2027-ci ildə Williams üçün artıq daha asan olacaq

Williams komandasının rəhbəri Ceyms Vaulz FİA-nın Zandfortda keçirdiyi mətbuat konfransında, o cümlədən komandasının 2027-ci ildə necə hərəkət etməyi planlaşdırdığından və bu mövsüm düşdüyü böhranlı vəziyyətdən necə çıxacağından danışıb.

Ceyms Vaulz: “Hazırkı problemlər məqsədyönlülüyün və ya gördüyümüz işə sevginin azlığı ilə bağlı deyil, amma onlar birmənalı şəkildə komandanın kifayət qədər səmərəli işləməməsi ilə izah olunur və daha yaxşı olmaq üçün biz bu problemi həll etməliyik…

Biz hələ də geri tərəfik, bu vəziyyətə isə hələ qışdan qarşımıza çıxan bütün çətinliklər ucbatından düşmüşük və bütün bunlar çox məyusedicidir. Amma düşünürəm ki, gələn il bizə ən azı ona görə daha asan olacaq ki, 2027-ci ildə çox məsələdə bu il başladığımız işi davam etdirəcəyik.

Biz artıq qüvvədə olan reqlamentin xüsusiyyətlərini anlayırıq və əldə etdiyimiz təcrübəni nəzərə alaraq növbəti mövsüm üçün yeni şassi hazırlayırıq, bu da bütün sistemimizin üzərindəki yükü xeyli dərəcədə azaldır.

Amma reqlamentə düzəlişlər davam edir və mənim ən böyük sualım da budur: belə çıxır ki, reqlamentdəki hər dəyişiklikdən ilk növbədə bütün sistemləri artıq qurulmuş və yaxşı şəkildə sazlanmış komandalar faydalanır, nəticələrdə artan fərq də məhz bununla izah olunur?

Düşünürəm ki, qarşıdakı iki-üç ildə komandamıza qoşulan əla mütəxəssislərin sayəsində – məsələn, Pirs Tinn, amma mən təkcə onu nəzərdə tutmuram – biz doğrudan da yeni maşınları vaxtında hazırlaya, büdcəyə sığa və modernləşmənin tələb olunan tempini qoruya biləcəyik.

Amma qalan komandalar da inkişaf edəcək və irəliləyəcək. Ümid edirəm, bir neçə ildən sonra rəqiblər etiraf edəcəklər ki, Williams tərəfindən real təhlükə gəlir, lakin məncə, hələlik çempionluğu qazanmaq perspektivindən danışmaq çox tezdir. İlk növbədə biz öz problemlərimizi həll etməliyik”.