Brawn GP-nin rəqibləri diffuzorların qeyri-qanuniliyinə əmindirlər

Ferrari, Red Bull, Renault və BMW Sauber komandaları tam əmindirlər ki, Brawn GP, Williams və Toyota maşınlarında quraşdırılmış ikimərtəbəli diffuzorlar […]

Ferrari, Red Bull, Renault və BMW Sauber komandaları tam əmindirlər ki, Brawn GP, Williams və Toyota maşınlarında quraşdırılmış ikimərtəbəli diffuzorlar texniki reqlamentə uyğun deyillər. FİA-nın Apelyasiya Məhkəməsinin bugünkü iclasında Ferrari-ni təmsil edən vəkil Naycel Totsi bildirib ki, cavabdeh komandalar cari texniki reqlamentin mükəmməl olmamasından istifadə ediblər…

Naycel Totsi: “İngilis dilini başa düşən hər bir şəxs deyə bilər ki, reqlamentdə zəif yerlər var, ona görə də sözləri hiyləgərcəsinə yoza bilən insanlara bu qaydaların mahiyyətini dəyişməyə icazə vermək olmaz. Biz protesti ona görə qaldırmamışıq ki, bu cür yozumdan istifadə etməmişik, ona görə ki, Brawn, Toyota və Williams reqlamenti pozaraq fəaliyyət göstəriblər.”

Renault-nun nümayəndəsi Əndryu Ford deyib ki, əslində FİA bu diffuzorların qeyri-leqallığını elan edib və məhz buna görə də fransız komanda bundan istifadə etməyib…

Əndryu Ford: “Söhbət onda deyil ki, niyə Ross Braunun dediyi kimi Renault belə elementlər fikirləşməyib, söhbət ondadır ki, federasiya belə elementi bizə qadağan etmişdi. Məhz buna görə də biz belə bir elementdən imtina etməli olduq.”

Əgər məhkəmə protestantların arqumentləri rədd edərsə, onda Brawn GP çox güman ki, bir neçə yarış öz üstünlüyünü qoruyub saxlayacaq və komanda başçısı Ross Braun hələlik nikbin görünür…

Ross Braun: “100% əmin olmaq mümkün deyil. Amma ümid edirəm ki, ağıl hər şeydən üstün olacaq və məhkəmə bizim reqlamentə uyğun olduğumuz barədə qərar qəbul edəcək, deməli hər şey olduğu kimi qalacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*