14 Dekabr 2018, Cümə - 09:32

T.Volff: “Qaydalar dəyişməməlidir”

T.Volff: “Qaydalar dəyişməməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

15:05 - 19 Aprel, 2016

Mercedes Motorsport-un direktoru Toto Volff 2016-cı il mövsümünün maraqlı başlanmasından sonra bildirib ki, Formula1-in gələn il gətirəcəyi yeni qaydalar böyük səhv olar.

F-1.az xatırladır ki, Formula1-in üçüncü turbo ilində bolidlərin sürətləri və performansları bir-birinə yaxınlaşıb. Yeni təkər qaydasından sonra strategiya bolluğu əmələ gəlib və bu hal yarışları daha da maraqlı edir.

Bundan başqa həm güc, həm də asfalta ilişmənin inkişafı bolidlərin tək dövrədə sürətini artırıb.

Bütün bunlara baxmayaraq, gələn il bolidlərin asfalta ilişməsini artırmaq istəyirlər. Komandalar isə bu dəyişiklikdən sonra ötmələrin azalacağından qorxurlar.

Çindən sonra Toto Volff bu barədə danışıb: “Yeni qaydalarda bəyəndirmək üçün nəsə yoxdur. Yeni qaydaların bəyəniləcək bir tərəfi yoxdur.

Məncə, biz yeni qaydalara keçməməliyik. Bəlkə bu bizim əleyhimizə işləyəcək, çünki keçənilki üstünlüyümüz yoxdur, amma yarışlar mükəmməldir və qaydaları dəyişməsək, daha da mükəmməl olacaq”.

Bildiyiniz kimi, Mercedes AMG komandası turbo erasının ən uğurlu komandasıdır. Ona görə də, almanlar bu qaydaların dəyişdirilməsini istəməyə bilərlər.

Amma Volff qaydaların dəyişdirilməməsini komandası üçün faydalı saymır. Volff düşünür ki, bu hal rəqiblərin Mercedes-ə çatması üçün əla fürsətdir.

Volff inanır ki, 2017-ci ildəki yeni qaydalardan sonra yenidən hansısa böyük bir markanın hegemonluğu başlayacaq: “Bizim iki ildir çempion olub, çoxlu yarış qazanmağımız F1 idarəçilərinin xoşuna gəlməyə bilər, ancaq qaydalar nə qədər stabil qalsa, komandalar arasındakı fərq o qədər azalacaq. Hazırda biz bunu görürük.

Komandalar da, mühərrik gücləri də bir-birinə yaxınlaşır. Biz dağın təpəsinə çıxdıqca, daha az irəli gedirik. Arxadakılar isə daha böyük addımlar atırlar. Məncə, gözəl yarışlar izləmək üçün ən yaxşı vəziyyətdəyik”.

2017-ci ildən etibarən yenilənəcək aerodinamik qaydalar hələ də qüvvədədir, ancaq komandalar səsvermə ilə bu qaydanı rədd edə bilərlər.

Paddokda Volffun fikirləri dəstəklənmir və digər komandalar inanır ki, qaydalar dəyişsə, onlar qələbə uğrunda mübarizə apara bilərlər.

Toto Volff: “İlk üç yarış maraqlı keçdi. Amma hələki qaydaların yaxşı olduğunu deyib, qərar verə bilmərik.

Qaydalar dəyişəcək. Biz və ya başqa bir komanda yenə də qələbələri sıralayacaq, çünki qaydalar buna uyğundur. Hər şey sıfırdan başlayacaq.

Asfalta ilişmə artacaq və bu təkcə dövrə zamanlarına təsir etməyəcək. Maşının arxasında hava burulğanları artacaq və bu da ötmələri çətinləşdirəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 196
Teqlər ,
Paylaş

logo