Tribunalarda anşlaq gözlənilir

Avtoidmanın zirvəsi sayılan Formula1-in Bakı küçələrinə qayıtmasına düz bir ay qalıb.

F-1.az xəbər verir ki, iyunun 10-12-də keçiriləcək Azərbaycan Qran Prisi builki mövsümün ən həyəcanlı və gözlənilməz yarışına azarkeşləri qəbul edəcək Bakı Şəhər Halqası sonuncu hazırlıqlarını tamamlayır.

İkiillik fasilədən sonra tribunalara yenidən qayıdan azarkeşlər builki yarışa xüsusi rəng qatacaqlar. Həyəcanlı mübarizə ilə yanaşı azarkeşlər həftəsonu Bakının Dənizkənarı Milli Parkı boyunca uzanan əyləncə zonalarını da kəşf edəcəklər. Nəhayət ki, azarkeşlərin gözlədiyi avtoqraf sessiyaları və pit yolu gəzintisi onlara F1 super ulduzları və komandalarını yaxından görmək imkanı yaradacaq.

2016-cı il debütündən bəri dünya sürət azarkeşlərinin sevimlisinə çevrilən Bakı Şəhər Halqası avtoidman tarixində ən yaddaqalan və dramatik yarışlara ev sahibliyi etməklə dünyanın aparıcı F1 pilotlarını sınaq qarşısında qoyur. Yarış bolidlərinin 366 km/saat sürətlə rekord həddə çatdığı, 2 km uzunluğunda düzlüyü və UNESCO-nun mədəni irs nümunəsi İçəri Şəhər Qala divarları qarşısından keçərək dar yolları aşan, dolama döngələri ilə tanınan Bakı Şəhər Halqası qısa müddət ərzində bugünkü F1 təqvimində ən çətin traslardan biri kimi öz yerini təsdiqləyib.

Bakı trasıda heç bir pilot iki dəfə qalib gəlməyib, arxada qalan beş yarışda beş fərqli qalib qeydə alınıb.

Bu il də ötən illərdə yaşanmış gözlənilməz anlar, rəqabət doğuran və saysız-hesabsız həyəcanlı hadisələr Bakı yarışında istisna olunmur. Təsadüfi deyil ki, 2021-ci ildə finiş xəttinə 5 dövrə qalmış Maks Ferstappenin qəzaya uğraması, Lyuis Həmiltonun restartda ona baha başa gələn səhvi Red Bull komandasının pilotu Serxio Peresin qələbəsinə təkan vermiş olmuşdu.

Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov çoxdandır gözlənilən F1-in Bakıya tam qayıtmasını xüsusilə qeyd edib.

Arif Rəhimov: “Bütün biletlərin alınacağına ümid edir, azarkeş izdihamını qarşılamağa səbirsizlənirik. Beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. Formula1 azarkeşləri bu yarışı qaçırmamalıdırlar. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir!”

Formula1 yarışına əlavə olaraq, azarkeşlər Lyuis Həmilton, Şarl Lekler, Corc Rassell və Lando Norris kimi Formula1 ulduzlarını yetişdirən, olduqca populyar Formula2 seriyasının geridönüşündən də həzz ala bilərlər.

Builki Azərbaycan Qran Prisi Bakı küçələrində daha bir möhtəşəm rəqabətə hazırlaşır. Əvvəlki qaliblərdən hər hansı biri tilsimi qıraraq təkrar qalib ola biləcəkmi? Bu suala məhz iyunun 12-də cavab tapacağıq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*