Belçika Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +40° C Son iki ildə Spada sıralanma turu nəm trasda baş tuturdu, […]

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +40° C

Son iki ildə Spada sıralanma turu nəm trasda baş tuturdu, bu dəfə də komandalar və Pirelli erkən payıza ümid edirdilər, amma yayın ortasına düşüblər – artıq bu gün səhər məşqlərində asfaltın temperaturu +30 dərəcəni aşıb, sıralanma turuna isə +40 dərəcəyə çatıb. Quru tras, zəif külək, buludsuz səma – yay tətilindən sonra qüvvələr nisbətini dəyərləndirmək üçün əla şans olub…

Dünənki məşqlərdə Niko Rosberq liderlik edib, bu gün səhər isə Lyuis Həmilton rəqibini yarım saniyə üstələyib. Pirelli Spaya orta təkər cütlüyünü gətirib – yumşa Soft asfaltla yaxşı ilişmə tmin edib, amma tez yeyilib. Dünən Rosberqin maşınında arxa sağ Soft təkər partlayıb. Pirelli araşdırma aparıb və bu gün səhər elan edib ki, partlayış səbəbi kənar təsir və ya yad element olub.

Spada sıralanma turu prinsipial əhəmiyyət daşımır, trasda ötmək imkanı kifayət qədərdir, son 10 ildə isə cəmi 3 dəfə pouldan start alan sürücü finişdə qələbəyə sevinib – sonuncu dəfə belə sürücü 2012-ci ildə Censon Batton olub. Bu həftəsonundan başlayaraq FİA start prosedurlarına da yenilik tətbiq edib – sabah yarışın startında sürücülər mühəndislərdən heç bir yardım ala bilməyəcəklər. Ona görə də sıralanma turunda uğursuz çıxış etmək ilk döngələrdə insidentlərə düşmək riskini artırırdı.

McLaren komandası dünən və bu gün səhər hər iki maşında güc qurğularını dəyişib – bütün cərimələri Spada qazanan komanda mövsümün sonunadək bu iki motoru işlətməyə ümid edir. Komandanın sürücüləri iki nəfərə 105 yer itirmək cəzası alıblar!

Sıralanma turuna sürücülər ağ təkərlərlə başlayıblar, amma sonra yalnız Mercedes AMG komandasının sürücülərindən başqa hamı sarı təkərlərə keçib. Buna baxmayaraq, protokollara Həmilton başçılıq edib – 1:48.908. Mübarizəni isə Manor və McLaren sürücüləri ilə birlikdə Felipe Nasr dayandırıb.

İkinci sessiyada isə hamı sarı təkərlərə keçib. İlk cəhdində Rosberq Həmiltondan sürətli olub – 1:47.955. Sessiyanın sonuna 8 dəqiqə qalmış qırmızı bayraqlar dalğalanıb – Kimi Rəykkönenin maşının 14-cü və 15-ci döngələr arasında dayanıb. Marşallar cəld maşını təhlükəsiz yerə itələyiblər və tezliklə mübarizə davam edib. Ferstappen də mübarizəyə qoşulmayıb – 10 yer itirmək cəzası alan sürücü təkərlərə qənaət etməyə üstünlük verib.

Rosberqin nəticəsini yaxşılaşdıran olmayıb. Yuxarıda adı çəkilən iki sürücüdən başqa Hülkenberq, Kvyat və Erikson da mübarizəni dayandırıblar. Mercedes AMG sürücülərindən sonra 8 sürücü cəmi 0.3 saniyəyə yerləşib – son sessiyada mübarizə daha gərgin olmalı idi!

Peres və Sayns ilk cəhdinə çıxmayıblar, digər sürücülər isə trasa çıxıblar. Həmilton adını protokolların zirvəsinə yazıb – 1:47.449. Rosberq sonuncu sektorda səhvə yol verib, ikinci nəticə göstərib. Üçüncü olan Bottas 1 saniyədən çox uduzub.

Sessiyanın sonunda isə bütün sürücülər bir daha trasa çıxıblar. Son cəhdində Lyuis nəticəsini bir qədər də yaxşılaşdırıb – 1:47.197 və Rosberqi yarım saniyə qabaqlayıb.

Lyuis Həmilton karyerasında 48-ci, mövsümdə 10-cü və ardıcıl 6-cı poulunu qazanıb. Sabah Rosberq onunla bir cərgədən start alacaq. İkinci cərgədən isə Bottas və Peres start alacaqlar – Qrojan isə 5 yer itirməklə cəzalanıb: fransalı sürücünün maşınında ötürmələr qutusu vaxtından əvvəl dəyişdirilib.

Hava proqnozu isə yüksək ehtimalla sabah yarışın sonuna yağış vəd edir. F-1.az xatırladır ki, Belçikada onsuz da maraqlı olan Formula1 yarışı yağışda daha maraqlı olur!

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 L.Həmilton Mercedes AMG Mercedes 01 1:48.908 02 1:48.024 1:47.197
02 N.Rosberq Mercedes AMG Mercedes 02 1:48.923 01 1:47.955 1:47.655 + 0.458
03 V.Bottas Williams Mercedes 04 1:49.026 09 1:49.044 1:48.537 + 1.340
04 R.Qrojan Lotus Mercedes 08 1:49.353 07 1:48.981 1:48.561 + 1.364
05 S.Peres Force İndia Mercedes 03 1:49.006 04 1:48.792 1:48.599 + 1.402
06 D.Rikkardo Red Bull Renault 13 1:49.664 08 1:49.042 1:48.639 + 1.442
07 F.Massa Williams Mercedes 14 1:49.688 05 1:48.806 1:48.685 + 1.488
08 P.Maldonado Lotus Mercedes 12 1:49.568 06 1:48.956 1:48.754 + 1.557
09 S.Fettel Ferrari Ferrari 06 1:49.264 03 1:48.761 1:48.825 + 1.628
10 K.Sayns Toro Rosso Renault 05 1:49.109 10 1:49.065 1:49.771 + 2.574
11 N.Hülkenberq Force İndia Mercedes 10 1:49.499 11 1:49.121
12 D.Kvyat Red Bull Renault 09 1:49.469 12 1:49.228
13 M.Erikson Sauber Ferrari 11 1:49.523 13 1:49.586
14 K.Rəykkönen Ferrari Ferrari 07 1:49.288 14
15 M.Ferstappen Toro Rosso Renault 15 1:49.831 15
16 F.Nasr Sauber Ferrari 16 1:49.952
17 C.Batton McLaren Honda 17 1:50.978
18 F.Alonso McLaren Honda 18 1:51.420
19 U.Stivens Manor Ferrari 19 1:52.948
20 R.Merhi Manor Ferrari 20 1:53.099
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*