Aston Martin AMR26-nın ikinci versiyasını Macarıstana hazırlayır

Fernando Alonso son vaxtlar dəfələrlə bildirib ki, bütün ümidlərini ilin ikinci yarısına bağlayır, o vaxt Aston Martin AMR26 maşınının radikal modernizasiyasını tamamlayacaq və onun ikinci versiyasını - “B spesifikasiyasını” təqdim edəcək.

Rəsmi məlumat olmasa da, Motorsport Italia-nın yazdığına görə, komanda bu maşını Macarıstandakı çempionat mərhələsinə hazırlamağı planlaşdırır. O, ilkin versiyadan yalnız bir sıra yenilənmiş aerodinamik elementlərlə fərqlənməyəcək – Aston Martin-ə yaxın mənbələrin məlumatına əsasən, indiki maşından yalnız ön asılqan qalacaq.

Qalan hissə Adrian Newey-in rəhbərliyi və onun şəxsi nəzarəti altında tamamilə yenidən işlənəcək. O və onun konstruktorlar komandası AMR26-nın ayrı-ayrı çatışmazlıqlarını aradan qaldırmağa cəhd etməkdənsə, uğursuz şassinin konstrukiyasını köklü şəkildə yenidən nəzərdən keçirməyə qərar veriblər.

Paralel olaraq yapon mühərrikçilər – Honda Racing Corporation (HRC) – öz güc qurğusunu modernləşdirirlər; onun daxiliyanma mühərriki hələ ki digər istehsalçıların mühərriklərinə güc baxımından uduzur və fərq, demək olar ki 10%-ə çatır.

Yeri gəlmişkən, dünən HRC prezidenti Koyci Vatanabe möcüzə gözləmək lazım olmadığını bildirmişdi. Buna baxmayaraq, Sakurada da, Silverstounda da maksimum intensiv iş gedir və komanda ilə mühərrikçilər güc qurğusunun və şassinin orqanik inteqrasiyasına xüsusi diqqət yetirirlər – məhz bu sahədəki problemlər indiki maşının bir çox çatışmazlıqlarına səbəb olur.

Macarıstan Qran Prisinə bir aydan bir az artıq vaxt qalıb və AMR26B-nin debütü artıq çox da uzaqda deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*