarışın qalibi Mitç Evans, eləcə də dünya çempionu Antoniu Feliks da Koşta mübarizədən kənar qalıblar. Bu qrupda ilk 10 sürücü yarım saniyəyə yerləşib.

B qrupunda protokollara Səm Börd başçılıq edib – Maksimilian Günter, Dən Tiktum və Ceyk Dennis ilk dördlüyü tamamlayıblar.

Pley-off mərhələsində bu dəfə dəyişiklik edilib və indi qrup daxilindəki ilk dördlük qarşılaşır. Ona görə də əvvəlcə A qrupundan eyni komandanı təmsil edən Buemi və Kəssidi qalibi müəyyən ediblər – təcrübə öz sözünü deyib və fransalı sürücü qalib gəlib. Digər qarşılaşmada isə Vandorn Kamaranı üstələyib.

B qrupunun sürücüləri arasında əvvəlcə Tiktum Günteri, daha sonra isə Börd Dennisi məğlub edərək yarımfinala yüksəliblər.

İlk yarımfinalda keçmiş çempionlar qarşılaşıblar və Buemi Vandornu ardıcıl ikinci dəfə finala çıxmağa qoymayıb. İki britaniyalının mübarizəsində isə Börd qalib gələrək finala yüksəlib.

Finalda Buemi 9-10-cu döngələr ardıcıllığında səhvə yol versə də, finişdə rəqibini qabaqlaya bilib və çempionat tarixində rekord – 16-cı poulunu qazanıb.

Keçən həftə Portuqaliyada Toyota ilə qələbə qazanmış isveçrəli sürücünün bir neçə gün öncə 3-cü oğlu da dünyaya gəlib. Deyəsən, aprel ayı sürücüyə düşərlidir.

Sonda qeyd edək ki, ilk cərgədən start alacaq hər iki sürücünün maşınında Jaguar güc qurğusu çalışır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*